Laçına böyük köç başlayır - Mahir Abbaszadə

14:17 18.08.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyevin regionlara növbəti səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsi ölkə ictimaiyyətində növbəti qayıdış sevinci və güvən hissi yaratdı. Prezidentin bu çıxışı Laçın camaatı üçün xüsusi bir müjdə, öz evinə, torpağına qayıdış anonsu oldu. Ölkə başçısının dediyi “Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq Dövlət Qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq”,  - sözləri xüsusi diqqət çəkib. Bu, Laçın camaatı tərəfindən böyük qayıdış müjdəsi kimi qarşılanıb. Milli Məclisin Laçından olan deputatı Mahir Abbaszadə mövcud geosiyasi reallıqlara toxunaraq, Laçın ətrafında gedən proseslərlə bağlı hafta.az-a müsahibə verib.

- Prezidentin Laçına qayıdışla bağlı dediyi fikirlərə münasibət bildirməyinizi xahiş edirik...

- Prezidentin çıxışını 44 günlük müharibə, postmüharibə dövrünün reallıqları fonunda cərəyan edən mühüm prosesin nəticəsi kimi dəyərləndirirəm. Azərbaycan 44 günlük Vətən müharibəsində böyük qələbə əldə etdikdən sonra, Azərbaycan- Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin birgə imzaladığı bəyanata əsasən Qarabağda yaşayan etnik ermənilərin  Ermənistanla gediş-gəlişini təmin etmək məqsədilə Laçın rayonunun şəhər mərkəzindən keçməyərək yeni bir yolun çəkilişi ilə bağlı razılıq əldə edilmişdi. Həmin sazişə uyğun olaraq Azərbayan bu yolu yaxın 3 il ərzində çəkib istifadəyə verməyi öz öhdəsinə götürmüşdü.  Azərbaycan tərəfi 9 Noyabr Bəyannaməsinin müddəlarına uyğun olaraq yeni yolun çəkilişini həyata keçirib və bizdə olan məlumata görə, avqust ayından bu məsələlər öz müsbət həllini tapmaqdadır.  Hazırda Laçından Ermənistana çəkilən yeni yol keyfiyyət baxımından dünya standartlarına uyğundur. Azərbaycan tərəfi bu yolun çəkilişi ilə məşğul olur və hətta erməni bloggerləri, bəzi xəbər saytları belə həmin yolun oduqca keyfiyyətli olduğunu etiraf edirlər. Bu gün Ermənistanın özündə belə bir yol yoxdur.

 Ermənistan tərəfi bu yolun çəkilişi ilə bağlı müxtəlif təxribatlar həyata keçirir, prosesə maneə olmağa çalışır. Revanşist qüvvələr bu yolun perspektivsizliyi, təhlükəli olduğu ilə bağlı təbliğat işləri aparsalar da, sonda Azərbaycan tərəfinin dedikləri oldu.

Möhtərəm Prezidentin mətbuata verdiyi müsahibələrdən görünür ki, yaxın zamanlarda, avqust ayının sonlarında Laçın rayonunun mərkəzində, Zabuxda, Susda fəaliyyət göstərən sülhməramlı qüvvələr, artıq yeni yolun təhlükəsizliyi ilə bağlı fəaliyyətə başlayacaqlar. Belə olduğu təqdirdə, Laçın rayonunun şəhər mərkəzi, Sus, Zabux, Ağanus və digər kəndlər Azərbaycan tərəfinin nəzarətinə qaytarılacaqdır. 

Məlumdur ki, müharibədən sonrakı müddətdə və 1992-ci ildə Laçın rayonu işğal edildikdən sonra, Ermənistan tərəfindən Yaxın Şərq ölkələrindən gətirilərək ərazilərimizdə kifayət qədər qanunsuz ermənilər məskunlaşdırılıb. İndi sülhməramlıların yeni yolun mühafizəsi ilə əlaqədar öz mövqelərini dəyişmələri ermənilərin də işğal etdikləri torpaqlardan çıxıb getmələrini şərtləndirib. Təbii ki, Ermənistan tərəfi bu gedişi də müəyyən mənada ləngitməyə çalışır. Azərbaycan tərəfinin qəti mövqeyi bir daha göstərir ki, biz cənab Prezidentin qeyd etdiyi kimi qarşıya qoyduğumuz bütün məqsədlərə zaman-zaman nail olmaqdayıq. 

- Laçının təmizlənməsi prosesi necə gedir və rayonu tərk edən ermənilərin sərgilədiyi davranış - yanğınlar, dağıntılar, təxribatçı hərəkətlər və belə bir ərəfədə sülhməramlıların sərgilədiyi yanaşma nədən xəbər verir?

- Bu gün ermənilərin Laçından çıxarkən yanğınlar, dağıntılar törətməsinə artıq təəccüblənmirik. 2020-ci ildə əldə etdiyimiz böyük qələbədən sonra ermənilər Laçın və Kəlbəcər rayonlarından çıxarkən də belə yanğınlara, dağıntılara yol verirdilər. 

Əslində, ermənilərin bizim ərazilərdə törətdiyi yanğınlar, dağıntılar rus sülhməramlılarının məsuliyyət zonasınasına daxildir və bu proses onların gözləri qarşısında baş verir. Rus sülhməramlıları Laçında törədilən bu yanğınlara, bu dağıntılara müşahidəçi qismində deyil, qarşısını almağa bilavasitə cavabdehdirlər. Çox təəssüflər olsun, rus sülhməramlıları bu missiyanı həyata keçirmirlər.

