Son günlər məktəblərdə baş verən zorakılıq hadisələri təkcə ayrı-ayrı ölkələrin deyil, bütövlükdə cəmiyyətlərin ciddi sosial probleminə çevrilməkdədir. Bir neçə gün öncə bir şagirdin sinif yoldaşını yandırması ilə bağlı yayılan xəbər cəmiyyətdə dərin sarsıntı yaratdığı kimi, cəmi iki gün əvvəl Türkiyənin məktəblərindən birində baş verən oxşar faciəvi hadisə də bu problemin artıq lokal deyil, qlobal xarakter daşıdığını göstərdi.
Bir müddət əvvəl şagirdin müəllimə qarşı silahlı hücuma cəhd etməsi, eləcə də son günlərdə qeydə alınan digər insidentlər cəmiyyətdə haqlı olaraq “nə baş verir?” sualını aktuallaşdırıb.
"Bu gün baş verən belə hadisələr sabah daha böyük fəsadlara yol aça bilər"
Deputat Ceyhun Məmmədov Hafta.az-a bildirib ki, 2011-ci il təvəllüdlü məktəblinin üzərinə sinif yoldaşı tərəfindən spirt tökülərək alışqanla yandırılması ilə bağlı məlumat dəhşətli və düşündürücüdür:
“Hadisəni törədən məktəblinin polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilir. Bu cür ağır və qəbuledilməz hadisənin məktəb mühitində baş verməsi artıq sadəcə fərdi hal deyil, cəmiyyət olaraq qarşılaşdığımız ciddi problemin göstəricisidir. Məktəb yalnız təhsil verilən yer deyil, həm də uşaqların davranışlarının, dəyərlərinin və münasibətlərinin formalaşdığı bir mühitdir. Bu mühitdə belə aqressiyanın ortaya çıxması xüsusi narahatlıq doğurur. Valideynlərin, müəllimlərin və ümumilikdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Uşaqlarla düzgün ünsiyyət qurmaq, onların psixoloji vəziyyətini anlamaq, aqressiyanın səbəblərini vaxtında müəyyən etmək və qarşısını almaq son dərəcə vacibdir.
Bu cür hallar nə normallaşdırıla, nə də diqqətdən kənarda qala bilər. Uşaqlar arasında zorakılığın qarşısının alınması üçün təhsil müəssisələrində psixoloji dəstək mexanizmləri gücləndirilməli, maarifləndirmə işləri daha sistemli şəkildə aparılmalıdır. Unutmamalıyıq ki, bu gün baş verən belə hadisələr sabah daha böyük fəsadlara yol aça bilər. Buna görə də hər birimiz bu məsələyə həssas yanaşmalı və cəmiyyət olaraq düzgün nəticələr çıxarmalıyıq”.
"Empatiya uşaqlıqdan formalaşdırılmalı olan əsas sosial bacarıqlardan biridir"
Psixoloq Günel İbrahimli məsələyə daha dərin psixoloji aspektdən yanaşaraq bildirib ki, məktəblərdə baş verən zorakılıq halları əslində uzun müddət yığılan daxili gərginliyin nəticəsidir.
O, qeyd edib ki, uşaqlar və yeniyetmələr emosiyalarını düzgün ifadə etməyi bacarmadıqda, bu, çox zaman aqressiya formasında üzə çıxır. Xüsusilə də son illərdə müşahidə etdiyimiz sosial dəyişikliklər – ailə münasibətlərində soyuqluq, valideyn-övlad ünsiyyətinin zəifləməsi, uşaqların daha çox virtual mühitdə zaman keçirməsi onların psixoloji dayanıqlığını azaldır.
“Digər mühüm məqam ondan ibarətdir ki, bir çox uşaqlar özlərini ifadə edə bilmədikləri üçün daxilən təcrid olunurlar. Bu təcrid isə zamanla ya özünəqapanma, ya da əksinə, partlayış xarakterli aqressiya ilə nəticələnir. Məktəbdə baş verən ağır zorakılıq hadisələri də çox zaman məhz bu “yığılmış emosional partlayışın” nəticəsidir.
Bundan əlavə, uşaqlar arasında empatiya hissinin zəifləməsi də ciddi problemdir. Onlar qarşı tərəfin ağrısını, hisslərini dərk etməkdə çətinlik çəkirlər. Bu isə zorakılığı daha “asan” və “qəbul edilə bilən” davranış kimi göstərir. Halbuki empatiya uşaqlıqdan formalaşdırılmalı olan əsas sosial bacarıqlardan biridir. Məktəblərdə psixoloji xidmətlərin formal xarakter daşımaması çox vacibdir”.
Psixoloq bildirib ki, yalnız problem baş verəndə deyil, davamlı şəkildə şagirdlərlə işləməlidir. Onun sözlərinə görə, erkən diaqnostika, risk qrupunda olan uşaqların müəyyən edilməsi və onlarla fərdi işin aparılması bu cür hadisələrin qarşısını almaqda həlledici rol oynaya bilər:
“Eyni zamanda, valideynlərin maarifləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Bir çox valideyn uşağın davranışındakı dəyişiklikləri ya görmür, ya da buna əhəmiyyət vermir. Halbuki aqressiya, qapanma, kəskin davranış dəyişiklikləri ciddi siqnallardır və vaxtında müdaxilə olunmazsa, daha ağır nəticələrə gətirib çıxara bilər.”
Psixoloqun fikrincə, problemin həlli üçün yalnız bu halda uşaqlar üçün sağlam, təhlükəsiz və dəstəkləyici mühit yaratmaqla məktəb, ailə və cəmiyyət arasında koordinasiyalı və davamlı əməkdaşlıq qurulmalıdır.
"Son dövrlərdə uşaqların emosional idarəetmə bacarıqları zəifləyib"
Psixoloq Elnur Rüstəmov hesab edir ki, uşaqlarda aqressiyanın artması təsadüfi deyil.
Onun sözlərinə görə, son dövrlərdə uşaqların emosional idarəetmə bacarıqları zəifləyib. Aqressiya artıq bir çox hallarda reaksiya forması kimi qəbul olunur.
“Bunun səbəbi həm ailədaxili münasibətlər, həm də sosial mediada zorakılığın normallaşdırılmasıdır. Uşaqlara erkən yaşdan empatiya və emosional savadlılıq aşılanmalıdır”.
"Məktəblərdə psixoloji nəzarət zəifdir"
Psixoloq Nərmin Şahbazova isə bildirib ki, məktəblərdə psixoloji nəzarət zəifdir.
Onun sözlərinə görə, bu cür hadisələr birdən-birə baş vermir:
“Adətən, öncədən siqnallar olur – təcrid olunma, aqressiv davranış, ünsiyyət problemləri. Təəssüf ki, bu siqnallar çox vaxt ya görünmür, ya da lazımi səviyyədə qiymətləndirilmir. Məktəblərdə psixoloq xidmətləri gücləndirilməlidir.”
"Əgər cəmiyyətdə aqressiya artırsa, bu, məktəbə də sirayət edir"
Təhsil eksperti Etibar Əliyev məsələyə daha geniş prizmadan yanaşıb.
O, qeyd edib ki, məktəbdə baş verən zorakılıq əslində cəmiyyətin aynasıdır:
"Əgər cəmiyyətdə aqressiya artırsa, bu, məktəbə də sirayət edir. Burada məsuliyyət yalnız məktəbin üzərinə qoyula bilməz. Valideyn, media və sosial mühit də bu prosesin iştirakçısıdır".