Krım tatarlarının başına gələnlər sərgi və konfranslarla çatdırılacaq

11:15 07.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın işğalı altında olan Krımda insan haqları pozuntularına diqqət çəkmək və haqsız yerə həbs edilən siyasi məhbusları xatırlatmaq üçün müxtəlif layihələr həyata keçirən Emel Krım Vəqfi, “Həmişə gözləyəcəyəm, Balam” adlı fotosərgi və konfrans tədbiri təşkil edir.

Hafta.az-ın yazdığına görə, 18 may 1944-cü il Krım Tatar Sürgün və Soyqırımının 80-ci, eləcə də Krımın Rusiya ordusu tərəfindən işğalının 10-cu ildönümündə rusların siyasi səbəblərlə həbs etdiyi Krım tatarları sözügedən proqramla anılacaq. Tədbirin birincisi Türk Dünyası Araşdırmalar Vəqfi ilə əməkdaşlıq çərçivəsində oktyabrın 5-də İstanbulda keçirilib. Konfransda Rusiya əsarətindən bir müddət əvvəl azad edilmiş Krım Tatar Milli Məclisinin (KTMM) sədr müavini Nəriman Cəlal iştirak edib. Tədbir daha sonra Türkiyənin Gəbzə, Ankara və Əskişəhir kimi iri şəhərlərində keçiriləcək.

Krım Türkləri Mədəniyyət və Həmrəylik Dərnəyi Baş Qərargahının ev sahibliyi etdiyi tədbir oktyabrın 9-da saat 17.00-da “Həmişə gözləyəcəyəm, Balam” adlı foto sərgisi ilə başlayıb, konfransla davam edəcək. Konfrans saat 18.30-da Krım Dərnəyinin Baş Qərargahında yerləşən Bəkir Sıtkı Çobanzadə Kitabxanasında baş tutacaq. Konfransda KTMM-in vitse-prezidenti Nəriman Cəlal və Bilkent Universitetinin professor Hakan Kırımlı məruzəçi kimi iştirak edəcək.

Krım Dərnəyi Gəbzə şöbəsinin ev sahibliyi ilə bu gün (7 oktyabr) saat 14.00-da Gəbzə Ticarət Palatasında keçiriləcək tədbir, 10-11 oktyabrda Əskişəhir Krım Dərnəyinin dəstəyi ilə bu şəhərdə təşkil olunacaq.