“Küveyt hər zaman köməyə ehtiyacı olan ölkələrin yanındadır” – KÜVEYT SƏFİRİ

15:50 10.02.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Küveyt hər zaman Azərbaycanın etibarlı dostu, tərəfdaşı olub, ölkələrimiz arasında tarixən dini, mədəni, iqtisadi-ticari əlaqələr yüksək səviyyəsi ilə seçilib. Xüsusilə siyasi müstəvidə ölkələrimiz arasında əla münasibətlər formalaşıb. Düzdür, məlum pandemiya səbəbindən bütün dünyada olduğu kimi, Azərbaycan - Küveyt iqtisadi-ticarət əlaqələrində də bir az eniş yaşandı, amma postpandemiya dövründə bu çatışmazlığı aradan qaldırmaq üçün addımlar atılır. Amma təəssüflə də olsa qeyd etməliyik ki, nəticə etibarilə hələ də ölkələrimiz arasında ticarətin həcmi siyasi münasibətlərimizlə müqayisədə dəfələrlə aşağıdır. Elə Küveyt dövlətinin ölkəmizdəki səfiri cənab Məhəmməd Abdullah Almaudi ilə Küveyt dövlətinin Milli və Qurtuluş günləri ərəfəsində görüşüb söhbətləşməkdə məqsədimiz bu və digər məsələlərə aydınlıq gətirmək idi.

- Azərbaycanla Küveyt arasında münasibətlər çox yüksək səviyyədədir. Azərbaycan Küveyt üçün çox mühüm ölkədir. Lakin təəssüf edirəm ki, ötən illərdə iki ölkə arasında, xüsusilə iqtisadi sahədə yüksək göstəricilər əldə olunmayıb. Statistikaya nəzər salsaq, bu son üç ili əhatə edir. Pandemiya səbəbindən bir sıra lahiyələrimiz, iqtisadi ticari sahədə həyata keçirəcəyimiz işlər təxirə salındı. Sizə də məlumdur ki, Azərbaycanla Küveyt arasında Hökumətlərarası Birgə Komissiya fəaliyyət göstərir və bu Komissiyaya siyasi, iqtisadi əlaqələr, eləcə də, investisiya, energetika, elm, təhsil, mədəniyyət,turizm və sair sahələri təmsil edən qurumlar daxildir. İndiyədək Komissiyanın iki iclası baş tutub və bu il üçüncü iclasın keçirilməsi gözlənilir. Əslində iclasın 2021-ci ildə keçirilməsi nəzərdə tutulsa da, pandemiya səbəbindən təxirə salındı. Küveyt dövləti olaraq, biz Azərbaycanla ikitərəfli  əməkdaşlığın daha da inkişaf etdirilməsində, xüsusilə iqtisadi sahədə əlaqələrimizin ən yüksək səviyyəyə çatdırılmasında maraqlıyıq və ümid edirəm ki, qarşıya qoyduğumuz  məqsədə nail olacağıq.

- İqtisadi ticarət sahəsində aşağı göstəriciləri yüksəltmək üçün indiki post-pandemiya dövründə iki ölkə arasında hansı addımların atılacağı gözlənilir, 2023-cü ildə hansı böyük iqtisadi layihələr icra ediləcək?

