Meksikada yaşayan Azərbaycan icması sentyabrın 12-də gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz məqsədilə beynəlxalq təşkilatlara müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən hafta.az-a bildiriblər ki, UNESCO-nun Meksika ofisinə və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Latın Amerikası və Karib hövzəsi üzrə nümayəndəliyinə ünvanlanan bəyanatda Ermənistanın törətdiyi hərbi cinayət barədə ətraflı məlumat verilib.
Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayan soydaşlarımız beynəlxalq birliyi Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünü pisləməyə, belə təxribatlara birdəfəlik son qoyulması naminə səylərini gücləndirməyə çağırıblar.