Mediamızın mövcud durumu... - Müsahibə

11:38 14.01.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Media və ya sosial media, sosial şəbəkələr arasındakı vacib olan qırmızı xətt, sərhəd itməkdədir

Medianın cəmiyyətdə rolu mövzusu hər zaman öz aktuallığını saxlayır. Cəmiyyətin bütövlükdə inkişaf prosesi media qurumlarının daim özünü yeniləməsi, dövrün tələblərinə uyğun olaraq operativlik və dəqiqliyi artırmasını tələb edir. Bu və digər məsələlərlə bağlı “Həftə içi”nə müsahibə verən BDU-nin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu maraqlı məsələlərə diqqət çəkib.
 

- Vüqar müəllim, KİVDF-nin əsasında Medianın İnkişafı Agentliyi yarandı. Bu, çap mediası ilə bağlı hansı yeni yanaşmaları önə çəkəcək? Bu mənada, yenilənməni necə dəyərləndirirsiniz?

- Hər bir jurnalistimiz bu fikirlə razılaşar ki, dövlətimiz istər sosial problemlərin həllində, istərsə də  professional fəaliyyətin daha rahat qurulması ilə bağlı məsələlərə hər zaman həssas yanaşıb, öz dəstəyini göstərib. Yeni yaranan Agentliyimiz qlobal informasiya məkanında baş verən yeni tendensiyaları izləmək, mediamızı hazırlamaq, mediamızın daha peşəkar şəkildə öz fəaliyyətini qurmaq, stimul yaratmaq baxımndan son dərəcə vacib qərardır. Bu haşiyəni çıxmağı özümə borc bilirəm: Zatən KİVDF-də son aylarda müsbətə doğru çox ciddi hərəkətlənmə, fəaliyyət görürdük. KİVDF-nin bazası əsasında yaranan bu Agentliyin, əslində, mediamzın inkişafına töhfələr vermək baxımından manevr imkanları da geniş olacaq. Düşünürəm ki, medianın inkişafında son dərəcə əhəmiyyətli rol oynayacaq.

- Bəs mediamızın bugünkü mənzərəsi hansı keyfiyyətləri özündə formalaşdıra bilib?

- Azərbaycan mediası çox böyük tarixi inkişaf yolu keçib. Keçdiyi bu inkişaf yolu, sözün əsl mənasında, şərəfli bir tarixdir və böyük salnamədir. “Əkinçi”dən başlanan bu yol Azərbaycan mətbuatının, Azərbaycan jurnalistikasının şanlı tarixi kimi dəyərləndirilir. Bizim böyük publisistlərimiz, məktəb yaratmış mətbuat nümunələrimiz var. Müasir dövrdə də mən deyərdim ki, Azərbaycan mediası öz ənənələrindən çıxış edərək, sadiqlik nümayiş etdirərək bu gün də fəaliyyət göstərir. Təbii ki, söhbət professional jurnalistikadan gedir. Öz kökünə istinadən, əsas meyarları, dəyərləri unutmamaqla bu gün Azərbaycan mediası yeni tendensiyaları özündə ehtiva etməklə fəaliyyətini davam etdirir.

- Medianın özünü tənqid hədəfinə alması nəyi ifadə edir?

- Ümumiyyətlə, medianın tənqid hədəfində olması təkcə Azərbaycan üçün xarakterik xüsusiyyət deyildir. Bu tendensiya başqa ölkələrdə də var. Həmişə, hər zaman jurnalistikaya, mediaya müəyyən mənada tənqidi münasibət olub. Bu, ilk növbədə, onun funksiyalarından, oynadığı roldan irəli gələn məsələdir. Həsən bəy Zərdabi hələ “Əkinçi”də yazırdı ki, hər media öz cəmiyyətinin aynasıdır. Hər hansı bir cəmiyyət haqqında fikir bildirmək istəyirsənsə, ilk növbədə, onun mediasına, mətbuatına baxacaqsan. Orada baş verənlərin hamısı həmin o mediada əks olunur.  Bu mənada həmişə mediadan tələb və gözlənti çox olub. Gözləntilər nə qədər çox olursa, o qədər də tənqidi münasibət özünü göstərir.

