Rusiyanın Azərbaycana qarşı düşmənçilik siyasəti davam edir. Uzun illər regionda və keçmiş sovet respublikaları üzərində hakimlik edən, həmin dövlətlərə və xalqlara qarşı istədiyi şəkildə davranan, başqasının torpağını alan, torpaq hədiyyə edən, deportasiya, repressiyalar törədən Rusiyanın bu kimi çırpıntıları normal görünsə də, patoloji xəstəlik kimi, təhlükəli olduğu inkar edilmir. Rusiya imperialist siyasətindən əl çəkmir. Rusiyanın, xüsusilə Azərbaycana qarşı törətdiyi son cinayət tərkibli hadisələr birmənalı qəbul oluna bilməz. Belə ki, Azərbaycan mülki təyyarəsinin vurulması nəticəsində 30-dan çox sərnişinin həlak olması, Yekaterinburq şəhərində diaspor üzvlərimizə, iş adamlarımıza qarşı həbslər, ölümlə nəticələnən hadisələr, Ukraynada ölkəmizə məxsus enerji infrastrukturunun hədəf alınması, Rusiya mediasında anti-Azərbaycan kampaniyası və soydaşlarımıza yönələn mənfiruhlu yazılara rəvac verilməsi və digər bu səpkili mövqelərə Azərbaycanın ictimai-siyasi kəsiminin münasibəti birmənalıdır.
"Rusiya keçmiş sovet respublikalarına münasibətdə özünü darğa kimi aparır"
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli hafta.az-a bildirib ki, Rusiya keçmiş sovet respublikaları ilə müqayisədə özünü darğa kimi aparır, onlara yuxarıdan-aşağı baxır.

Partiya sədrinin sözlərinə görə, Rusiya qəbul etmək istəmir ki, bu respublikalar artıq müstəqildir. Ona görə də vaxtaşırı münasibətlərdə gərginliyə gətirib-çıxaran addımlar atır:
“Rusiya keçmiş sovet respublikalarına öz iradəsini diqtə etməyə səy göstərir. Bu isə indi mümkün deyil. Hər bir respublikanın, o cümlədən, Azərbaycanın özünün siyasi, iqtisadi maraqları var. Ölkəmiz bu maraqlarını Rusiya ilə münasibətlərin qorunub-saxlanılmasına qurban verə bilməz. Azərbaycanın müstəqil addımları isə Rusiyaya xoş gəlmir. Ona görə də əlində olan vasitələrdən istifadə edərək, ölkəmizə təzyiq göstərməyə çalışır. Təyyarəmizin vurulması, Yekaterinburq hadisələri, mediada ölkəmiz əleyhinə kampaniya Rusiyanın böyüklüyünü deyil, necə kiçik hisslərlə yaşadığını göstərir. Təbii ki, bu cür hərəkətləri ilə Azərbaycan cəmiyyətində özünə qarşı nifrəti daha da alovlandırır”.
M.Rəhimli qeyd edir ki, Rusiya öz qonşuları ilə normal və bərabərtərəfli münasibətlər qurmağı bacarmır və yaxud bunu istəmir. Təsir effektini qoruyub-saxlamaq üçün həmişə müxtəlif vasitələrdən istifadə edir:
“Azərbaycan müstəqillik yolunda daimi olaraq bunlarla qarşılaşıb. Yeni dünya düzənində Rusiyanın bu təsir mexanizmləri uğurlu nəticələr vermir, əksinə, onun əleyhinə işləyir. Ölkəmizə qarşı hər bir təxribatçı hərəkətindən sonra müstəqillik və suverenlik istiqamətində mühüm bir nailiyyət əldə etmişik”.
"Rusiya ilə ABŞ əvvəlcə Ukraynanı, sonra digər bölgələri bölüşmək niyyətindədir"
Siyasi ekspert Qulamhüseyn Əlibəyli qeyd edir ki, Rusiyanın Azərbaycana qarşı təxribat fəaliyyəti rus qoşunlarının ərazilərimizdən çıxarılmasından sonra daha kəskin forma alıb.

