Litva Rusiya və Belarus kanallarının yayımına qadağa qoyub

15:33 22.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Litva Seymi təcili olaraq qanuna Rusiya və Belarus kanallarının ölkədə yayımının və onların məhsullarının internetdə yayılmasının müvəqqəti qadağan edilməsini nəzərdə tutan düzəlişi qəbul edib.

Hafta.az Delfi-yə istinadla xəbər verir.

Rusiya və Belarusun dövlət strukturları tərəfindən birbaşa və ya dolayısı ilə maliyyələşdirilən və ya nəzarət edilən şəxslərin yaratdığı radio və televiziya proqramlarının yayılması da qadağandır.

Düzəlişin qəbul edilməsi zərurəti Litvanın bütün ərazisində fövqəladə vəziyyət rejiminin sentyabrın 16-da başa çatması ilə əlaqədardır. Fövqəladə vəziyyət Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar tətbiq edilib və avtomatik olaraq Rusiya dövlət mediasının yayımına qadağa da daxil edilib.

İndi Rusiya ilə həmsərhəd ərazilərdə fövqəladə vəziyyət davam edir, lakin Litva rəsmilərinin fikrincə, bu, Rusiya təbliğatının ölkəyə qayıtması üçün səbəb deyil.

“Həm Rusiya, həm də Belarusla xarici sərhədi olan Litva üçün cəmiyyəti və informasiya məkanını informasiya təhdidlərindən səmərəli şəkildə qorumaq son dərəcə vacibdir”, - qanunvericiliyə düzəlişin təşəbbüskarı, Seymin Mədəniyyət Komitəsinin sədri Vytautas Juozapitis bildirib. Yayımlara müvəqqəti qadağa 2024-cü ilin oktyabr ayına qədər davam edəcək.

Oxunma sayı 1638