-  Necə hesab edirsiniz, bu gün cəmiyyət mətbuata güzgü tutur, yoxsa mətbuat cəmiyyətə?

- Əslində, media, mətbuat cəmiyyətə güzgü tutmalıdır. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı ilə professional və həvəskar jurnalistika, yaxud professional media və ya sosial media, sosial şəbəkələr arasındakı vacib olan qırmızı xətt, sərhəd itməkdədir. Bu, yaxşı hal deyil. Yəni bilirik ki, professional medianın özünün dəyərləri, normaları, prinsipləri var. Professional jurnalistikada bu dəyər və normalara istinad edilir. Əks tərəfdə isə biz bunu müşahidə etmirik. Nəticədə,  21-ci əsrdə artıq “informasiya ekologiyası”, “informasiya manipulyasiyası” terminindən, “dezinformasiya”, “feyk xəbər” anlayışından istifadə edirik. Nəticədə, informasiya alış-verişini asanlaşdıran, sadələşdirən və istənilən şəxsi bu informasiya bazarında bir subyektə çevirən texnologiyaların sayəsində jurnalistikanın prinsipiallığının, professionallığının, əfsuslar olsun ki, müəyyən mənada arxa plana keçdiyini görürük. Burada, artıq cəmiyyət güzgü rolunu oynayır. Halbuki biz, professional jurnalistlər  fəaliyyətimizlə, peşəkarlığımızla, dəyərlərə sadiqliyimizlə,  prinsip və normalardan çıxış edərək unun qarşısını almalıyıq.

- Çap mediasının indiki durumu necədir?

- Pessimist fikri bölüşmürəm ki, press-media sıradan çıxacaq. O hər zaman qalacaq. Press-medianın təsiri olduqca zəifdir və bunun da obyektiv səbəbləri var. Bu, o demək deyil ki, press-media tarixə qovuşacaq. Bir müqayisə aparmaq istərdim: hələ televizor icad ediləndən sonra, belə fikir ortaya atıldı ki, kinoteatrlar sıradan çıxacaq, kinoya, teatra gedən olmayacaq, adamlar film-tamaşaları evdə oturub izləyəcəklər. Yaxud radio ilə televiziyanın müqayisəsini aparırdılar. Yeri gəlmişkən, radio-televiziya ilə yenə də press-medianın  müqayisəsini aparırdılar. Gördüyünüz kimi, bunlar hamısı qalır.

Əfsuslar ki, bu gün press-media təsir imkanlarını itirib.  

Bunun obyektiv səbəbinin başında internet medianın inkişafı durur. İnternet, informasiya əsrində yaşayırıq. İstənilən şəxs daha çevik, daha rahat, daha sürətli, operativ şəkildə məlumatlanmaq istəyir. Çeviklik, operativlik baxımından press-media onlayn mediaya uduzmağa başlayır.

- O zaman internet medianın üstələdiyi çap mediasını canlandırmaq üçün nə edilməlidir?

- Xəbərləmə, artıq press-mediada öz mövqeyini itirib. Məsələn, Türkiyədə hansı modeldən istifadə edilir? Yaxud ənənəvi olaraq hər zaman qəzetə dəyər verən İngiltərəni götürək. Hər gün bir ingilis səhər yeməyində əlində  qəzet tutmalıdır. Bu, ənənədir. Məsələn, onlar press-media vasitəsilə daha çox araşdırma, analitik janrlara üstünlük verməyə başlayıblar. Xəbər jurnalistikası baxımından press-medianın müasir dövrdə hansısa professional informasiya portalı ilə rəqabət apara bilməsi mümkün deyil. Deməli, press-media araşdırma və analitik məqalələrinə, açıqlamalara, maraqlı müsahibələrə üstünlük verməyə başlayır.

