Malayziyanın baş naziri Myanmadakı qeyri-sabitlikdən məyus olub

09:10 07.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İndoneziyanın paytaxtı Cakartada keçirilən 43-cü ASEAN Zirvə toplantısına qatılan Malayziyanın baş naziri Ənvər İbrahim X sosial media platformasında verdiyi açıqlamada Myanmadakı böhranın "koordinasiyalı yanaşma" ilə həll edilməli olduğunu bildirib.

Hafta.az-ın yazdığına görə, Myanmadakı böhrana son qoymaq üçün ASEAN liderlərinin əldə etdiyi razılaşmanın həyata keçirilməsi ilə bağlı heç bir mənalı irəliləyişin olmadığını bildirən Ənvər, ölkədə davam edən qeyri-sabitlikdən "məyus" olduğunu bildirib.

ASEAN Sammitində liderlərin 5 bəndlik razılaşma və ASEAN-ın Hind-Sakit Okeandakı varlığını ətraflı müzakirə etdiklərini bildirən Ənvər, üzv ölkələrin BMT də daxil olmaqla dialoq tərəfdaşlarından faydalanmalı olduqlarını vurğulayıb.

Ənvər qeyd edib ki, sammitdə Myanmanın ASEAN üzvü kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğu vurğulanıb.

Sentyabrın 5-7-də İndoneziyanın paytaxtı Cakartada ASEAN sammiti keçirilir.

İndoneziyanın ev sahibliyi etdiyi ASEAN liderləri üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və gücləndirilməsi, eləcə də hərbi xunta dövründə Myanmadakı böhranı müzakirə etmək üçün bir araya gəliblər.

Myanmadakı vəziyyəti müzakirə etmək üçün 24 aprel 2021-ci ildə Cakartada keçirilən görüşdən sonra ASEAN liderləri böhranın həlli üçün 5 bənd üzrə razılığa gəliblər.