Mən sosial mediadan, mətbuatdan izlədim ki, ermənilər kəndlərimizdən çıxarkən evlərini, Zabuxa gedən yolların kənarlarındakı meşələrdə necə yanğınlar törədirlər. Təbii ki, ermənilərin istər Qarabağda, istər Şərqi Zəngəzurda 1992-ci ildən 2020-ci ilə qədər işğal etdiyi ərazilərdə törətdiyi dağıntılar, fauna və  floranın məhv edilməsi, təbii sərvətlərin daşınaraq aparılması, yaşayış evlərinin, sosial obyektlərin tamamilə dağıdılıb, sökülüb aparılması ilə bağlı Azərbaycan dövləti ciddi hesablama, qiymətləndirmə aparır. Bu gün Zabuxda, Susda baş verən yanğınlar, dağıntılar da o tədqiqatlara əlavə edilməlidir ki, gələcəkdə Ermənistanın təzminat ödəməsi ilə bağlı məsələ gündəliyə gələndə bu faktlar da öz əksini tapa bilsin.

Eyni zamanda rus sülhməramlılarına xəbərdarlıq edilməlidir ki, onlar ermənilərin bu  cinayətlərinin qarşısını alsınlar. Eləcə də Azərbaycan dövləti ermənilərin törətdiyi bu hadisələrin qiymətləndirilməsi və belə səhvlərə, dağıntılara yol verdiklərinə görə Ermənistandan təzminatın tələb edilməsi ilə bağlı öz işlərini davam etdirməlidir.

- Laçınlılar öz yurduna qayıdacaqlar. Bundan əvvəl rayonun infrastrukturunun bərpası, məşğulluğu, şəhər və kəndin yaşayış üçün yararlı olması vacib şərt kimi önə çıxır. Ümumiyyətlə, Laçının Baş Planı hazırdırmı və buna müvafiq olaraq qayıdışla bağlı hansı addımlar atılır və yaxud qayıdış nə vaxt başlana bilər?

- Möhtərəm Prezdentin tapşırığına əsasən işğaldan azad olunan ərazilərin baş planlarının, ona uyğun müfəssəl planın hazıranması ilə bağlı ciddi işlər gedir. Mətbuatdan da bildiyiniz kimi, digər rayonların müfəssəl baş planlarının təqdimetmə mərasimləri qeyd edilib. Laçın rayonunda da bu proses getməkdədir. Bizdə olan məlumata görə, Laçın şəhər mərkəzinin və bəzi kəndlərin baş planının hazırlanması ilə bağlı Şəhərsalma Arxitektura Komitəsi tərəfindən ciddi işlər getməkdədir. Bu il Laçın rayonunun 3 kəndinin baş planının hazırlanması nəzərdə tutulurdu. Bunlar Güləbird, Şəlvə, Qorçu kəndləridir ki, bu kəndlərin artıq qəsəbə formasında tikilib istifadəyə veriləcəyi qeyd olunur. Eyni zamanda, Laçın şəhər mərkəzinin və digər kəndlərinin də boşaldılması ona imkan verir ki, Şəhərsalma Arxitektura Komitəsi tərəfindən Baş Planın hazırlanması və müfəssəl planın həyata keçirilməsi təmin edilsin. İndiyədək Şəhərsalma Arxitektura Komitəsi tərəfindən müxtəlif Google və müxtəlif vasitələrdən istifadə edilərək, Baş  Planın hazırlanması prosesi həyata keçirdilirdisə, artıq indi ermənilərin şəhər mərkəzindən çıxarılması nəticəsində bu məsələləri sürətləndirmək və tez bir zamanda həyata keçirilmək mümkün olacaq.

Zabux və Sus kəndləri ilə bağlı xüsusi bir yanaşma var. Bu kəndlərdə olan evlərin bəziləri istifadəyə yararlı olduğuna görə cənab Prezident tapşırıq verib ki, o yerlərə təcili insanların köçürülməsi prosesi başlansın. Bununla bir tərəfdən, orada yaşayışı təmin etmiş olaq, digər tərəfdən də biz vətəndə yaşamaq haqqımızdan istifadə edəcəyik.

- Bir laçınlı deputat olaraq, Laçın rayonu əhalisinin öz rayonuna, öz kəndinə, öz ata-baba yurduna qayıtmaq istəklərini, keçirdiyi hissləri necə müşahidə edirsiniz?

 - Həm rayon mərkəzinin şəhər əhalisi, həm Sus, Zabux, Ağanus və Laçının digər 125 kəndinin əhalisi öz yurdlarına qayıtmağı səbirsizliklə gözləyir. Möhtərəm Prezidentin televiziya ilə çıxışında "Mən tapşırıq vermişəm ki,  keçmiş məcburi köçkünlərin öz yerlərinə qayıtması üçün köçü təşkil edilsin" fikirləri bizim üçün çox böyük qələbə sevincidir.  Cənab Prezidentin belə anonslar verməsi  Böyük Qayıdışın sevincidir. Laçınlılar bugünkü günləri gördülər. Bu, Azərbaycanın gələcək inkişafından xəbər verir. Azərbaycanın qüdrətli Ordusu müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan dövlətinin  gücü ilə bu ərazilərdə bərpa-quruculuq prosesləri uğurla həyata keçəcək. Azərbaycan dövləti öz gücü ilə işğala məruz qalmış torpaqları azad etdi. Məcburi qaçqın düşmüş insanlarımız Azərbaycan dövlətinin dəstəyi ilə öz torpaqlarına qayıdacaq və bu ərazilərdə yaşayıb-yaradacaq...

Oxunma sayı 418