Son günlər qızılca xəstəliyinin geniş yayılması müşahidə olunur. Cəmiyyətdə narahatlıq yaradan məsələ 4 uşağın qızılcadan vəfat etməsi faktı ilə bağlıdır. Verilən məlumatlardan da görünür ki, qızılcaya yoluxma halları orta məktəblərdə xüsusilə yayılıb. Qızılca böyüklərdən də yan keçməyib, ali məktəb tələbələri arasında da yoluxma halları qeydə alınıb. El arasında qızılcanın xəstəlik olmadığı və hər insanın onu mütləq keçirəcəyi deyilir. Qızılca türkəçarə üsullarla müalicə olunan, soyuqdan qorunmaqla tam sağalması mümkün olan bədən halı kimi də qeyd edilir. Qızılca nə dərəcədə təhlükəlidir? Bu istiqamətdə “Həftə içi” qəzetinə danışan “MayoMed” Klinikasının baş həkimi Nərminə Abbasova bildirir ki, qızılca xəstəliyi hər kəsin yoluxa biləcəyi infeksion xəstəlikdir, hava, damcı yolu ilə yayılır:
– Azərbaycanda qızılca sürətlə yayılıb. Bu, xəstəlikdirmi? Nə dərəcədə təhlükə hesab oluna bilər?
– Qızılca payız-qış fəslinə təsüdüf etdiyi üçün yayılma sürətlidir. Belə ki, uşaqlarda immun sistemi aşağı olduğundan yoluxma ehtimalı yüksəkdir. Ümumiyyətlə, tək qızılca deyil, digər infeksion xəstəliklər də bu fəsillərdə çox aktivləşir. Ona görə də sağlam qidalanmaq, düzgün yuxu rejimi əsas götürülərək bunlara əməl etmək lazımdır. Valideynlər uşaqların düzgün qidalanmasına və yuxu rejiminə diqqət etməli, daim nəzarətdə saxlamalıdırlar. Valideynlər ehtiyatlı olmalıdırlar. Uşaqda müəyyən bir dəyişiklik, qızdırma, öskürək, hansısa halsızlıq, yorğunluq hiss etdiyi halda, həkimə müraciət etməlidir. Valideynlərin məlumatlandırılması vacib şərtdir. Düşünürəm, hər bir valideyn bu yöndə müəyyən qədər məlumatlıdır və diqqətli davranır.
– Qızılcaya görə məktəblər bağlanmalıdırmı?
– Məktəblər, bağçalar yoluxma hallarının sürətlə artmasında böyük rol oynasa da, məktəblərin bağlanması hələ şərt deyil. Məktəblər bağlansa da uşaqların valideynləri işə, yaxud harasa qonaq getdikləri vaxt yayılmaya yol aça bilərlər. Dediyim kimi, qızılca hava-damcı yolu ilə yayılır. Məktəblər o vaxt bağlana bilər ki, əhalinin çox toplandığı digər məkanlar da bağlansın. Necə ki, COVID-19 dövründə qapanma olmuşdu. Digər tərəfdən, immuniteti yüksək olan uşaqlar həmin infeksiya xəstəliyinə yoluxa da bilər, yoluxmaya da bilər. Yoluxduğu halda, bu xəstəliyi asan keçirir.
– İnsanlar niyə peyvənddən qaçır?
– İnsanlar əvvəllər infeksion, virus xəstəlikləri ilə bağlı bu qədər məlumatlı deyildilər. COVID-19-un yayılması ərəfəsində ölüm hallarının çoxalması, sanki insanlarda infeksion xəstəliklərə qarşı bir qorxu hissi yaratdı. Həmin vaxtlarda əhali arasında peyvəndləmənin ziyanı ilə bağlı fikirlər yarandı və nəticədə, peyvəndləməyə qarşı qorxu baş qaldırdı. Əslində, həmin vaxt bu qorxunu yaşayanlara məlumat verilməliydi ki, peyvəndləmədən uzaqlaşmaq olmaz. Bilməli idilər ki, COVID-19-dan da təhlükəli digər infeksion və virus xəstəlikləri var. Ən azından, virus xəstəliklərinin yüngül keçirilməsi üçün peyvənd olunmaq şərtdir. Tanıdığımız insanlar var ki, COVID-19-a görə də peyvənd olunmadılar. Bilmirik, zaman nə göstərəcək. Şəxsən mən həkim olaraq COVID-19-un yayıldığı vaxtlar 3-4 dəfə vaksin olundum və hazırda da səhhətimdə heç bir problem yoxdur. Yəni özüm COVID-19 virusuna yoluxdum və vaksin olunduğum üçün yüngül keçirtdim. Düzdür, yaxınlarımızdan itkilərimiz də oldu, amma bir insanın həyatını digər insanla bağlayıb onu müzakirə etmək düz deyil. İnsanların orqanizmi fərqli olduğu üçün hər kəs xəstəliyi müxtəlif cür keçirə bilər. Hər bir xəstəliyin də müalicəsi hər kəsdə fərqli nəticə verə bilər. Bu baxımdan xəstəliyin ümumi fəsadlarından danışanda söylənilənləri hər kəsə şamil etməməliyik.
