Milli İstiqlal partiyasının lideri Etibar Məmmədov hafta.az-a son müsahibəsində Sergey Lavrovun Azərbaycana son iki günlük səfəri, Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulması, İran rejiminin şahçı qüvvələr vasitəsi ilə dəyişdirilməsi ehtimalı, dəhşəti zəlzələnin acı nəticələrini yaşayan Türkiyədəki seçkiqabağı durum və gündəmdə olan digər mövzularda danışdı.
-Etibar bəy, Rusiya baş diplomatı Sergey Lavrovun Bakıya iki günlük son rəsmi səfərindən sonra bölgədə nə dəyişdi?
-Bu səfərdən sonra bölgədə elə bir ciddi dəyişiklik olmayıb hələ. Lavrov da gəldi-getdi. Eşidə biləcəklərini eşitdi. Deyə biləcəklərini dedi... Ancaq ki, ümumən açıq şəkildə deməsə də, Laçın yolunun nəzarətə götürülməsinə faktiki etiraz etməyəcəklərini bildirib...
-Axı Rusiya xarici işlər nazirinin Bakıdakı çıxışından belə çıxdı ki, Rusiya ilə Azərbaycanın Laçın yolunda keçid-nəzarət postu qurulması məsələsi müzakirə olunmur. Sizcə, bundan sonra rəsmi Bakı bu istiqamətdə işlərini davam etdirə biləcəkmi?
- Azərbaycan faktiki olaraq Laçın yolunu nəzarətə götürmək istiqamətində işləri davam etdirir. Və demək olar ki, dövlətimiz, ordumuz qeyri-rəsmi olsa da, həmin yolu nəzarətində saxlayır. İndi proses onun rəsmiləşdirilməsinə getməlidir. Lavrov da çıxışında Laçın yolunda texniki vasitələrdən istifadə sözünü işlətdi. Və təbii ki, texniki vasitələr, yəni rentgen, skaner qurğuları istifadəyə veriləndən sonra onların istifadəsində Azərbaycan dövlət qurumlarının əməkdaşları da iştirak etməlidirlər... Əgər Moskva texniki nəzarətə müsbət yanaşırsa, deməli, ümumən nəzarətə etirazları yoxdur. Yəni istəsələr də, hazırkı durumda artıq etiraz etməyə də imkanları yoxdur...
-Bakıda iki günlük rəsmi səfərdə olan Rusiya XİN başçısı Sergey Lavrov bu dəfə İrəvana getmədi. Sizcə, bunu hansı məqsədlə etdi?
- Ermənistanla Rusiyanın münasibətləri pozulub və pozulmaqda davam edir. Kremlin baş diplomatının İrəvana getməməsi də Paşinyan hakimiyyətinə bir xəbərdarlıq idi ki, sizinlə münasibətlər tam qırılmaq üzrədir və onların düşüncəsincə, bunun da rəsmi İrəvan üçün ciddi fəsadları olacaq. Ancaq hələ ki, Ermənistan öz mövqeyini qətiləşdirməkdə, yəni Rusiyadan uzaqlaşmaqda davam edir...
-Sizcə, əgər Azərbaycan dövləti balanslı siyasətdən yayınıb Kremlə qarşı bir az sərt mövqe tutarsa və Rusiya “sülhməramlı”larının torpaqlarımızdan çıxarılmasını rəsmi və qəti şəkildə tələb edərsə, nə baş verər?
-Hesab edirəm ki, mövcud durumda Rusiyaya qarşı qəti şəkildə çıxmağa ehtiyac yoxdur. Çünki bu halda Azərbaycan bir neçə cəbhədə mübarizə aparmağa məcbur olacaq. Onsuz da Azərbaycana qarşı Avropadan da, Qərbdən də, ABŞ-dan da təzyiqlər və rəsmi Bakıdan tələblər artır. Həm də 10 noyabr bəyanatına əsasən Rusiyanın “sülhməramlı” kontingentinin Qarabağda mövcudluğu müddətlidir. Və Azərbaycan dəfələrlə bildirib ki, həmin müddət bitəndən sonra Rusiya hərbçilərinə burada ehtiyac olmayacaq. Yəni rəsmi Bakı “sülhməramlı”ların çıxarılacağını faktiki olaraq öncədən elan edib... Bir sözlə, yeni cəbhə açmağa ehtiyac yoxdur...
-Belə görünür ki, Qərblə Rusiya ortaq məxrəcə gəlmədikcə Ermənistanla sülh müqaviləsinin imzalanması yubanacaq...
-Ortaq məxrəc deyəndə ki, Avropa İttifaqı bu missiyanı üzərinə götürüb. Bizi də təmin edən tərəf odur ki, bu variantda, yəni Avropa və ABŞ-ın təklif etdiyi variantda Azərbaycanın öz ərazisi üzərində suverenliyi tanınır. Ancaq Rusiya variantının bizi təmin etməyən tərəfi odur ki, Qarabağın statusu məsələsini ortalığa atırlar. Bunu da Ermənistanı şirnikləndirib Qərb variantından uzaqlaşdırmaq məqsədi ilə edirlər. Və ümumiyyətlə, Moskva Ermənistanı öz əlində saxlamağa çalışır... Hələ ki, Qarabağ məsələsində Vaşinqton variantının bizə ziyanı yoxdur. Lakin onun arxasında nələr olduğu tam şəkildə müzakirələr vaxtı bilinəcək... Və bizim mövqeyimiz belə olmalıdır ki, biz istənilən halda sülh müqaviləsinin tez bir zamanda imzalanmasına nail olmalıyıq. Ondan sonra isə deyilən vaxta qədər Rusiya “sülhməramlı”ların müddəti bitəcək və onların torpaqlarımızdan çıxarılması prosesi başlanmalıdır...
