Korrupsiyaya Qarşı Mübarizə Fondu: "Aleksey Navalnini yenidən zəhərlədilər"

13:30 14.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bir müddətdir həbsdə olan rusiyalı müxalifət lideri Aleksey Navalninin səhhətinin pisləşdiyi açıqlanıb.

Hafta.az-ın ABC News-a istinadən yazdığına görə, Navalninin təsis etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondunun vitse-prezidenti Anna Veduta bildirib ki, 46 yaşlı rusiyalı siyasətçinin halı dünən qəfil pisləşib. Rus siyasətçinin son 15 gündə 8 kiloqram arıqladığını bildirən Veduta, "Onun aşağı dozalarla yavaş-yavaş zəhərləndiyinə inanırıq" deyib.

Veduta Navalniyə verilən adsız dərmanların tərkibində zəhər olduğuna inandıqlarını bildirib.

"Vəkillər cümə günündən şənbəyə keçən gecə şiddətli ağrıya görə təcili yardım çağırıblar. Lakin heç kim ona müalicə etməyib. Onlar hətta ona nə baş verdiyini deməyiblər", - Navalninin mətbuat katibi Kira Yarmış deyib.

Mövzu ilə bağlı açıqlama verən Almaniya hökumətinin sözçüsü Kristian Hoffmann, Navalninin səhhətinin pisləşməsi ilə bağlı xəbərlərdən narahat olduqlarını və Rusiya səlahiyyətlilərinin Navalninin müalicə almasını təmin etməli olduqlarını bildirib.

Rusiya iqtidarının ən nüfuzlu rəqiblərindən olan Navalni 2020-ci ildə kimyəvi qazla zəhərlənib, daha sonra Almaniyada 5 aylıq müalicə müddəti keçib. 2021-ci ildə Moskvaya qayıdan rusiyalı siyasətçi ümumilikdə 11 il 6 müddətə azadlıqdan məhrum edilib. Onun həbsxanada kiçik kamerada saxlandığı məlum olub.

Rusiyalı siyasətçinin 2020-ci ildə zəhərlənməsindən və sonrakı proseslərdən bəhs edən “Navalnı” sənədli filmi ötən ay “Ən yaxşı sənədli film” nominasiyasında Oskar qazanıb.

Siyasət rubrikasından digər xəbərlər