Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, 130 nəfərə yaxın bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunmuş Ağdam rayonuna səfər ediblər. Onları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.
Budəfəki səfər bütün düşərgələrdən olan media təmsilşilərini əhatə etməsi ilə yadda qaldı. Hətta bəziləri bu mənzərəni Azərbaycan mediasının gələcək görüntüsü kimi də təqdim etdi.Ağdama səfər edən heyətin tərkibində “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də olub. O, bu və digər məsələlərlə bağlı “Həftə içi” qəzetinə müsahibə verib.
- Arif müəllim, işğaldan azad edilmiş Ağdama səfərlə bağlı təəssüratlarınız necədir? Ümumiyyətlə, bu cür səfərlərin təşkilini necə qiymətləndirirsiniz?
- Əslində, kollektiv səfərləri səmərəli hesab etmirəm, amma indiki şəraitdə tamamilə fərqli vəziyyətdir. Yəni, hələ xüsusi müdafiə altında olan, təhlükə zonası hesab edilən bir yerə bu cür səfərlərin təşkil olunması düzgün atılmış addımdır. Burada bir necə cəhəti qeyd etmək istəyirəm. Birincisi, səfər çox yaxşı və dəqiq təşkil olunmuşdu. İkincisi, heyətin seçimində müxtəlif mövqeli, fərqli düşərgədən olan jurnalistlərə iştirak imkanı verilmişdi. Bu çox düzgün atılmış addım idi. Niyə? Ağdama səfər şəxsən mənin bu yaşımda zaman və məkan haqqında təsəvvürlərimə xeyli dərəcədə təsir elədi. Biz faktiki olaraq yerdə insan əlindən yaradılmış cəhənnəmin bir instalyasiyasını gördük. Mən bir neçə müharibələrdə olmuşam. Əvvəlki Qarabağ müharibəsində, Çeçenistan müharibəsində, Orta Asiyada gedən müharibələrdə və s. Bunabənzər səhnənin yaranmasını xatırlamıram. Yəni, insan nifrəti, insan hikkəsi nələr törədə bilərmiş... Düzdür, kifayət qədər hazırlıqlı idik. Hara getdiyimizi, nələri görəcəyimizi təxminən təsəvvür edirdik. Cəhənnəmin yerdə yaradılmış instalyasiyasını canlı şəkildə görmək tamamilə başqa hissdir. Orada düşündürən bir o idi ki, hansı mühitdə, hansı dairədə yaşadığımızı heç vaxt unutmamalıyıq. Sağımıza da, solumuza da baxmalıyıq, hansı ölkələrin əhatəsində olduğumuzu unutmamalıyıq. Bu ölkənin inkişafı, belə bir mühitdə baş çıxarması üçün cəmiyyətin birliyi birinci şərtdir. Bu həm daxili münasibətlərdə, həm də beynəlxalq layihələrdə özünü göstərməlidir. Məni narahat edən bir çox şeylər var ki, bunun dəyərini dərk eləmirik. İnsan yaddaşı çox qısa olur, bir də baxırsan, tezliklə hər şey unudulur. İşğaldan azad edilmiş digər ərazilərdə də vəziyyət Ağdamdakı kimidir. Düşmən, demək olar ki, əksər əraziləri tamamilə məhv edib. Əslində, 44 gün ərzində düşməni geri çəkilməyə PUA-lar yox, Azərbaycan xalqının birliyi, dəyanəti məcbur etdi. Qalib gələnlər tək əsgərlər deyildi. Həm də bomba düşəndə evindən çıxmayan insanlar idi. Xatırlayın, əvvəlki Qarabağ müharibəsini... Rayonlar necə boşaldılırdı, insanlar necə köçürülürdü... 44 günlük müharibədə sağına, soluna bomba düşən insanlar dəyanətlərini, birliklərini qoruyurdular və həmin o dəyanət, birlik idi hər şeyin bazasında. Hansı ki, ermənilər itirdilər, bu gün hələ də onlar didişməkdədirlər. Yəni, bu kimi məsələləri həmişə göz önündə tutmalıyıq. Bu baxımdan, belə səfərlərin təşkili çox əhəmiyyətlidir.