- Pandemiya səbəbindən, qeyd etdiyim kimi, Küveytlə Azərbaycan arasındakı iqtisadi-ticarət əlaqələri son bir neçə ildir, ölkələrimizin mövcud potensialına cavab vermir. Bir müddət öncə İqtisadiyyat naziri Mikayıl Cabbarovla keçirdiyimiz görüşdə Küveyt tərəfindən bir sıra layihələrin həyata keçirilməsində maraqlı olduğumuzu diqqətə çatdırdıq. Eyni zamanda, Azərbaycanda icrası gözlənilən layihələrlə bağlı məlumat almaq istədik. Məqsədimiz məlumatları Küveytdəki müvafiq qurumlara, özəl sektora yönləndirmək və əlaqə qurulmasına nail olmaqdır. Təbii ki, layihələr onlarda fikir  formalaşdıracaq, hansılar daha cəlbedicidir, iki ölkə üçün əhmiyyətilidir və sair, nəzərə alacaqlar. Hökumətlərarası Birgə Komissiyanın üçüncü iclasını keçirildikdən sonra bu cür görüşlərin sayı daha da artacaq. Hər iki ölkənin Xarici İşlər nazirlərinin rəhbərlik etdiyi Komissiyanın növbəti iclasının Küveytdə keçirilməsi planlaşdırılır. Əlbəttə, pandemiya dövründə komissiyaya daxil olan ayrı-ayrı qurumlar onlayn görüşlər keçirib, hansı ki, bunu həm də hazırlıq görüşləri saymaq olar. Ümid edirəm üçüncü iclasdan sonra iki ölkə arasında iqtisadi-ticarət əlaqələri yüksələn xətt üzrə davam edəcək, pandemiya dövründə yaranmış bütün problemlər aradan qalxacaq. Onu da nəzərinizə çatdırım ki, Azərbaycanda səfir kimi fəaliyyətə başlayarkən ölkə rəsmiləri ilə görüşlər keçirmək üçün bir proqram hazırladım. İlk olaraq etimadnaməmi prezident İlham Əliyevə təqdim etdim. Sonra Xarici İşlər Nazirliyində və digər qurumlarda görüşlər keçirdim. Bundan sonra da iki dost ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün mütamadi görüşlərimiz və sıx təmaslarımızı davam etdirəcəyik. Ən böyük istəyimiz ikitərəfli əlaqələri müxtəlif səviyyələrdə inkişaf etdirmək və qarşımıza qoyduğumuz hədəflərə çatmaqdır.

- Ən azından iqtisadi əlaqələri yüksək səviyyədə olan siyasi münasibətlərimizə uyğunlaşdırmalıyıq...

- Doğrudan da, siyasi münasibətlərimiz yüksək səviyyədədir. Ölkələrimiz arasında bu sahədə koordinasiya mövcuddur. Bu beynəlxalq təşkilatlar çərçivəsində də özünü açıq şəkildə göstərir. Dövlətlərimiz arasında beynəlxalq müstəvidə bir-birimizin namizədlərini dəstəkləmək üçün əldə edilmiş razılıq uğurla həyata keçirilir. Küveytlə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, OPEC+ çərçivəsində də sıx əməkdaşlıq edir. Şəxsən mən də səfir olaraq Azərbaycanda fəaliyyət göstərdiyim müddətdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün  səylərimi əsirgəməyəcəm.

- Məncə iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün turizm sahəsində əməkdaşlığı gücləndirməyə ehtiyac var. Çünki müasir dövrümüzdə turizm sənayesi ölkələrin diqqət yetirdiyi ən vacib sektordur. Bu müstəvidə hansı planlar var?

