Regionun geosiyasi mənzərəsi özünün gərginliyi ilə müşahidə olunur. Mürəkkəbliyi ilə diqqət çəkən proseslərin fonunda Azərbaycanın işğaldan azad olunmuş ərazilərə qayıdışı Prezidentin “Biz Laçına qayıdırıq” mesajı xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, Laçın dəhlizi ilə paralel Zəngəzur dəhlizinin açılmasında yaranan düyünlər də önə çıxır. Zəngəzur dəhlizinin açılmasında region güclərinin maraqları toqquşur və proses uzansa da, mütləq açılacağı qeyd olunur.
Laçına qayıdış, “Laçın dəhlizi”nə nəzarətin Azərbaycanın ixtiyarına keçəcəyi ilə bağlı verilən təhlillər Zəngəzurda bir qədər mübahisələnir.
Bu istiqamətdə hafta.az-a açıqlama verən politoloq Teymur Qasımlı bildirib ki, çox mürəkkəb regionda yerləşməyimiz və üç imperiyanı quran ölkələrlə qonşu olmağımız bir çox hallarda taleyimizi həll edir. Onun sözlərinə görə, buna baxmayaraq 44 günlük müharibədən sonra İravanla Azərbaycan önəmli bir yerə çatıb. Regionda dövlətlərin maraqlarının toqquşması və hər bir dövlətin Zəngəzur dəhlizindən özünə pay götürmək cəhdləri ilə o “yolda” tıxac yaradır.
Politoloq hesab edir ki, bütün hallarda Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirməlidir, əks halda qisas əməliyyatının ardı olacaq.
“Ermənistan istəməsə də Zəngəzur dəhlizi açılacaq. Bu ciddi bir mesajdır. Görünən odur ki, Zəngəzur dəhlizi dalana dirənib. Çünki Zəngəzur dəhlizi böyük güclər üçün önəmlidir, amma o güclərin də burda marağı var və öz paylarını götürmək istəyirlər. Belə bir şəraitdə Azərbaycan düzgün addımlar atmalı, güclənməlidir. Kimin nə deməsindən asılı olmayaraq, əsas bizim atdığımız addımlardır. Ona görə də hesab edirəm ki, antiterror əməliyyatları davam etməlidir. Bu istiqamətdə hazırlıqlar aparılmalı və gücə güclə cavab verilməlidir. Çünki nə qədər alternativ yolun çəkilişi ilə müəyyən məsələlərin axarına düşəcəyinə ümid bəsləsək də, görünən odur ki, Rusiya öz sülhməramlılarını bizim ərazilərimizdən çıxarmaq istəmir və öz təsirini qorumağa çalışır”.
Laçına qayıdışla bağlı son müzakirələrə diqqət çəkən politoloq hesab edir ki, işğaldan azad olunmuş ərazilərimizə köçlər nə qədər tezləşsə bu bizim xeyrimizədir.
“Amma reallıq budur ki, təhlükəsizlik məsələləri buna imkan vermir. Şahidiyik ki, müharibə dövründə qəhrəmanlıq edən zabitlər, müharibədən sonra, dinc dövrdə minaya düşərək həlak oldular. Nə qədər mülki insanlarımız bu vəziyyətlə qarşılaşdı, ölənlər, xəsarət alanlar oldu. Niyə Rusiya sülhməramlıları erməniləri zərərsizləşdirmir və nəyə görə minaların basdırılmasına imkan verilir. Sülhməramlılar öz üzərilərinə düşən öhdəliyi niyə yerinə yetirmirlər. Ermənilər guya söz vermişdilər ki, gedəndə yandırmayacaqlar. Amma əksini görürük. Ona görə də mən bu imperiyaların heç bir sözünə inanmıram. Hətta Xamenei çıxıb desə ki, Zəngəzur dəhlizinin açılmasına razıdır, ona da inanmayacaqdım.
Ona görə də 10 noyabrdan sonra Ermənistana bir güzəşt də olunmalı deyil, vəssalam. 200 ildir başımıza oyunlar açdılar, torpaqlarımızı işğal etdilər. Bu gün hər bir addım incəliklə hesablanmalıdır. İndi də deyirlər ki, Paşinyan Zəngəzuru açmaq istəyir, Rusiya qoymur. Bunu başa düşdük, yaxşı sən özün axırda hansı addımı atacaqsan, nə edəcəksən”.
Politoloq Turan Rzayev hafta.az-a şərhində
bildirib ki, Prezidentin müsahibəsində diqqətçəkən əsas məqamlardan biri onun Zəngəzur dəhlizi ilə bağlı dedikləridir:
“Biz Ermənistanla sülh danışıqlara başlamalıyıq. Hələ ki, müsbət cavab almamışıq, amma ümid edirəm ki, alacağıq. Delimitasiya komissiyası yaradılmalıdır. Ona da etiraz edirdilər, nəticədə razılaşdılar. Zəngəzur dəhlizi lazımdır, ona da etiraz edirdilər. İndi yaxın həftələrdə biz onlardan Zəngəzur dəhlizinin marşrutunu gözləyirik”.
Politoloq bildirib ki, Zəngəzur dəhlizi Prezidentin üzərində dayandığı və israrla tələb etdiyi prinsipial məsələlərdəndir. Politoloq bildirib ki, Zəngəzur dəhlizi 27 illik danışıqlar prosesinin gündəliyində olmayan və məhz cənab Prezidentin şəxsi təşəbbüsü ilə 10 noyabr bəyanatının mətninə daxil edilən bir məsələdir. Zəngəzur dəhlizi həm regional, həm də qlobal kontekstdə diqqətçəkən məsələdir.
“Prezidentin hər dəfə bu məsələyə toxunması artıq erməni-rus rəsmilərinin də siyasi leksikonuna yer alıb. Prezident açıqca qeyd edir ki, ermənilər delimitasiya komissiyası yaradılmasına razı deyildilər, ancaq nəticədə razılaşdılar. Bu gün Zəngəzur dəhlizinə etiraz edən ermənilər gec-tez buna da razı olacaq”.
Politoloq bunun necə olacağını əslində fotodan anlatdı.
“Prezident Azərbaycan xəritəsində əks olunan bir suveneri paylaşdı və bu suvenerdə Qərbi Zəngəzur Azərbaycan ərazisi olaraq göstərilmişdi. Verilən mesaj əslində çox netdir. Ya Zəngəzur dəhlizi açılacaq, ya da Qərbi Zəngəzur ilhaq ediləcək. Yeri gəlmişkən, Prezident müsahibə zamanı maraqlı bir ifadədə işlətdi: “Əl çəkin ərazi iddialarından. Əl çəkməsəniz, o zaman biz də ərazi iddiası qaldıra bilərik Ermənistana qarşı.
Nəticə etiabrilə Prezidentin son müsahibəsindən belə bir qənatə gəlmək olar ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsinin gecikməsi halında Azərbaycan tarixi Qərbi Zəngəzur torpaqlarına dair təbliğatı artıracaq. Bu istiqamətdə ən azından Ermənistanda azərbaycanlı icmasının yaradılması mümkündür.
Bundan başqa Zəngəzur dəhlizi kontekstində Azərbaycan Ermənistana doğru gedən yolların təhlükəsizlik və nəzarət imkanlarını öz əlinə almaq üçün tədbirlərini genişləndirəcək. Hətta bu istiqamətdə rəsmi İrəvanı çəkindirmək üçün hərbi addımların atılması da mümkündür”-deyə politoloq bildirib.