Kreditlərlə bağlı yenilik

19:09 14.06.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda fiziki şəxslərə istehlak kreditləri verilərkən, artıq həyat sığortası da təklif ediləcək. Yeni tələbə əsasən banklar müştərilərə həyat sığortasını könüllü şəkildə alması ilə bağlı ərizə formasını təqdim edəcək. Müştəri həyat sığortası üzrə lisenziyası olan sığortaçılardan birini sərbəst qaydada seçə biləcək. Başqa sözlə, bank müştərilərinə istehlak kreditlərini təqdim edərkən borcalanın həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsinin də bağlanmasını təklif edəcək. Bununla bağlı Mərkəzi Bank yeni qaydaları təsdiq edib.

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev bildirib ki, istehlak krediti götürən fiziki şəxslərin həyatının sığortalanması zaminliyə tələbi xeyli azaldacaq: "Bu gün sizin həmkarlarınız da sizdən bu və yaxud digər borclarına zamin durmağı xahiş edirlər. Bundan sonra ən sadə yolla deyəcəksiniz ki, həyatını sığortalatdır, rahatlıqla sizə kredit verəcəklər. Bu, vətəndaşlarımızın münasibətlərinin inkişafına təkan verir. Zaminlik məsələsi insanlar arasında kifayət qədər problemli məsələdir. Həmin alətlə bu problemi də çözəcəyik. Bununla da insanlar arasında münasibətlərin daha sivil formada qurulmasına şərait yaranacaq".

ABA sədri əlavə edib ki, hazırda verilən kreditlərin 95 faizdən çox hissəsi sığorta ilə təmin olunmayıb: “Mərkəzi Bank maliyyə sektorunda olduqca ciddi islahatlar həyata keçirir, sektor özünün yeni inkişaf mərhələsinə yaxınlaşır. Əsas məqsəd müştərilərə kredit alan zaman həyat sığortası məhsulunu da təklif etməkdir. Bu gün verilən kreditlərin 95 faizdən çox hissəsi sığorta ilə təmin olunmayıb. Üç ay ərzində bankalar sığorta şirkətləri ilə inteqrasiya həyata keçirəcəklər. Bu sığortalar kredit faizlərinin və kredit risklərinin aşağı düşməsinə səbəb olacaq”.

İqtisadçı-ekspert Xalid Kərimli isə hesab edir ki, bu addım əlavə sığorta təminatıdır: "İstehlak krediti götürən fiziki şəxslər üçün həyat sığortasının könüllü olması düzgün addımdır və daha yaxşıdır. Vətəndaş özü qərar verməlidir ki, gələcək öhdəliyini sığortalamaq istəyir ya yox. Əgər istehlak krediti götürən vətəndaşlar üçün həyat sığortası məcburi olsaydı, bu, riskləri sığortalamaqla yanaşı, onların xərcini də artıracaqdı. Ona görə də istehlak krediti götürən vətəndaşlar üçün həyat sığortasının könüllü olmasının tərəfdarıyam".

Ekspertin sözlərinə görə, həyat sığortasının təklif edilməsinin kredit faizlərinə təsiri gözlənilmir: "Kredit faizləri, əsasən, bazarda kreditə olan tələbat və kreditin maya dəyəri əsasında formalaşır".

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov da deyir ki, bu qərar banklara və kredit faizlərinə heç bir təsir etməyəcək: “Bank krediti verir, pulunu qazanır və kreditin sığortası faizlərə təsir göstərmir. Sığortanın olması bankın özü üçün yaxşıdır, çünki sabah vətəndaş ölübsə, əmək qabiliyyətini itiribsə, bank ölənin yaxınlarının arxasınca düşməyəcək və bu kredit ödənişini dərhal sığorta şirkətindən alacaq”. Ekspertin fikrincə, bu qərar sığorta təşkilatları üçün də yaxşı haldır: “Axı bu, əlavə biznesdir. Ona görə də düşünürəm ki, onlar bunu tətbiq edəcəklər”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov  bildirir ki, Mərkəzi Bankın həyat sığortası sahəsinə yeni tənzimləyici qaydalar gətirməsi müsbət haldır və bu, kredit risqlərini minimallaşdıracaq: “Yeni qaydaların əsas tələblərindən biri bank müştərilərinə istehlak kreditləri verilərkən həm də bankın borcalana sığorta müqaviləsinin də bağlanmasını təklif etməsidir. Sığorta müqaviləsinin olmaması üzündən müştəri dünyasını dəyişən zaman krediti onun vərəsəsi - ailə üzvləri qaytarmaq məcburiyyətində qalırdı. Bu da əksər hallarda ailə üzvləri üçün əlavə maliyyə yükünə çevrildiyindən sosial baxımdan arzulanan deyildi”. Deputatın fikrincə, yeni qaydalar əlilliyi olan şəxslərin kreditlərə çıxış imkanlarını artıracaq: “Belə ki, əlilliyə və ya mövcud əllilik dərəcəsinin digər yuxarı dərəcə ilə əvəzlənməsinə səbəb olan sığorta hadisəsi zamanı borcalanın kredit müqaviləsi üzrə qalıq borc məbləğinin həcmi nəzərə alınmaqla, onun sağlamlıq imkanlarının pozulma faizinə uyğun həcmdə ödəniş verilməsi nəzərdə tutulub”. V.Bayramovun sözlərinə görə, ən mühüm məqamlardan biri də risklərin azaldılması nəticəsində kredit faizlərinin aşağı düşməsinin mümkünlüyüdür: “Risklərin sığortalanması istehlak kreditləri üzrə faizləri azalda bilər”.

Oxunma sayı 77