Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarovla hafta.az üçün növbəti söhbətimizdə Münhen Təhlükəsizlik Konfransından az sonra Ermənistanın həm dövlət sərhədimizdə, həmçinin Qarabağdakı təmas xəttində atəşkəsi pozmasının səbəbləri, rəsmi İrəvanın iki ölkə arasındakı sərhədin hər iki tərəfində gömrük və təhlükəsizlik postlarının qurulması ilə razılaşıb-razılaşmayacağı, Azərbaycan dövlətinin Xankəndi, Xocalı və digər hüquqi-tarixi ərazilərimizdə yurisdiksiyasını bərpa etməsi qarşısındakı əngəllər və s. məsələləri müzakirə etməyə çalışdıq.
- Münhen Təhlükəsizlik Konfransından bir həftə ötməmiş, artıq erməni qüvvələri həm Ermənistanla sərhəd, həm də Qarabağ ərazisində Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqla atəşkəsi pozmağa başlayıblar. Nə baş verir?
- Biz bu mövzunu bir az dərindən təhlil etsək, görəcəyik ki, Ermənistanın son vaxtlar əsas məqsədi Azərbaycanla sərhədə xarici missiya gətirmək idi. Hazırda da Paşinyan hökuməti çalışır ki, həmin missiya daha da geniş tərkibdə və imkanlara, hansısa hərbi funksiyalara malik olsun. Sərhəddə atəşkəsin pozulmasıyla müşayiət olunan təxribatları da məhz eyni məqsədlə törədirlər ki, sonradan Azərbaycanı haqsız yerə ittiham edərək, yenə də hansısa beynəlxalq media vasitələrində hay-küy kampaniyası başladaraq digər bir addım atacaqlar. Görünür, Avropa İttifaqı, ələlxüsus da Fransa sərhəddəki 10 jandarma qane olmaq istəmir. Və gələcəkdə onların bəhs edilən missiyanı bu və ya digər şəkildə Azərbaycan ərazisində, yəni Qarabağ bölgəsində yerləşdirməsi istisna olunmur. Yəni belə bir məqsədi mütləq və mütləq qarşılarına qoyublar...
- Yəni hesab edirsiniz ki, sərhəddə və cəbhə xəttindəki son təxribatlar bu məqsədlə törədilib?
- Düşmən qüvvələr yenə də Azərbaycana qarşı hansısa təbliğat dalğası yaradıb müəyyən məqsədlərə nail olmağa çalışırlar...
- Görünür, Ermənistan Münhendə Azərbaycan tərəfindən təklif olunan iki ölkə arasındakı sərhədin hər iki tərəfində gömrük və təhlükəsizlik postlarının qurulmasıyla da razılaşmayacaq?..
- Ermənilər yaxşı başa düşürlər ki, əgər Azərbaycan tərəfi sərhəddə öz qanunlarına uyğun olaraq nəzarətini təşkil edəcəksə, onların Qarabağ bölgəsindəki imkanları çox ciddi şəkildə məhdudlaşacaq. Yəni nəzarət olandan sonra vardanyanların, eləcə də digər terrorçu xislətli şəxslərin, muzdluların və təbii ki, hərbi texnika və silah-sursatın gizli şəkildə olsa da, Qarabağa çatdırılması mümkün olmayacaq. Bununla da onların Azərbaycan əraziləri ilə bağlı gələcək planlarının üzərindən xətt çəkiləcək... Təbii ki, belə olmasını da istəmirlər... Söhbət yalnız müxalifətdən getmir. Elə Paşinyanın özü də bu niyyətdədir...
- Belə çıxır ki, Laçın yolunun taleyinin ədalətli şəkildə, yəni Azərbaycanın xeyrinə həlli hələ xeyli müddət vaxt aparacaq?
- Yox. Əminəm ki, qısa müddətdə Azərbaycan orada, deyilən kimi nəzarəti təmin edəcək...
- Artıq Ermənistan ərazisində Qarabağa aparan yeni yolun tikintisinin aprelin 1-dək başa çatdırılacağı haqda da rəsmi məlumatlar yayılıb...
- Bu, artıq onların öz işləridir...
- Yəni ən azı həmin tarixdən Azərbaycan tərəfinin də eyni yolda, yəni Həkəri çayı üzərindəki körpü yaxınlığında sərhəd-keçid məntəqəsini qurması yaxşı olar...
- Laçın ərazisində Ermənistanla sərhəddəki nəzarət-keçid postunu elə bu gün qoysaq, lap yaxşı olar...
