“Kooperativ binaların öz balansında olan su anbarları var. Bu su anbarları mütəmadi yuyulmalıdır".
Bunu Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında keçirilən ənənəvi mətbuat konfransında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.
Onun sözlərinə görə, "Azərsu" ASC-də normativə uyğun reqlament var: "Bu reqlamentə uyğun olaraq, hər bir anbar ən az ildə bir dəfə yuyulmalıdır. Bu reqlamentə həm bölgələrdə, həm də Abşeron yarımadasında 100 faiz əməl edirik. Ancaq təəssüflər olsun ki, kooperativ binaların böyük əksəriyyətində bu anbarların təmizlənməsinin diqqətə alınmadığını müşahidə edirik. Hələ də fasiləli rejimlə su alan ərazilər var. Bu ərazilərdəki vətəndaşlar öz su çənlərindən istifadə edirlər. Bu çənlərin də xidməti baxışı, təmizlənməsi həyata keçirilmir".