Bəzi ölkələrdə, xüsusən də ABŞ-da avtomobil oğruları içində xüsusi detalların gizləndiyi "Nokia 3310" model telefonlardan istifadə etməyə başlayıblar.
Hafta.az-ın "Cyber Security News"ə istinadən yazdığına görə, ehtimal olunur ki, bu telefonlar mühərrikin işləməsini təmin edən starter kimi detallarla təchiz edilib.
“Youtube”da yayımlanan oğurluq videosunda “Toyota” markalı avtomobilin sürücü oturacağında əyləşən kişi qara kabellə telefonu avtomobilə qoşur və ekranda görünən seçimlərdən birinə basaraq mühərriki işə salır.
Rəsmilərin sözlərinə görə, mütəşəkkil qruplar avtomobilin idarəetmə sistemi ilə əlaqə yaratmaq üçün kiçik cihazlar düzəldir və onları "Nokia 3310" mobil telefonların və ya bluetooth dinamiklərinin içərisinə yerləşdirir.
Cihazı olan telefonlar və dinamiklər internet saytlarında və ya Telegram kanallarında satılır. Əsas təyinatını gizlədərək “təcili əməliyyat cihazları” adı altında və ya oxşar xüsusiyyətlərə malik cihazların qiymətinin 2700 ilə 19600 dollar arasında dəyişdiyi bildirilir. Məsələn, videodan da görünür ki, bir satıcı "Nokia 3310"u 3800 dollara, digəri isə 4300 dollara satır.
ABŞ-da fəaliyyət göstərən "ICE News" xəbər saytının müxbirləri bu cihazları internet üzərindən müştərilər kimi satan qrupla müsahibə aparıb və maraqlı məlumatlar əldə ediblər. Cihazı logistika şirkəti DHL vasitəsi ilə ABŞ-a göndərə biləcəklərini deyən oğrular, “Nokia" cihazlarının ABŞ-da avtomobillərdə işlədiyini bildiriblər.
Ödənişləri Western Union, MoneyGram və ya kripto pul vasitəsilə aldıqlarını bildirən qrupun nümayəndələri deyiblər ki, mühərrikin işə salınması prosesi təxminən 10-15 saniyə çəkir.
"Cihaz onlar üçün bütün işləri görür" deyib nəqliyyat vasitələrinin kibertəhlükəsizliyi firması "Canis Labs"ın direktoru Ken Tindell. O əlavə edib ki, nəqliyyat vasitəsi sahiblərinin ehtiyat tədbiri olaraq edə biləcəyi çox şey yoxdur.