Amma problem ondadır ki, bölgədə Qərb-Rusiya qarşıdurmasının real olmasına, doğrusu, inanmıram. Yəni söhbət ondan gedir ki, hansısa mərhələdə onlar Azərbaycan və Qarabağla bağlı öz aralarında dil tapa bilərlər. Bu baxımdan belə bir fikir yayılıb ki, guya Rusiya bizim tərəfimizdədir. Bu da düzgün fikir deyil... Kremldən bu cür münasibət olsa da belə, müvəqqətidir...
- Hətta belə fikirlər də yayılır ki, guya gələcəkdə Ermənistan sərhədində və Qarabağda Almaniya polisi və Fransa jandarm qüvvələri Rusiya “sülhməramlı” kontingenti ilə birgə fəaliyyət aparmaq üçün razılaşa da bilərlər.
- Elə mən məhz bunu nəzərdə tuturam. Onu demək istəyirəm ki, gec-tez onlar bu təkliflə bir-birinə çıxacaqlar...
- Yəni Qarabağla bağlı ortaq məxrəcə gələcəklər?
- Bəli... Buna bizim şübhəmiz olmasın... Bu barədə sizinlə əvvəlki söhbətlərimizdə də danışmışıq və indi də o fikirdəyəm... Zaxarova deyib ki, guya Qərb məqsəd qoyub ki, Rusiyanı Qafqazdan çıxarsın... Bu özü də göstərir ki, Qərblə Rusiya arasında siyasi alver hələ bitməyib. Və həmin alverin getməsi heç kəsdə şübhə doğurmasın...
- Ümumiyyətlə, Azərbaycan Dövlətinin Xankəndi, Xocalı və digər hüquqi-tarixi ərazilərimizdə yurisdiksiyasını bərpa etməsi əsasən hansı amillərdən asılıdır?
- Bilirsiniz, Vardanyan layihəsinin əsas məqsədi ondan ibarətdir ki, Qarabağdakı ermənilər vasitəsilə Azərbaycana “müqavimət sistemi” yaradılsın. Bizim də əsas məqsədimiz torpaqlarımızdakı separatçı qüvvələri neytrallaşdırmaqdır. Azərbaycanın səyləri ona yönəlib ki, Laçın yoluna və həmin ərazidəki dövlət sərhədimizə dövlət nəzarəti olsun və Vardanyan kimi ünsürlərin fəaliyyətinin qarşısını ala bilək. Və bundan sonra orada qalan ermənilər də anlayacaqlar ki, Azərbaycanın qanunlarına tabe olmaqdan savayı yolları yoxdur. Əslində ağlı başında olan ermənilər çoxdan anlayırlar ki, bu gedişlə onlar üçün heç bir perspektiv yoxdur. Amma hər halda Vardanyan kimi oyunçular və digərləri bu illüziyaları yaratmaqdadırlar...
- Onun Moskvaya gedib-qayıtmasından və s. amillərdən belə anlaşılır ki, Vardanyan layihəsi, deyəsən, hələ bir müddət davam edəcək...
- Əslinə qalsa, bu layihə bitməlidir. Çünki ermənilər də başa düşürlər ki, Vardanyan layihəsi onlara daha çox ziyan gətirir. Və gec-tez onu da anlayarlar ki, üzərində “Kreml layihəsi” möhürü olan Vardanyan daha çox onların zərərinə işləyir...
- Vardanyanın yerinə Paşinyanın xətti ilə Sorosun adamı olduğu deyilən Xankəndindəki separatçı rejimin qondarma “prokuroru” sayılan birinin təyin olunacağı haqda da xəbərlər dolaşır...
- Bu da istisna olunmur. Dediyim kimi, Qarabağda ermənilər üçün əsas səhv ondan ibarət olmuşdu ki, Kremllə bağlı olan bir şəxsin imicini təmizləmək mümkün ola bilməzdi. İstər-istəməz Qərb də bəlkə də hansısa mərhələdə Vardanyandan istifadə etməyə hazır idi... Biz görürdük ki, son aylar Qərb mediasında bu qondarma “dövlət naziri” üçün geniş imkanlar yaradılır. İndi isə onlar da görür ki, Azərbaycan qəti olaraq Vardanyanın Qarabağdakı fəaliyyətinin əleyhinədir və onun Moskvanın adamı olmadığını sübut etmək alınmadı. Mən əminəm ki, Ruben qısa müddətdə Qarabağı birdəfəlik tərk etməyə məcbur olacaq... Hər halda məntiq bunu göstərir...