“Media haqqında” yeni qanun bütün tələblərə cavab verir - Vüqar Zifəroğlu

10:51 10.02.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

“Media haqqında” yeni qanun bütün tələblərə cavab verir. Görünür, kifayət qədər ciddi əmək sərf edilib. Bu, müasir dövr üçün aktual olan məqamları özündə əks etdirən qanundur.

Bu fikirləri hafta.az-a Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu deyib:

“Qanunla tanış olduğumuz zaman görürük ki, bu həm media subyektlərinin dəqiq təsnifatını verir, həm də sosial prioritet ön planda olur. Dövlət-media və  media-cəmiyyət münasibətlərinin tənzimlənməsi, həmçinin cəmiyyət üçün aktual olan bir sıra məqamlar açıq şəkildə öz əksini tapır. Nəzərə almaq lazımdır ki, “media haqqında” qanun bundan əvvəlki dövrlərdə kütləvi informasiya vasitələrinin tənzimlənməsini hüquqi cəhətdən həyata keçirən bir neçə qanunun ümumiləşmiş vahid forması kimi ortaya çıxır. Gün-gündən inkişaf edən media sahəsinə yeni qanun olduqca müsbət təsir göstərəcək. Burada bir sıra yeniliklər var. Məsələn, media savadlılığını buna misal gətirmək olar. Bizdə indiyə qədər istər kütləvi informasiya vasitələri haqqında, istərsə də bu fəaliyyət növünə dolayısı ilə aid ola biləcək qanunvericilik aktlarında bu cür müasir məqamların əksini tapmasının şahid olmamışdıq. Hesab edirəm ki, kifayət qədər maraqlı və müasir tələblərə cavab verən qanundur.  Media sürətlə dəyişən sahədir. Buna görə də gələcəkdə müəyyən yeniliklər olarsa, qanunda yəqin ki,  bu öz əksini tapacaq. Qanunda ən çox diqqətimi çəkən məqam dövlət-media və cəmiyyət-media münasibətlərinin tənzimlənməsi məsələsi, həmçinin informasiya və iş prosesi ilə bağlı tələblərin konkretləşdirilməsidir. Bunlardan başqa media savadlılığı kimi vacib məsələlərin qanunvericiliyə gətirilməsi də diqqət cəlb edən müsbət hallardan biridir. Belə qanunun qəbul edilməsi müəyyən mənada jurnalistin fəaliyyətinin hüquqi müstəvidə daha aydın, konkret və azad olması cəhətdən çox əhəmiyyətlidir. Jurnalistikamızın hazırkı vəziyyətinə müsbət təsirləri olacaq. Media istənilən dövlət və cəmiyyət üçün ciddi strateji əhəmiyyəti olan sahədir. Müasir dövrdə informasiya ən ciddi təsir vasitəsi, həm də silahdır. Təsadüfi deyil ki, bu gün “informasiya ekologiyası”, “informasiya müharibəsi” kimi anlayışlardan danışırıq. Üstəlik, bu tək bizdə yox, beynəlxalq jurnalistikada da ən vacib problemlərdir”.