Bildiyimiz kimi, Venesuelanın paytaxtı Karakasa edilən hava hücumu zamanı bu ölkənin prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores tutularaq ABŞ-a aparıldı. Dünya liderləri hücuma ziddiyyətli reaksiya versə də, Nikolas Maduro və Siliya Floresin yaxın günlərdə Nyu-Yorkda mühakimə olunacağı gözlənilir. Hansı ki, Venesuelanın xarici işlər naziri İvan Gil Nikolas Maduronun hələ də ölkəsinin seçilmiş prezidenti olduğunu bildirib.
Hafta.az yazır ki, bir çox siyasi şərhçilər Maduronun vəzifədən bu yolla da olsa, uzaqlaşdırılmasından məmnundur, çünki ən azından müharibə olmayacaq və insanlar ölməyəcək. Lakin bu vəziyyət yeni sual da doğurur: Bolivar sosialist hökuməti Nikolas Maduro olmadan hakimiyyətdə qala bilərmi?
Həm müxalifət, həm də mövcud hökumət daxilində Nikolas Maduronun potensial varisləri kimi fərqli adlar çəkilir.
Vitse-prezident Delsi Rodrigez
Nikolas Maduronun potensial varisləri arasında ən çox danışılan adlardan biri 2018-ci ildən bəri Maduronun vitse-prezidenti vəzifəsində çalışan və Venesuela siyasətində əsas fiqur hesab edilən vitse-prezident Delsi Rodrigezdir.
Maduron idarəetmədə olmadığı bir şəraitdə, Delsi Rodrigez faktiki olaraq dövlət başçısı kimi ölkə administrasiyasını ələ keçirə bilər.
Yeri gəlmişkən, Nikolas Maduro əvvəllər sələfi Huqo Çavezin vitse-prezidenti olub və Çavezin ölümündən sonra 2010-cu illərin əvvəllərində Venesuelanın rəhbərliyini öz üzərinə götürüb.
Daxili işlər naziri Diosdado Kabello
Bəzi siyasi təhlillər daxili işlər naziri Diosdado Kabellonu Nikolas Madurodan sonrakı dövrdə sosialist hökumət daxilində daha sərt və radikal siyasi mövqe üçün potensial namizəd kimi vurğulayır.
Kabellonun partiya təşkilatları və təhlükəsizlik strukturları üzərində əhəmiyyətli təsirə malik olduğu iddia edilir. Lakin müxalifət dairələri Kabellonun hakimiyyətə gəlməsinin ölkədə daha da avtoritarizmə səbəb ola biləcəyini deyirlər.
Müdafiə naziri Vladimir Padrino Lopez
Maduronun potensial varisi kimi müzakirə olunan digər ad müdafiə naziri Vladimir Padrino Lopezdir. Şənbə günü yayımlanan video mesajında Padrino Lopez Venesuelanın xarici hərbi mövcudluğa müqavimət göstərəcəyini bildirib.
Venesuela mətbuatında yer alan xəbərlərə görə, müdafiə naziri Vladimir Padrino Lopezin iqamətgahı şənbə günü səhər tezdən ABŞ-ın Karakasa hava hücumlarının hədəfləri arasında olub.
Kəşfiyyat rəhbəri İvan Hernandes Dala
Bəzi mənbələr Venesueladakı hərbi bürokratiyanın keçid prosesində həlledici rol oynayacağı təqdirdə İvan Hernandes Dalanın varis olma ehtimalının arta biləcəyini irəli sürür. İvan Hernandes Dala prezident qvardiyasının komandiri və hərbi kəşfiyyat rəhbəri kimi ölkədə son dərəcə təsirli mövqe tutur.
“Böhran meneceri” Xorxe Rodriges
Huqo Çaves dövründə siyasi səhnədə məşhurlaşan Xorxe Rodriges, xüsusən də 2000-ci illərin ortalarından etibarən hökumətin “böhran meneceri” kimi tanınmağa başlayıb. O dövrdə Milli Seçki Şurasının rəhbəri vəzifəsində çalışan Rodrigesin təsiri Nikolas Maduronun prezidentliyi dövründə daha da artıb. Rabitə və informasiya naziri vəzifəsində çalışdığı müddətdə dövlət mediasının yenidən qurulmasında və böhran dövründə hökumətin müzakirə strategiyasının formalaşmasında əsas rol oynayıb.
2020-ci ildən bəri Milli Assambleyanın prezidenti kimi rolu Xorxe Rodrigesi ölkə siyasətinin mərkəzindəki ən vacib şəxslərdən birinə çevirib. O, həmçinin Maduro hökuməti ilə müxalifət arasında müxtəlif dialoq və danışıqlar proseslərində baş danışıqçı kimi də fəaliyyət göstərib.
Müxalifət nümayəndələri Mariya Korina Makado və Edmundo Qonsales
Sosialist rejim devrilərsə, Mariya Korina Makado Venesuelanın ən güclü müxalifət liderlərindən biri hesab olunur. Beynəlxalq səviyyədə tanınmış müxalifət siyasətçisinin hökumət tərəfindən 2023-cü il seçkilərində iştirakının qarşısı alınıb.
“Fox News” tərəfindən dərc edilən təhlildə Maríya Korina Maçado və müttəfiqi Edmundo Qonsalez Nikolas Maduro devriləndən sonra Venesuelada potensial hakimiyyət boşluğunu doldurmaq üçün ən güclü namizədlər arasında yer alır.
Edmundo Qonsalez 2024-cü il seçkilərində Nikolas Maduroya qarşı birgə müxalifət namizədi kimi yarışıb.
ABŞ Qonsales üçün plan hazırlayıb?
“CNN International”ın məlumatına görə, Donald Tramp administrasiyası Nikolas Maduro devrildiyi halda Venesuelada yarana biləcək hakimiyyət boşluğunu necə doldurmaq barədə həftələrdir pərdəarxası planlar hazırlayır.
Lakin, ötən ay xarici işlər naziri Marko Rubiodan Maduro devrilərsə, Venesuelada sabitliyin necə təmin ediləcəyi soruşulub, lakin Rubio suala cavab verməkdən yayınıb.
Hesabatda istinad edilən mənbələrdən birinə görə, əvvəllər hazırlanmış layihə planları Venesuela müxalifət lideri Edmundo Qonsalesi dəstəkləmək üçün siyasi struktur yaratmağa yönəlib.