KTMT Qazaxstan hadisələrində Rusiya izini itirmək üçün lazım idi - Qabil Hüseynli 

14:30 14.01.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Müdafiə Nazirləri Şurası növbədənkənar toplantı keçirdi və toplantıda Qazaxıstanda keçirilən sülhməramlı əməliyyatlar müzakirə olunaraq KTMT-nin hərbçilərinin yanvarın 13-dən başlayaraq 10 gün müddətinə mərhələ-mərhələ ölkədən çıxarılması qərara alındı.

KTMT-nin belə qərarla çıxış etməsi, regionda marağı olan qüvvələrə növbəti bir mesaj kimi dəyərləndirilməklə maraqlı anaonslarla diqqət çəkir.

Politoloq Qabil Hüseynli hafta.az-a bildirib ki, Rusiya KTMT adı altında Qazaxıstana girib, çıxması ilə bir daha mesaj verdi ki, o, regionda dominantdır və istədiyi vaxt istədiyi əraziyə daxil olub, istədiyi vaxt oradan çıxa bilər. Rusiya heç də işğalçı deyil, sülhün təminatçısıdır.  

Q.Hüseynli hesab edir ki, belə mesajlar təkcə KTMT çərçivəsində deyil, rus rəsmilərinin müəyyən çıxışlarında açıq şəkildə bəyan edilir. 

“Bütün postsovet məkanı, hətta Baltikyanı ölkələri də nəzərdə tutaraq qeyd edirlər ki, onlar Rusiyanın strateji maraq dairəsinə daxil olan ölkələrdir.  Tutaq ki, Cənubi Qafqaz, Orta Asiya Rusiyanın “arxa baxçasıdır”.

Politoloq hesab edir ki, KTMT Rusiyanın xüsusi xidmət orqanlarının Qazaxıstanda mərhələli şəkildə həyata keçirdiyi müxtəlif əməliyyatların üstünü ört-basdır etmək, baş verən hadisələrin mahiyyətini başqa formada təqdim etmək və beləliklə də Qazaxıstan hadisələrində Rusiya izini itirmək üçün lazım idi.

“Beynəlxalq hüquqla daban-dabana zidd olan müxtəlif anlayışları ortaya atıb Rusiyanın bu bölgədə dominant rol oynamaq hüququnu əsaslandırmağa cəhd edirlər. Ölkə prezidenti, siyasi dairələri bu məsələdə Rusiyanın izinin itməsinə yardımçı olurlar. Guya ölkədə dövlət çevirilişinə hazırlıq getdiyini, müxtəlif islamçı qüvvələrin, terorçu qüvvələrin iştirak etməsi barədə çeynənmiş və həqiqəti əks etdirməyən iddiaları önə çəkməklə, münaqişənin KTMT müstəvisində həll olunduğunu önə çəkirlər. Hələlik buna qismən nail olublar”. 

Bütün bunlara baxmayaraq Q.Hüseynli hesab edir ki, araşdırma prosesləri gedir və çox da uzaq olmayan zamanda  Qazaxıstanda baş verən hadisələrin bütün anatomiyası üzə çıxacaq. Onun qənaətinə görə, bundan sonra Qazaxıstan məsələnin beynəlxalq səviyyələrdə araşdırılmasına və yaxud da siyasi qiymət verilməsinə cəhd edəcək.

“Əgər Qazaxıstanın müəyyən dairələri istəsə,  Beynəlxalq Ədalət Məhkəməsinə müracitə edə bilər. Çünki ölkədə xeyli insan tələfatı, maddi və mənəvi itkilər var. Üstəlik Qazaxıstan xalqının imicinə, ləyaqət hisslərinə toxunacaq hadisələr də baş verib.

Qazaxstanda Tokayevin sülhməramlılar adı altında Rusiyanın xüsusi dəstələrinin ölkəyə yeridilməsi, onların atdığı güllələrlə əhalinin həlak olması faktı qazax xalqının qəlbində, şüurunda dərin izlər qoyub.  Hadisələr bu xalqı sanki 1982-ci ildə Almatıda baş verən hadisələrə də qaytardı. Son hadisələr qazax şüurunun özünüdərk prosesini daha da sürətləndirəcək və bu, ölkədə yeni təlatümlərə gətirib çıxarda bilər.  Bu təlatüm KTMT adı altında Rusiya qoşunlarını ölkəyə dəvət edib, sonradan onlara təşəkkür bildirən ölkə rəhbərinə qarşı yönələ bilər”

Oxunma sayı 33