Maaş artımından kimlər yararlanacaq?

19:38 30.09.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Gələn il Azərbaycanda minimum əməkhaqqı və pensiyalar artacaq. Qeyd edək ki, bu barədə VII çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı Prezident İlham Əliyev məlumat verib. Dövlət başçısı artıq bununla bağlı göştəriş verdiyini bildirib.

Baş nazir Əli Əsədov Nazirlər Kabinetində keçirilən 2025-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsində deyib ki, bütün istiqamətlər üzrə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 43 faizini təşkil edir. Baş nazir bildirib ki, 2025-ci ildə əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək: “Müasir-innovativ təhsilin inkişafı və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması məqsədləri üçün növbəti ilin dövlət büdcəsində daha böyük vəsait nəzərdə tutulmuşdur. Ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi və mühafizəsi, silahlı qüvvələrin döyüş hazırlığının yüksəldilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması üçün zəruri maliyyə təminatının yaradılması xüsusi önəm daşıyır”.

Məlumat üçün deyək ki, Azərbaycanda minimum əməkhaqqı və pensiyalar sonuncu dəfə 2023-cü ilin yanvarında artırılıb. 2022-ci ildə ölkəmizdə minimum əməkhaqqı 300 manat olub. Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib. Minimum pensiyanın məbləği isə 280 manat təşkil edir. Yaşa görə sosial müavinət isə 220 manatdır.

Bəs, görəsən, 2025-ci ildə minimum əməkhaqqı və pensiyalar üzrə nə qədər artımın olması gözləniləndir?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli hesab edir ki, nəzərdə tutulan artımla bağlı konkret rəqəm demək mümkün deyil: “Hesab edirəm ki, hökumət bütün inkanlarını və son illərdəki bahalaşmanı nəzərə alacaq. Pensiyalar və minimum əməkhaqqı sonuncu dəfə 2023-cü ilin yanvarında artırılıb və bu günə qədər həmin rəqəmlərdə dəyişiklik olmayıb. Halbuki, 2023-cü ildə inflyasiya 8.8 faiz olub, bu il isə 4-5 faiz olacağı gözlənilir. Bu da haradasa, ümumilikdə 13 faiz edir. Düşünürəm ki, hökumət minimum 10, maksimum 15 faiz artıma gedəcək. Konkret rəqəmlərlə ifadə etsək, maaşlar 34-51 manat aralığında artacaq. Artımın daha yüksək olacağını gözləmirəm. Hökumət öz öhdəliklərini başa düşür və bütün mümkün ehtimalları hesablayacaq”.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov isə deyib ki,  artıq bu istiqamətdə hökumətdə müzakirələr gedir: “Gözlənilir ki, noyabr ayının 1-dək Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi tərəfindən minimum əməkhaqqı və eləcə də minimum pensiyanın artırılması ilə bağlı təkliflər təqdim olunacaq. Büdcə paketi çərçivəsində həmin təkliflərin müzakirə olunması və növbəti ildən etibarən minimum əməkhaqqı və minimum pensiyanın artırılacağı gözlənir. Biz bu istiqamətləri təkliflərdə təqdim etmişik, minimum pensiya, minimum əməkhaqqı sonucu dəfə 2023-cü ilin yanvar ayında artırılıb. Ona görə biz təklif edirik ki, keçən iki il ərzində həm ölkə üzrə nominal orta aylıq əməkhaqqı, eləcə də, inflyasiya səviyyəsi – hər iki indikator nəzərə alınmaqla minimum əməkhaqqı və minimum pensiyada artım həyata keçirilsin. Biz minimum əməkhaqqı və minimum pensiyada ikirəqəmli artımın olmasını təklif edirik. Təbii ki, müzakirələrin əsasında konkret rəqəm bəlli olacaq. İlkin gözlənti ondan ibarətdir ki, artımlara növbəti ildən etibarən start veriləcək və bu, əmək pensiyası alan və minimum əməkhaqqı alan bütün vətəndaşlarımızı əhatə edəcək”.

O bildirib ki, gələn ilin dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olacağı proqnozlaşdırılır. 2024-cü ildə bu istiqamətə 4 milyard 391 milyon manat ayrılması nəzərdə tutulub. Deməli, gələn sosial xərclər 14 faiz artırılacaq: “İlkin büdcə layihəsində sosial müdafiə və sosial təminat xərclərinin strukturu qeyd edilməsə də, əlavə etmək lazımdır ki, sosial sektora vəsaitlərin böyük qismi Dövlət Sosial Müdafiə Fondunun xətti ilə yönəldilir. Yəni, sözügedən büdcə maddəsində nəzərdə tutulandan daha çox vəsait sosial sferaya yönəldilir. Büdcənin ilkin parametrləri göstərir ki, 2025-ci ildə sosial paketin dərinləşməsi prioritet olacaq. Konkret artımlar ilə bağlı bütün məlumatların isə büdcə müzakirələri zamanı təqdim olunacağı gözlənilir”.