İkinci tərəfdən, press-medianın özünün internet məkanına transformasiyası baş verir. Hazırda bizim nə qədər qəzetimiz var ki, onlayn platformada təmsil olunur. Biz burada artıq konfidensial jurnalistikadan danışırıq. Yəni bir media təsisatı müxtəlif formatlarda, janrlarda manevr etməklə öz auditoriyasını əlində saxlayır. Hansısa press-media bu iki qaydaya riayət etsə, onun üçün heç bir problem yoxdur. Xəbərləmənin müasir formalarından istifadə etməklə öz auditoriyasını saxlaya bilər.

- Siz də qeyd etdiniz ki, son illər sosial media ənənəvi medianı üstələyib. Sizcə, ənənəvi mediadakı hansı boşluqlar bu prosesi yarada bilib?

- Qanunvericiliklə bağlı məsələyə baxsaq, bizdə müəyyən maddələr var ki, onlar prinsip etibarilə sosial medianın da tənzimlənməsinə şamil edilə bilir. Tutaq ki, burada söhbət böhtandan, şərəf və ləyaqətin alçaldılmasından, günahsızlıq prizumsiyasından gedir və sair. Prinsip etibarilə bu tənzimlənmə var. Hazırda media haqqında yeni qanun da qəbul olunub. İndi əsas məsələ medianın müxtəlif platformalarda fəaliyyətinin tənzimlənməsidir. Bu, nəyə görə vacibdir: fərdin məsuliyyəti və medianın məsuliyyəti. Bu daha böyükdür, daha ağırdır, daha şaxəli və genişdir. Ona görə də həmişə demişik ki, jurnalistika cəmiyyətə təsir etmək gücünə malik olan sosial-siyasi institutdur. Bir institut, təsisat olaraq onun cəmiyyətə çox ciddi təsir qüvvəsi var. Bu təsir qüvvəsindən çıxış edərək həm də  məsuliyyəti var. Həmin o platformalar üzərindən fəaliyyətin qurulmasında da müəyyən məqamlar öz əksini tapmalıdır. Bir məqamı da qeyd etmək istərdim ki, artıq dünyada bu proses gedir. Həmişə deyirik ki, informasiya təhlükəsizliyi vergi təhlükəsiliyinin ən vacib komponentidir. İnformasiyanın nəyə qadir olduğunu əslində çox gözəl bilirik.

- Belə fikirlər var ki, oxucu ilə qəzet arasında böyük “sərhədlər” var. Bu “sərhədlərin açılması” daha çox nədən asılı ola bilər?

- Maraqların nəzərə alınması baxımından, mediamı cəmiyyətin dalınca sürünməlidir, yoxsa cəmiyyət medianın dalınca getməlidir. Düşünürəm ki, burada qızıl ortanı tapmaq lazımdır. Söhbət cəmiyyətin maraqlarını nəzərə almaqla onun maarifləndirilməsi və bilgiləndirilməsinə yönəlik peşə fəaliyyətinin qurulmasından gedir. Əgər cəmiyyət sırf sensassiya dalınca qaçsa, əgər media maarifləndirməni və obyektiv bilgiləndirməni kənara qoyaraq, yalnız “aypi” (İP) yığmaq xatirinə dezinformasiyalar, feyklər versə, o zaman cəmiyyətin  gələcəyi nə olar? Həmişə demişik ki, jurnalistikanın əsas funksiyalarından biri bilgiləndirmək və maarifləndirməkdir. Bu funksiyalardan irəli gələrək, eyni zamanda cəmiyyətlə paralel getmək lazımdır. Cəmiyyətin maraqlarını nəzərə almaq, cəmiyyəti anlamaq və bundan çıxış edərək nəyisə anlatmaq..