Krım tatar fəalı Leniyə İbrahimovadan başına gələnləri danışdı

09:40 10.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kiyevdə bir sıra rəsmi görüşlər keçirmək üçün Krım Tatar Milli Məclisinin (KTMM) sədri Refat Çubarovun rəhbərlik etdiyi Krım tatar nümayəndə heyəti və Krım tatarlarının Türkiyədəki diasporunun nümayəndələri Krım Muxtar Respublikası Prezidentinin Nümayəndəliyində və Krım Mədəniyyət Evində olublar. 

Hafta.az-ın yazdığına görə, səfər zamanı nümayəndə heyətini qarşılayan şəxslərdən biri Krım tatar dizayneri və fəalı Leniyə İbrahimova getdiyi festivalda yaşadığı hadisəni danışıb.

Sənətçi qatıldığı festivalda Krım tatarı olduğu öyrənildikdə qarşılaşdığı reaksiyanı bu ifadələrlə izah edib: “Krım tatarları olduğumuzu biləndən sonra bizə dedilər: “Siz russunuz, sizin Rusiya və rus xalqı ilə əlaqəniz var”. Mənim reaksiyamı təsəvvür edin. Təbii ki, bu sözlərə çox sərt reaksiya verdim. Təəssüf ki, işğalın, ilhaqın nə olduğunu bilməyən və ya görməyən insanlara Krımdakı vəziyyəti və işğalı başa salmaq çox çətin idi. Orada bir polis əməkdaşı yanıma gəldi və soruşdu: “Krım Rusiyanın bir hissəsidir?”. Mən onlara yox dedim. Əsas cavabım belə oldu: “Birinin evi, ya maşını var. Əgər qonşusu və ya başqası maşını ondan oğurlayırsa, bu əşyanı oğurlayan şəxsə aiddirmi?".

Ukrayna Prezidentinin Krım Muxtar Respublikasındakı Nümayəndəliyi Rusiyanın işğalı altında olan yarımadada Kremlin nəzarətində olan qondarma administrasiya tərəfindən qanunsuz olaraq saxlanılan siyasi məhbusların sayının 218 nəfər olduğunu bildirib.

Krım Nümayəndəliyi bildirib ki, oktyabrın 7-dək işğalçılar Krımda 132-si Krım tatarı olmaqla 218 nəfəri haqsız yerə həbs edib. Həbs edilən krımlılardan (onlardan 97-si Krım tatarı) 151 nəfərin məhkum edildiyi, 43 nəfərinin (28-i Krım tatarı) saxlanıldığı bildirilib.