Onun sözlərinə görə, Rusiya bununla çalışır ki, ilişib Cənubi Qafqazda qalsın və əsas qüvvə kimi Azərbaycanı görür:
“Ermənistan iqtisadiyyatı, dəmir yolları, faktiki sərhədlərinin çox hissəsi Rusiyadan asılıdır. Rusiyanın Ermənistanda hərbi hissələri yerləşir. Azərbaycanın isə Rusiyadan bu qədər asılılığı yoxdur və 5-ci kolon, demək olar ki, darmadağın edilib. Ona görə də əvvəlcə Azərbaycanı müəyyən vasitələrlə qorxutmağa çalışdılar - raket zərbələri, müharibənin başlanması, qoşun göndərilməsi, xüsusi əməliyyat hədələri ilə təhdidlər və konkret baş verən cinayət əməlləri törədildi. Rusiyada yaşayan azərbaycanlılara qarşı hücumlar Rusiyanın ölkəmizə qarşı həyata keçirdiyi yeganə təsir vasitələrindən biri kimi müşahidə olunur. Təbii ki, bu və ya digər şəkildə hərbi insident də törədildi. Belə ki, Rusiya artıq 1 ilə yaxındır, guya, mülki təyyarənin vurulması ilə bağlı istintaq aparır. Təyyarəni vurmağı əmr edən, vuran da məlum olsa da, hələ də kimsə məsuliyyətə alınmayıb. Digər bir hədəf Ukraynada SOCAR-a məxsus neft məntəqələri oldu. Talış, ləzgi, kürd separatizmi ilə bizi qorxutmağa çalışdılar. Bu, Azərbaycana qarşı aparılan hibrid müharibədir. Rusiya çalışır ki, bu yolla Cənubi Qafqazada möhkəmlənsin. Azərbaycanı seçdiyi yoldan döndərsin”.
Q.Əlibəyli qeyd edir ki, Zəngəzur dəhlizi meydana çıxandan sonra Rusiyanın regionla bağlı bütün ümidləri yox olub. Bununla belə ekspert hesab edir ki, Rusiya Azərbaycana qarşı hərbi hücum etməyə cəhd etməyəcək. Rusiya Azərbaycan ordusuna bələddir. Azərbaycan Ordusunun Vətən müharibəsi dövründə döyüş taktikası bir çox ölkələrin hərbi məktəblərində dərsliklərə düşüb.
Q.Əlibəyli Zəngəzur dəhlizinin işə salınması, sülh müqaviləsinin bağlanması ilə bağlı xeyli addım atıldığını deyib. Onun fikrincə, Vaşinqtonda imzalanan sənədlər Azərbaycanın geosiyasi maraqlarına uyğun gəlməklə yanaşı, geosiyasi təminatlardan biri olduğu üçün Rusiya təxribatlarını davam etdirəcək.
Ekspert bütün hallarda Rusiyanın yanlış yolda olduğunu deyir. Bildirib ki, əgər Rusiya Zəngəzur dəhlizində (TRİPP) iştirak etmək istəyirsə, bunu normal formada edə bilər:
“Rusiya isə özbaşına siyasət yürütməyi seçir. Eyni zamanda, Trampın Ukraynanın Krım və Donbası verməsi ilə sülh müqaviləsinin bağlamasını tələb etməsi, Ukraynanı ərazi itkisi ilə barışmağa razı salmağa çalışması da o deməkdir ki, Rusiya-ABŞ əvvəlcə Ukraynanı, sonra isə dünyanın digər bölgələrini bölüşmək niyyətindədir. Rusiya Trampın mövqeyindən istifadə edir, postsovet məkanında öz hakim mövqeyini saxlamağa çalışır”.