- Küveytlə Azərbaycan arasında turizm əlaqələri çox yaxşı inkişaf edib. Azərbaycana gələn küveytli turistlərin sayı digər Körfəz ölkələri ilə müqayisədə qat-qat çoxdur. Düzdür, son üç illik pandemiya dövründə bu sayda azalma qeydə alınsa da, məsələn ötən il Küveytdən Azərbaycana 22 min nəfər turist gəlib. Ümid edirəm ki, qarşıdakı illərdə bu say daha da artacaq. Çünki Azərbaycanla Küveyt arasında əlaqələrin inkişafı üçün hər cür infrastruktur mövcuddur. Xüsusilə ölkənizdəki təhlükəsizliyi, sabitliyi, yerli xalqın əcnəbi turistlərə xoş, mehriban münasibətini, qonaqpərvərliyini qeyd etmək istəyirəm. Bütün bunlar turizmin inkişafına təkan verən amillərdir. Azərbaycan yay, qış, ov turizmi, digər turizm sahələrinin də inkişafı üçün çox yaxşı şərait var. Qeyd etdiyim kimi, həm yayda, həm də qışda turistlər Azərbaycana rahat şəkildə səfər edə bilərlər. 2017-ci ildən başlayaraq, ölkələrimiz arasında birbaşa hava yolları da fəaliyyət göstərir. Hazırda Küveyt Hava Yolları və “Əl-Cəzirə” özəl hava yolu şirkəti Bakıya aviareyslər həyata keçirir. Bu sırada AZAL da var. Düzdür, şirkət uçuşlarımüvəqqəti dayandırıb, amma yəqin ki, yaxınlarda yenidən reysləri davam etdirəcək. Bütün bu amilləri və Azərbaycana turist axınını nəzərə alaraq, deyə bilərik ki, turizm ən perspektivli sahələrdən biridir. Yəqin ki, önümüzdəki illər pandemiya tam aradan qalxandan sonra və bunabənzər hər hansı əskiklik baş verməsə, Küveytdən gələn turistlərin sayı daha da artacaq.

- Küveyt Azərbaycana müstəqilliyinin ilk günündən bütün sahələrdə davamlı dəstək verib. Biz Küveyt dövlətinin uzun müddət azərbaycanlı qaçqın və məcburi köçkünləri himayə etdiyini bilirik və bunu heç vaxt unutmayacağıq. Bəs indi vəziyyət necədir, Küveyt Azərbaycanda bu müstəvidə hansısa humanitar layihələr həyata keçirir?

- Küveyt açıq siyasi xətt yürüdən, dünyada sülh və sabitliyə, inkişafa öz töhfəsini verməyə çalışan, eyni zamanda, müxtəlif məsələlərdə vasitəçilik edən ölkədir. Xüsusilə Küveyt dünyada xeyriyyəçilik işləri ilə, humanitar yardımları ilə məşhur olan dövlətlərdən biridir. BMT tərəfindən də ölkəmizin humanitar sahədə göstərdiyi səylər öz qiymətini alıb. Küveytin  mərhum əmiri Şeyx Cabir Əl-Əhməd Əl-Sabah 2014-cü ildə BMT tərəfindən “Humanist Lider” adına layiq görülüb. Bu da Küveyt siyasətinin bütün dünyaya açıq nümunəsidir. Beynəlxalq birlik tərəfindən də səylərimizin dəstəklənməsindən məmnunuq. Qeyd etmək istəyirəm ki, bir neçə gün öncə Türkiyə və Suriyada baş verən zəlzələdən biz də çox üzüldük. Küveyt ilk saatlardan həm dövlət səviyyəsində, həm özəl sektor, həm də xalq tərəfindən hər iki ölkəyə - zəlzələdən zərər çəkən insanlara öz yardımlarını göndərdi. Bir neçə saat ərzində yardım daşıyan təyyarələrimiz Türkiyə və Suriyaya endi. Bundan sonra da yardımlarımız davam edəcək (Red. Müsahibə çapa hazırlanan saatlarda Küveyt hökuməti zəlzələdən zərərçəkmişlərə yardım məqsədilə Türkiyə və Suriyanın hər birinə əlavə olaraq 15 milyon dollar vəsait ayaırdı). Küveyt dövləti olaraq, hər zaman köməyə, yardıma ehtiyacı olan ökələrin, insanların yanındayıq və bunu özümüzə borc bilirik.

- Bilirsiniz, 44 günlük müharibə nəticəsində Ermənistanın əsarətindən azad olunan Azərbaycan torpaqlarında bəzi dost ölkələrin də iştirakı ilə tikinti-quruculuq işləri icra olunur. Məncə bu layihələrdən pay almaq Küveytin də haqqıdır. Bilmək istərdik: Küveyt hökuməti və ya küveytli iş adamları azad edilmiş bölgələrimizdə həyata keçirilən layihələrdə iştirak edir?

