Mərkəzi Bankın qərarı ilə ötən həftə Azərbaycanda iki bankın lisenziyası ləğv edildi. Bununla bağlı keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bəyan etdi ki, əslində rəhbərlik etdiyi qurum hansısa bankın bağlanılmasında maraqlı deyil. Sadəcə, bağlanan bankları sağaltmaq mümkün olmadığı üçün "cərrahiyyə əməliyyatı aparılıb".
Bəs, görəsən, lisenziyası ləğv olunan banklarda çalışan işçilərin taleyi necə olacaq? Mövcud qanunvericilikdə bu məsələ necə tənzimlənir?
Mövzunu hafta.az-a şərh edən bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, əslində hansısa bankın lisenziyasının ləğv edilməsi onun tamamilə bağlanılması anlamına gəlməməlidir:
“Bəzən deyirlər ki, bankları bağlamaqdansa, onları birləşdirmək daha məqsədəuyğundur. Amma bankların birləşməsi prosesi bağlanma prosesindən daha çətin və uzun çəkir. Çünki bank sahibləri bankların onların əlində olması imkanını itirmək istəmirlər, buna görə də indiyə kimi birləşməyə getmirlər. Bu gün bankların çoxu öz filiallarını bağlayırlar, işçilərini ixtisar edirlər, bankların çoxunun problemləri oxşardır, bu problemlərin də öhdəsindən birgə gələ bilərlər. Amma vacib məqam odur ki, yalnız sağlam, sadəcə müəyyən problemləri olan banklar birləşə bilər. Qeyri-sağlam banklar birləşə bilməz. Qanuna görə, birləşmək istəyən banklar əvvəlcədən bunu elan etməlidir. Hər iki bankın səhmdarları ümumi yığıncağa toplaşmalı, qərar verməlidirlər. Bank sektorundakı son proseslər onu göstərir ki, bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Artıq iki bankın lisenziyası ləğv olunub. Hazırda həmin bankların ləğvetmə prosesi gedir və bu işi də Əmanətlərin Sığortalanması Fondu aparır. Bir məqamı vurğulayım ki, hansısa bankın ləğvetmə prosesi bir-iki ayın işi deyib. Bu müddət hətta 3-4 ilə qədər uzana bilər. Təbii ki, bu prosesə işçi cəlb olunmalıdır. Çünki bankın bütün aktivləri pul vəsaitinə çevrilməlidir. Eyni zamanda, kreditlərin qaytarılması təmin olunmalıdır. Bu mənada bağlanan banklarda çalışan bütün əməkdaşlarının işsiz qaldığını söyləmək olmaz. Ümumilikdə isə, mövcud qanunvericiliyə əsasən, bağlanan bank əməkdaşlarına çalışdıqları müddət ərzində aldıqları aylıq əməkhaqqı həcmində 6 aylıq təzminat ödənilməlidir”.
Məsələyə münasibət açıqlayan millət vəkili Vüqar Bayramov isə hafta.az-a deyib ki, bağlanan bankların bütün işçilərinin işlə təmin olunacağını söyləmək absurddur: “Sözsüz bankda olan bütün işçilərin işlə təmin olunması mümkün deyil. Çünki bank bağlandıqdan sonra bankın funksiyaları da müflisləşmə prosesində olur. Yəni, heç kəsə sirr deyil ki, bağlanan banklar həddən artıq müflis olmuşdular”.
Onun sözlərinə görə, adları çəkilən banklar sadəcə kredit öhdəliklərini və ləğvetmə prosesindəki prosedurları yerinə yetirməyə məsul olurlar: "Təbii ki, bağlanan banklarda müflis olanadək çalışan işçilərin bir qismi işlə təmin olunur. Daha məqsədəuyğun olardı ki, Azərbaycan Banklar Asossasiyası tərəfindən həmin vətəndaşlarımızın işsiz qalmaması üçün fəaliyyətlər həyata keçirilsin. Xüsusən nəzərə alsaq ki, digər banklarda əgər boş vakansiya varsa həmin müflis olmuş banklarda çalışan vətəndaşlarımızın işlə təmin olunmasına dəstək göstərsinlər".
Yeri gəlmişkən, bir neçə gün öncə lisenziyası ləgv olunan “Amrah Bank”ın işçiləri Bankın bağlanmasına, işsiz qalmalarına və əməkhaqlarının ödənilməməsinə etiraz ediblər.
Mərkəzi Bankın sədri Elman Rüstəmov bununla bağlı jurnalistlərə açıqlamasında deyib ki, bank əməkdaşlarının etirazı emosional xarakter daşıyır:
““Amrah Bank"da da apardığımız yoxlamalar göstərdi ki, bu bankda da "Atabank"da olduğu kimi ciddi kapital çatışmazlığı var. "Amrah Bank"ın rəhbərliyinə əlavə vaxt verilmişdi. Biz onlara bildirdik ki, əlavə maliyyələşmə üçün imkanlar var. Onlar da buna razı olmadıqlarını dedikdən sonra biz bu qərarı verdik. Mərkəzi Bank hansısa bankın bağlanmağında maraqlı deyil. Bu məsələ Maliyyə Sabitliyi Şurasında müzakirə edildi və həmin bankları sağaltmaq mümkün olmadığı üçün "cərrahiyyə əməliyyatı aparıldı". Bununla yanaşı, mən “Amrah Bank”ın işçilərinin əməkhaqlarının ödənilməsi üçün tapşırıq vermişəm. Onların əməkhaqqıları ödəniləcək, həmçinin işlə təmin olunmalarına kömək göstəriləcək".