-İrandakı sentyabrdan bəri rejimə qarşı kütləvi iğtişaşlarla və qanla müşayiət olunan son proseslər ölkəni haraya aparır. Deyəsən, teokratik rejimin çökməsi hələ bir xeyli çəkəcək?
-Rejimin çökmə prosesi, demək olar ki, başlayıb. Sadəcə, müxtəlif tərəflərin oradakı prosesə yanaşmasından söhbət gedir. Məsələn, Qərbin mövqeyi belədir ki, onları İranda yalnız rejim dəyişikliyi maraqlandırır. Azərbaycanı isə rejim dəyişikliyi ilə yanaşı, güneydəki soydaşlarımızın taleyi məsələsi də maraqlandırır. Yəni Qərbdə indi sonuncu İran şahının oğlunu ortalığa atıblar. Çünki Tehran rejiminin dəyişməsi üçün üzdə olan bir qüvvə kimi ondan istifadə etmək istəyirlər. Və o da bütün müxalif qüvvələri müxtəlif vədlər verməklə öz ətrafında birləşdirməyə çalışır. Ancaq onu da unutmayaq ki, şah rejimi dövründə Azərbaycan məsələsi daha kəskin, şovinist mövqedən qoyulurdu. Yəni türkcə danışmaq da qadağan olunmuşdu, azərbaycanlıları türk yox, dönmə fars hesab edirdilər. Və bütövlükdə soydaşlarımıza qarşı radikal milli inkar mövqeyi o vaxt daha güclü idi. Bir sözlə, o vaxtkı İran hakimiyyəti qatı şovinst fars mövqeyindən çıxış edirdi. Və Azərbaycan türklərinə qarşı böyük təqiblər də, ən kütləvi qətliam və qırğınlar da məhz şah dövründə olmuşdu. Odur ki, Azərbaycanın İrandakı hazırkı proseslərlə bağlı mövqeyi də, təbii ki, oradakı soydaşlarımızın bu günkü və gələcək mənafelərinin müdafiəsindən keçməlidir. Biz buna hazır olmalıyıq. Və hazırlıq işləri də geniş şəkil almalı və proqramlı, planlı şəkildə həyata keçirilməlidir. Lakin bu saat buna nə dərəcədə hazır olduğumuzu deyə bilmərəm... Şahçı qüvvələr isə Qərbdə, Avropa və Amerikada təşkilatlanırlar və dünyada da İranı təmsil edən qüvvəyə çevrilməkdədirlər. Buna adekvat olaraq Azərbaycan dövləti və diasporu tərəfindən də beynəlxalq səviyyədə Güney Azərbaycan məsələsində təşkilatlanmanı təşkil etməsinə və məsələnin gündəmə gətirilməsinə ehtiyac var...
-Deyilənə görə, mart-aprel aylarında Ukrayna ordusu Rusiya işğalçılarına qarşı genişmiqyaslı uğurlu əks-hücum planlaşdırır. Necə hesab edirsiz, bu, baş tutacaqmı?
-Həmin əməliyyatlar baş tutmalıdır. Çünki ciddi və böyük hazırlıq işləri gedir. Düzdür, Ukraynanın iqtisadiyyatına, xüsusən infrastrukturuna böyük zərbələr dəyib. Ancaq xaricdən yardımlar da böyükdür və xalqın, ordunun motivasiyası, ruh yüksəkliyi də güclüdür. Və Ukrayna ordusu Rusiya ordusuna qarşı lazımi səviyyədə vuruşur. Rusiyanın beynəlxalq miqyasda təklənməsi və təcrid olunması prosesi də gedir. Və çox güman ki, bu yaxın aylarda məsələlərin həlli istiqamətində böyük irəliləyişlər olacaq...
-Etibar bəy, qardaş Türkiyədə dəhşətli və faciəli zəlzələdən sonrakı və gözlənilən, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın son çıxışında dediyi kimi, təxirə salınmayacaq 14 may prezident və parlament seçkiləri ərəfəsində siyasi meydanda hansı yeniliklər var və nələr gözlənilir?..
-Zəlzələ, əlbəttə ki, böyük miqyasda canlı və maddi itkilərə, dağıntılara səbəb oldu. Belə bir fəlakətin vurduğu zərbələrin, zərərlərin altından çıxmaq istənilən dövlət üçün o qədər də asan deyil. Və Türkiyənin belə bir ağır durumunda ortada seçki məsələsi də var. Və Ərdoğanın rəqibləri də hələ güclü zəlzələlər davam etdiyi bir vaxtda bundan siyasi məqsədlər üçün istifadə etməyə çalışdılar... İndi yəqin ki, bu günlərdə müxalifətin namizədi müəyyən olunmalıdır. Ondan sonra çox şey aydınlaşacaq...