- İşğaldan azad olunmuş ərazilərdə ermənilərin daşı-daş üstə qoymadığının şahidi oluruq. Bu vəhşiliyinin dünya ictimaiyyətinə daha dolğun çatdırılması, informasiya müharibəsində üstünlüyümüzü qoruyub-saxlamaq üçün Azərbaycan mediası, o cümlədən ölkədə olan media təşkilatları hansı addımları atmalıdır?
- Burada iki məsələni qeyd etmək istəyirəm. Birincisi, informasiya müharibəsindən danışanda dərk etməliyik ki, bu müharibəni aparmaq adi jurnalistikanın işi deyil. Görürsən, hər yerindən qalxan jurnalist geyindi hərbi paltarı, keçdi kamera qarşısına və başladı ki, mən informasiya müharibəsinin döyüşçüsüyəm və s. Bu çox yanlış və səhv yanaşmadır. İnformasiya müharibəsi özü çox mürəkkəb sahədir və onun əsaslandığı elə texnologiyalar, mürəkkəb məqamlar var ki, bunları xüsusi öyrənmək lazımdır. Məsələn, Ermənistan 2000-ci ilin əvvəllərindən bu sahədə xüsusi mütəxəssislər hazırlayır. O ki qaldı informasiyanın Azərbaycandakı real vəziyyətinə, bizim media orqanları və hətta dövlət təşkilatları, ictimai qurumlar bu sahədə kifayət qədər fəaldırlar. Onlar mümkün olan kanallardan istifadə edərək baş verən hadisələri dünya ictimaiyyətinə çatdırırlar. Bunun səmərəsinin yüksək olmaması isə yalnız strukturların özlərinin zəifliyindən irəli gəlir. Yəni, tutaq ki, bu gün hər hansı bir Qərb kütləvi informasiya vasitəsinin dediyi sözə, o sözün sanbalına, yaydığı xəbərə inamla Azərbaycanın çox məhdud dairədə fəaliyyət göstərən KİV-in sanbalı eyni deyil. Bu da son illərdə media sahəsində yürüdülən siyasətin nəticəsidir. Kifayət qədər güclü kütləvi informasiya vasitəmiz qalmadı... Bir telekanal bağlandı. Vaxt var idi, bir rusdilli sayt Rusiya-Gürcüstan müharibəsində nəinki Qafqazda, bütün postsovet məkanında rəy yaradırdı, eyni ilə digər jurnalist təşkilatları kimi. Vaxtilə bizim də beynəlxalq təşkilatlarla çox güclü əlaqələrimiz var idi. Qarabağ hərbi kampaniyasında birinci hal idi ki, nə media orqanları, nə informasiya savaşında iştirak edən qurumlar geridə qalmadılar. Yenə də deyirəm, dərk etməliyik ki, bunun böyük səsi medianın şücaəti hesabına olmadı. Elə onu götürək ki, informasiya hücumunun bəlkə də 50 faizindən çoxu Prezidentin müsahibələrinin və Prezidentin köməkçisi Hikmət Hacıyevin fəaliyyəti hesabına daha çox oldu. Əslində, resurslarımız çoxdur və bu resurslarımızı gücləndirməklə beynəlxalq müstəvidə səsimizi daha da gücləndirə bilərik.
- Siz, media orqanlarının zəifliyi məsələsinə toxundunuz. Yeri gəlmişkən, bilirsiniz ki, son aylar media sahəsində yeni islahatlara başlanılıb. Bu islahatlardan gözləntiləriniz nədən ibarətdir?
- Təəssüflə deməliyəm ki, media islahatları elan olunub, amma bu islahatlara hələ ki, başlanılmayıb. Özü də mediada islahatlar birinci il deyil ki, elan olunub. Bu 2018-ci ildən bəri gələn bir prosesdir. Hələ ki, zahiri dəyişikliklərdir. Yəni, media ilə məşğul olan strukturlarda dəyişikliklər, kadr dəyişiklikləri müəyyən dərəcədə baş verib, amma sistem dəyişiklikləri başlanmayıb. Nə qanun qəbul olunub, nə də medianın iqtisadi bazasında dəyişiklik baş verib. Əvvəlki şərait hələ davam edir. Kütləvi informasiya vasitələri dövlət mənbələrinin, yaxud hansısa şəxslərin əlinə baxır. Media bazarı, reklam bazarı, yayım bazarı mövcud deyil, real rəqabət yoxdur, peşəkarlıq çox aşağı səviyyədədir. Bu gün Azərbaycan jurnalistikasının peşəkarlığı 90-cı illərin sonundakı səviyyədən xeyli geri qalır. Niyə? Biz peşəkarlığın bir əmtəə olduğunu dərk etmirik. Bu gün jurnalistə hörmət, pul qazandıran, onu qabağa çəkən peşəkarlığı deyil, tamam başqa amillərdir.
