Mediamız Ermənistan xüsusi xidmət orqanları üçün mənbə olmamalıdır - Könül Nurullayeva

16:47 04.08.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusundan biri kimi 44 günlük Vətən müharibəsində tarix yazdı. Ali baş komandan İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də olsun geriyə addım atmadı. Halbuki müharibələrdə hücumlar, geriyə dğönmələr, manevrlər olur. Amma Azərbaycan Ordusu 30 illik işğala son qoymaq naminə bütün imkanlarını səfərbər etmişdi.

Bu fikirləri hafta.az-a millət vəkili Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, düşmən bu müddətdə bir dəfə də olsun, uğurlu əməliyat apara bilmədi. Bütün beynəlxalq hərbi ekspertlər Azərbaycan Ordusunun yüksək səviyyəli, mütəşəkkil komandanlığını nümunə kimi göstərdi:

“Düşmənin hədəflərini sərrast dəqiqliklə məhv edən ordunun əsl gücü döyüş meydanında bəlli oldu. Hərbçilərimizin peşəkarlığı, yükəsk səviyyəli vətənpərvərlik hissi ilə yanaşı, cəmiyyətin ordunun yanında olması Silahlı Qüvvələrimizə əlavə güc verirdi. Biz hələ ötən ilin yayında-Tovuz döyüşləri zamanı cəmiyyətin Ordumuza dəstəyinin şahidi olduq. Cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, hər kəs Azərbaycan əsgərinin yanında idi, hər kəs ordumuzun ətrafında sıx birləşmişdi.

 Biz həm də əzmkarlığımızla düşmənə qalib gəldik. Orduda təşkilatlanma, xalq-ordu birliyi postmüharibə dövründə də davam edir. Azərbaycan  öz sərhədlərində daha da möhkəmlənir, ərazilərimizin təhlükəsizliyinin təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Yeni mərhələdə də təbii ki, həm ordumuzun, həm də cəmiyyətin qarşısında yeni vəzifələr durur. İndi proseslərə daha həssas yanaşmalı, xüsusi ilə informasiya cəbhəsində müharibə dövründə olduğu kimi eyni həssasiyyəti qoruyub saxlamalıyıq. Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Azərbaycan Ordusunda ştat dəyişikliyi, şəxsi heyətin rotasiyası, kadr islahatları və Orduya aid digər məlumatların təhrif olunmuş şəkildə yayılması azuolunan hal deyil.

Müdafiə Nazirliyinin sonuncu bəyanatında da qeyd olunduğu kimi,  şəxsi heyətin, xüsusilə yuxarı çinli zabit heyətinin vəzifə yerdəyişməsi kimi məlumatlar xidməti xarakter daşıyır və hərbi-dövlət sirri sayıla bilər. Qalib Ordu haqda bu cür məlumatların yayılması və bu istiqamətdə müzakirələrin təşkil olunması yolverilməzdir. Sosial şəbəkələrdə və ya mediada rəsmi mənbələrlə dəqiqləşdirilmədən yayılan informasiyalardan ölkəmizə qarşı təhlükəli məqsədlər üçün istifadə olunduğunun dəfələrlə şahidi olmuşuq. Burada artıq  hərbçilərimizin həyati təhlükəsizliyi məsələsi ortaya çıxır. Azərbaycan mediası Ermənistan xüsusi xidmət orqanlarının dezinformasiya siyasəti üçün mənbə olmamalıdır. Vətəndaş məsuliyyəti burada əsas şərtdir. Biz müharibə dövründə olduğu kimi, postmüharibə dövründə də ordumuzun yanında olmalı, KİV-lərdə və ya sosial şəbəkələrdə məsuliyyətsiz informasiyaların yayılmasına mane olmalıyıq”.

Oxunma sayı 587
Siyasət rubrikasından digər xəbərlər