- Əlbəttə, keçirdiyimiz görüşlərdə bu barədə rəsmi təkliflər almışıq. Təbii ki, bizim də cavabımız müsbətdir, Küveyt tərəfinin layihələrdə iştirakı gözlənilir. Yuxarıda da qeyd etdiyim kimi, Hökumətlərarası Birgə Komissiyanın iclasları zamanı bu məsələ müəyyənləşəcək. Küveyt tikinti-quruculuq işlərində hansı layihələrdə, hansı sahələr üzrə iştirak edəcək, bununla bağlı konkret məlumat yoxdur. Bu məsələ hər iki tərəfin iştirakı ilə keçiriləcək iclaslardakı müzakirələr, birbaşa təmasların nəticəsində müəyyən olunacaq. Əlbəttə Küveytdən olan iş adamları, investorlar üçün daha maraqlı sahələr investisiya mühiti, qida təhlükəsizliyi və sairdir. İnvestisiya mühitinin formalaşdırılması, Azərbaycanda hansı qanunlar qüvvədədir və bu qanunlarda xarici sərmayənin qorunması ilə bağlı hansı şərtlər irəli sürülür, yəni xarici investisiyaların qorunması hansı səviyyədədir, bütün  bunları bilmək lazımdır. Bizim tərəfdə sadaladıqlarımla bağlı məlumat az olduğuna görə, hər şey görüşlərdən sonra bilinəcək.

- Bir ağrılı məsələyə münasibətinizi soruşacağam. Qeyd etdiyimiz kimi, siyasi müstəvidə çox sıx əlaqələrimiz var və biz bu münasibətlərin nəticəsini Azərbaycanın Tehrandakı səfirliyinə məlum terror hücumu zamanı Küveytdən aldığımız dəstəkdə gördük. Bölgənin digər ərəb ölkələri kimi, Küveyd həm fərdi, həm də Körfəz İttifaqı daxilində hücumu qınadı və cinayəti araşdırılmasını tələb etdi. Ümumiyyətlə, səfirliyə hücumla bağlı fikrinizi eşitmək istərdik...

- Ölkəmizin bununla bağlı mövqeyi bəllidir, hadisədən dərhal sonra Xarici İşlər Nazirliyi rəsmi bəyanat yaydı. Baş verən hadisə terror idi və Küveyt terrorun bütün növlərini şiddətlə qınayır. Küveyt dövləti Tehranda Azərbaycanın səfirliyinə edilən və bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən silahlı hücumu qətiyyətlə pislədi, bu hadisədə Azərbaycanla həmrəyliyini və onun yanında olduğunu bildirdi. Biz həm nazirlik, həm də səfirlik olaraq yaydığımız bəyanatda Azərbaycana və həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını dilədik. Səfirliyə edilən hücum, səfirlik əməkdaşlarının öldürülməsi və yaralanması, insanların həyatının təhlükəyə atılmasına səəb verən hücum bilərəkdən törədilib. Təbii ki, dövlətimin mövqeyi, mənim də mövqeyimdir.

- Küveytdə son bir ildir niyə hökumət qurulmur? Daha doğrusu qurulur, az sonra dağılır. Bildiyim qədər sonuncu hökumət parlamentlə hansısa sosial məsələdə fikir ayrılığı üzündən istefaya getdi. Sizcə nə baş verir?

