Macarıstan Bolqarıstana qarşı Şengen veto kartını oynayır

10:20 18.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Macarıstanın xarici işlər naziri Peter Szijjarto, Sofiya rəhbərliyinin Rusiya qazına tətbiq etdiyi tranzit vergisini ləğv etmədiyi təqdirdə Bolqarıstanın Şengen zonasına qoşulma təklifinə veto qoyacaqlarını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Bolqarıstan administrasiyası bir müddətdir ki, “Türk axını” boru kəməri ilə ölkədən keçən Rusiya qazının hər kubmetri üçün təxminən 10 avro vergi tətbiq edir. Qonşu Macarıstan bu vergini “düşmən davranışı” hesab edir.

Mövzu ilə bağlı açıqlamasında Szijjarto, "Bolqarıstanın vergi qərarı Avropa İttifaqı qaydalarına tamamilə ziddir və qaz tədarükünü dayandırma riski daşıyır" deyib.

“Reuters”ə danışan macar nazir, "Biz bolqarlara açıq şəkildə çatdırdıq ki, əgər onlar bu vergini toplamaqda davam edərlərsə və Macarıstanın enerji təchizatını təhlükəyə atarlarsa, onların Şengenə girməsinə veto qoyacağıq" deyib.

Szijarto əlavə verginin təkcə Macarıstanın deyil, Serbiyanın və Şimali Makedoniyanın da enerji təhlükəsizliyini təhdid etdiyini deyib.

2021-ci ildə əldə olunan razılaşmaya əsasən, Rusiya hər il Macarıstana 4,5 milyard kubmetr təbii qaz tədarük edir. Rusiya qazı Qara dənizin dibiylə Türkiyəyə, oradan isə Bolqarıstan və Serbiya üzərindən keçməklə Macarıstana çatdırılır.

Avropa İttifaqının üzvü olan, lakin Şengen zonasına daxil edilməyən Bolqarıstan və Rumıniyanın da daxil olması son günlər Avropanın ən mühüm gündəm mövzularından birinə çevrilib. Avropa Komissiyası Bolqarıstan və Rumıniyanın 2011-ci ildən Şengenə qoşulmağa hazır olduğunu bəyan etsə də, Avstriya və Niderlandın vetoları bu günədək prosesin qarşısını alıb. Lakin son vaxtlar hər iki ölkə məsələyə münasibətini yumşaldıb. Avstriya administrasiyası bu yaxınlarda yalnız müvafiq ölkələrdən hava yolu ilə gələnlərdən viza istəməyəcəyini açıqlayıb.