Koronavirusla əlaqədar Gəncə şəhərinə giriş və çıxış qapadılıb - FOTO

14:02 27.03.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Gəncədə tibbi spirt və tibbi maskalar "yoxa çıxıb". Bir neçə aptekdə olduq və koronavirusla mübarizədə istifadə olunan adi qoruyucu, mühafizəedici ləvazimatların olmadığını müşahidə etdik.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, ölkənin ikinci şəhərində insanlar apteklərdən şikayətçidirlər. Onlar qiyməti 20 qəpik olan tibbi maskaların "yoxa çıxması"nı anlaya bilmədiklərini dilə gətirirlər.

Akif Əliyev adlı sakin sonuncu dəfə martın 20-də aptekdən tibbi maska aldığını bildirir:

"Evdə 6 nəfərik. Atam 69 yaşındadır. Ona tibbi maska almağa gəlirəm. Tapa bilmirəm. Deyirlər ki, ya qurtarıb, ya da gəlmir. Ölkəyə 500 min maska gətirilib amma biz görmürük. Sonuncu dəfə martın 20-də maska almışam."

Aptek işçiləri isə tibbi spirtin bol olduğunu, maskaların isə gah gətirildiyini, gah da bir neçə gün gətirilmədiyini deyirlər. Onlar maskaların depolardan gətirildiyini, təlabatla əlaqədar olaraq depolarda da tibbi maskaların bitdiyini iddia edirlər.

Sakinlərin əsas narahatlıqlarından biri də karantin dövrünün uzadılması ilə əlaqədardır. Bəzi sakinlər iş yerlərinin Bakıda olduğunu, karantin dövrünün uzanacağı təqdirdə onların işlərini itirmək təhlükəsi yaranacağını iddia edirlər.

Zabit Qasımlı adlı Gəncə sakini kiçik bizneslə məşğuldur amma karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq paytaxta qayıda bilmir:

"Artıq pulumuz bitmək üzrədir. İşim axsayır. Ərzaq dükanım var. Qapısını bağlayıb gəlmişəm. Qardaşım da özəl müəsissədə işləyir. Çağırırlar ki, gəl. O da bayrama görə atamgili ziyarətə gəlmişdi. İndi qayıda bilmir. İşini itirsə ailəsi üçün çətin olacaq. İndiki zamanda iş tapmaq da çətindir".

Onu da əlavə edək ki, koronavirusla əlaqədar olaraq, Gəncə şəhərinə giriş və çıxış qapadılıb. Parklar boşdur. Ahıl insanları parklarda ümumiyyətlə görmək mümkün deyil. Polis reydlər aparır. İnsanlara evdən bayıra çıxmamaq xəbərdarlığı edilir.

Oxunma sayı 176
Sosial rubrikasından digər xəbərlər