– Peyvənd etdirmək məcburi ola bilərmi?
– Bütün poliklinikalarda sahə həkimləri, pediatrlar öz ərazilərində yaşayanları peyvəndləmə ilə bağlı düzgün şəkildə məlumatlandırmaqla peyvəndlənməyə cəlb edə bilərlər. Həkim olmayanların da bundan xəbəri var ki, qızılca tamamilə sağalmayanda müəyyən fəsadlarla iz buraxır. Bu, bütün infeksion xəstəliklərə aiddir. Bütün virus xəstəliklərində tam müalicə olunmadıqda fəsadlar yaranır, fərdin sağlamlığı təhlükə altında olur. Tam sağalmamaq gələcəkdə daha ağır viruslara yoluxmanı asanlaşdırır. Bir həkim olaraq valideynlərə tövsiyə edirəm ki, insanlar öz yaşadıqları ərazilərinə yaxın sahə poliklinikalarında uşaqlarını vaxtlı-vaxtında peyvənd etdirsinlər.
– Türkəçarə müalicə effekt verə bilərmi? Bu istiqamətdə tövsiyələriniz…
– Türkəçarə üsulları müalicə effekti verə bilər. Bu, xəstəliyin ağırlıq dərəcəsindən, xəstənin ümumi vəziyyətindən asılıdır. Əgər xəstəlik ağırlaşmış formadadırsa, dərmanlar, medikamantoz yanaşmalar, həkim nəzarəti, yataq rejimi əsasdır. Türkəçarə üsulları sadaladıqlarımla yanaşı, aparılmaqla effektiv ola bilər. İmmunitetin yüksəlməsi üçün əvvəlcədən meyvə şirələrindən, ot dəmləmələrindən profilaktik olaraq istifadəni tövsiyə edirəm.
– Əvvəlki dövrlərdə yayılan qızılca ilə indiki qızılca arasında əlamət fərqləri varmı?
– Heç bir əlamət fərqi yoxdur. Qeyd etdiyim kimi, bu, insan orqanizminin fərqli olmasından asılıdır. Orqanizm zəifdirsə, yüksək qızdırma, səpgilərin çox olması müşahidə ediləcək. Xəstəlikdən sonra kimdə hansı fəsadın baş verəcəyini detalları ilə demək olmur. Hər bir fəsad qaçılmazdır. Əvvəlki əlamətlə fərqi deyəndə, əvvəllər, ola bilsin, qızılcaya indiki qədər fikir verilməyib. Dədə-babadan eşitdiyimiz bir fikir var idi ki, qızılca ağır xəstəlikdir, onu diqqətlə, normal müalicə etmək lazımdır. Yəni göründüyü kimi, zamanında da indiki kimi qorxulu xəstəlik kimi tanınıb. Sadəcə olaraq, o dövrlərdə insanlarımız bugünkü kimi məlumatlı deyildilər.
Bu gün həkimlərimizin hər birinin üzərinə böyük məsuliyyət düşür. Hər bir həkim ixtisasından asılı olmayaraq, öhdəsinə düşənləri etməlidilər. Tək infeksionistlərə deyil, bütün sahələrin həkimlərinə tövsiyə olunur ki, rastlaşdığı qızdırmalı, səpgili xəstəni infeksionistə yönləndirsin. Eyni zamanda bacardığımız profilaktik tədbirləri görməliyik. Müalicə əlamətlərə uyğun getməlidir. Qızılca virus xəstəliyi olduğu üçün həmin antibiotiki tətbiq etmək olmaz. Əgər uşağın qızdırması varsa, səpgi hələ görünməsə də ağırlaşma varsa, təcili xəstəliyə qarşı yüngül də olsa, hətta türkəçarələrlə belə tədbir görülməlidir.
Bütün bunlarla yanaşı, qızılca qorxusu yaratmamalıyıq. Xəstəlik var və olacaq, müalicə ilə də keçib-gedəcək. Müalicəyə üstünlük verilmədikdə, hərə öz bildiyi kimi “müalicə” edəcəksə, həkimə ən son anda üz tutacaqsa, ölüm halları da qaçılmaz olacaq.