- Burada qeyri-adi heç nə yoxdur. Küveyt hökumətində gedən proseslər, yəni hökumətin qurulması və ya istefaya getməsi konstitusiyaya tam uyğundur və heç bir qayda pozuntusuna yol verilmir. Ümumiyyətlə, hürriyyət və azadlıq olan cəmiyyətlərin hamısında bu proseslər belə tənzimlənir. Bu xalqın və dövlətin söz azadlığına verdiyi önəmin göstəricisidir. Əgər hökumətdən narazılıq varsa, onun istefası tələb olunursa, bu tələb yerinə yetirilməlidir. Qeyd edim ki, hökumət istefa versə də, hələlik fəaliyyətini davam etdirir. Ümumiyyətlə, Küveytdə bir presudur var: yeni hökumət qurulunca və ya onun istefası dövlət başçısı - Əmir tərəfindən qəbul edilincə köhnə kabinet fəaliyyətini dayandırmır. Hətta o da mümkündür ki, hökumətin istefası Əmir tərəfindən qəbul olunmasın və o fəaliyyətini davam etdirsin.

- Yeri gəlmişkən, hökumətin istefasını qəbul edib Əmir?

- Qəbul edilib, amma konstitusiyaya əsasən müəyyən müddət var, bu vaxt ərzində yeni hökumət formalaşmalıdır. Amma ola bilər yeni hökumət qurulmasın və Əmir baş nazirə tapşırsın ki, öz hökuməti ilə qalsın və sair. Yenə deyirəm: hökumətlə parlament arasında yaranmış narazılıq şəxsi deyil, konstitusiyaya uyğun şəkildə, xalqın və ölkənin maraqları müstəvisində baş verib.   

- Sosial problemdən söz düşmüşkən, post-pandemiya dövründə Küveytə sosial-iqtisadi vəziyyət necədir, ölkəniz pandemiyadan əvvəlki vəziyyəti bərpa edə bilib?

- Hazırda ölkəmizdə sosial-iqtisadi durum sabitdir. Küveyt dünyada ilk ölkələrdən biri oldu ki, bütün lazımi tədbirləri gördü, pandemiyadan sonra iqtisadiyyatının ən az zərərlə çıxmasına nail oldu. Küveyt Ümumdünya Səhiyyə Təşkilatının verdiyi bütün tövsiyələrə əməl etdi. Vətəndaşlar, daha doğrusu, ölkədə yaşayan bütün insanlar, o cümlədən müvəqqəti yaşayan əcnəbilər pulsuz vaksinlərlə təmin olundular. Doğrudur, bütün ölkələr kimi, Küveyt iqtisadiyyatı da pandemiyadan təsirsiz ötüşmədi. Amma qeyd etdiyim kimi, biz bundan ən az zərərlə çıxmağı bacardıq. Bu da ölkədə həyata keçirilən siyasətin nəticəsində mümkün oldu. Deyə bilərəm ki, hazırda ölkədə vəziyyət yaxşıdır.

- Küveyt barədə Azərbaycanın sadə insanları bu gün daha az məlumata malikdirlər. Qonşuları İraq, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və ya Səudiyyə Krallığı ilə müqayisədə Küveytlə Azərbaycan arasında gediş-gəliş olduqca azdır və hətta çoxları Küveyti qapalı ölkə kimi xarakterizə edir. Nə təklif edirsiniz, necə edək ki, gediş-gəliş artsın? Məncə media qrupları qarşılıqlı səfərlər etməlidirlər – küveytli jurnalistlər Bakıya, azərbaycanlı jurnalistlər isə Küveytə gedib reportajlar hazırlamalı, ölkələrimizin turistik potensialı insanlarımıza tanıdılmalıdır. Bu müstəvidə fikirlərinizi eşitmək istərdik...

- Bu siz tərəfdən verilən çox yaxşı təklifdir və dəyərləndirilə bilər. Şəxsən mən bir səfir olaraq bu layihənin həyata keçirilməsinə dəstək verməyə hazıram. Məlumdur ki, media və ya vətəndaş cəmiyyətləri arasında təmaslar qurulmasa, xalqların bir-birini tanıması da çox çətin olar. Çünki qarşılıqlı şəkildə mətbuat orqanlarında reportajların yayımlanması və telekanallarda tanıtım xarakterli sujetlərin verilməsi xalqlarımız arasında əlaqələrin inkişafına, gediş-gəlişin artmasına töhfə verərdi.