Mühit özü diktə edir ki, jurnalist öz inkişaf səviyyəsini müəyyən bir həddə saxlasın və o hədləri keçməsin. Əgər bu gün Azərbaycanda Qərb standartlarına uyğun 15 telejurnalist hazırlasaq, onların bir həftə sonra televiziyalardakı vəziyyətini təsəvvür etmək çətin deyil. Bütün bunları nəzərə alaraq, mediada sistem dəyişikliyinə keçəndə, maksimum 3-5 il ərzində Azərbaycan jurnalistikasının necə sıçrayış etdiyini görəcəyik.
- Azərbaycanda “Kütləvi İnformasiya Vasitələri haqqında” yeni qanunun qəbulu nəzərdə tutulub. Sizcə, mövcud “KİV haqqında” qanunun ləğvi hansı zərurətdən yaranıb?
- Düşünürəm ki, buna zərurət var və vaxtında atılmış addımdır. Media sahəsində islahatlar qanunvericilikdə ciddi dəyişikliklər olmadan həyata keçirilə bilməz. Diqqəti əsas ona yönəldərdim ki,1999-cu ildə bu qanunun yeni versiyası qəbul olunandan bəri ona bir sıra dəyişikliklər, əlavələr edilib. Onların əksər hissəsi konservativ xarakter daşıyırdı. Eyni zamanda o qanunda digər sənədlərlə ziddiyyət təşkil edən məsələlər də var. Bu səbəbdən ölkədə söz azadlığını, jurnalistlərin iş imkanını genişləndirmək üçün həmin qanunda dəyişikliklər etməyə ehtiyac var. Digər səbəb isə ondan ibarətdir ki, media sahəsində bu dövrdə texnoloji dəyişikliklər, inkişaf baş verib. Bir sıra yeni məsələlər ortaya çıxıb ki, onların qanunvericilik formasında tənzimlənməsi zərurətdir. Buraya yeni media növlərini əlavə edirəm. Müəyyən fəaliyyət formaları var ki, onları qanunla tənzimləmək lazımdır. Ancaq çalışmalıyıq, qaş düzəltdiyimiz yerdə vurub göz də çıxartmayaq.
- Necə düşünürsünüz, “Media haqqında” qanun bu sahədəki problemləri həll edə biləcəkmi?
- Bilirsiniz, bu nəyə bənzəyir. Əgər cəmiyyətdə ictimaixarakterli bir neçə problem mövcuddursa, onları bir-bir həll etmək mümkün olmayacaq. Bilə-bilə ki, medianın əsas problemləri qismən qanunvericilikdən, iqtisadiyyatdan, qismən jurnalist peşəkarlığından, media bazarının formalaşmamasından qaynaqlanır və bu problemlərdən birini həll etməklə xəstəni sağaltmağa çalışırıqsa, heç zaman buna nail ola bilməyəcəyik. Əgər biz qanunu dəyişib, medianın iqtisadi bazasına toxunmayacağıqsa, iqtisadi müstəqilliyini təmin etmək, dağıdılmış media infrastrukturunu bərpa etmək üçün heç nə etməyəcəyiksə, bu boş bir sənəd olaraq qalacaq. Bunlar hamısı bir-biri ilə əlaqəlidir. Odur ki, ayrıca qanunun dəyişdirilməsi islahat deyil. İslahat köklü və hərtəfəli olmalıdır. Biz konseptual baxmalıyıq ki, bu xəstənin neçə xəstəliyi var. Birini həll etsək digəri onu öldürə bilər. Belə hərtərfli yanaşma olarsa, onda deyərik ki, qarşımıza islahat konsepsiyası qoyulub və müxtəlif istiqamətlərdə paralel olaraq yavaş-yavaş irəliləmək lazımdır. Bu bütün sahələrdə belədir.