2020 -ci il sentyabrın 27-dən əks-hücumla başlayan Vətən Müharibəmiz işğalçı Ermənistanın başında duran cinayətkarların tək Azərbaycan üçün deyil, bəşəriyyət, insanlıq üçün qara ləkə olduğunu sübuta yetirdi. Məhz Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev işğaldan azad olunan Cəbrayılda bir daha Azərbaycana qarşı ədalətsiz mövqe saxlayan güclərin öz gözlərini açıb erməni cəmiyyətinin də hansı rəhbərlə, hansı ağlasığmaz cinayətlərə əlbir olduğunu önə çəkmiş oldu.
Bunu hafta.az-a Milli Məclisin deputatı Elman Məmmədov deyib. Deputat Azərbaycan torpaqlarının işğalında, ölkəmizə qarşı törədilən soyqırımı, hərbi cinayətlərlə yadda qalan Serjik Sarkisyanın kim olduğunun istər erməni ictimaiyyətinə, istərsə də dünyaya verilən sərt mesajlarla çatdırıldığını bildirib.
“Prezidentimiz dedi ki, Serjikin hərbi cinayətkar olmasını təkcə o demir, bunu bölgə ilə tanış olan bütün qərəzsiz və müstəqil politoloqlar, jurnalistlər deyirlər. O, Serjikin britaniyalı jurnalistə verdiyi müsahibəsini xatırlatdı. Serjik orada da demişdi ki, Xocalı soyqırımını şəxsən özü törədib. Bunun da izahatını vermişdi ki, azərbaycanlılar bilməlidirlər, Ermənistan ordusu dinc əhaliyə qarşı silah qaldıra bilər”.
E.Məmmədov bildirir ki, Prezidentin Serjik Sarkisyan haqqında səsləndirdiyi sərt fikirlərin hamısı həqiqətdir.
“Məni bu erməni terrorçusunu şəxsən tanımışam. Biz 80-ci illərin əvvəllərində, o, komsomol -partiya işində olduğu dövrdən öncə də bir-birimizi tanımışıq. Serjik keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayətində” heç bir xüsusi çəkisi olmayan, digərlərindən heç bir üstünlüyə malik olmayan sıradan bir erməni idi. 1988-ci illər ərəfəsində məlum oldu ki, Serjik, Robet Köçəryan və digərləri SSRİ Təhlükəsizlik Komitəsi tərəfindən Azərbaycanda Dağlıq Qarabağ problemini qaldırmaq üçün hazırlanmış bir qrupdur. Bunların varlığı və kimliyi 1988-ci ilin fevralından sonra üzə çıxdı. O dövrdən sonra Serjik, Köçəryan tədricən yüksək vəzifələrə gəlməyə başladılar. Bu da birbaşa Moskvanın göstərişi, iradəsi ilə baş verirdi. Yəni, Serjik Sarkisyan və onun kimilər bir elm, dövlət adamı, siyasətçi kimi ortaya çıxmadı. Bunlar Azərbaycan xalqının qəddar düşməni kimi, qatillər, cinayətkarlar, terrorçular kimi ortaya çıxdılar. Bunlara qatı türk düşməni, qatı cinayətkar olduqarına görə, daha bacarıqlı terrorçu olduqlarına görə vəzifələr verilib. Serjikin pillə-pillə vəzifədə yüksəlməsinin səbəbi onun qəddarlığı, türklərə qarşı qatı barışmaz düşmənçiliyi, qatilliyi idi. Xocalı soyqırımının törədilməsində həm səhra komandiri kimi, həm siyasi rəhbər kimi öndə gedən 3-4 nəfərdən biri Serjik Sarkisyan idi. Məharətlərinə görə Moskva tərəfindən mükafatlandırılaraq, öncə “Dağlıq Qarabağ”da, sonra Ermənistanada pillə-pillə vəzifələrə gətirildi.
Cənab Prezident onun haqqında çox düzgün fikirlər söylədi. O, cinayətkar, ömrüboyu oğru, saxtakar, xain, satqın, fərari kimi tanınıb. İnşAllah vaxt gələcək, Serjik Azərbaycan qanunları qarşısında cavab verməli olacaqdır”.
E.Məmmədov hesab edir ki, Prezidentin həmin çıxışında cinayətkar Sarkisyana verilən mesajlar tək onun özünə deyil, bütün ermənilərə, onları haqsız mühafizə edənlərə və aparılan cinayətkar siyasətə qarşıdır. Deputat bildirir ki, Prezident Serjik Sarkisyana əbəs yerə demir ki, “Qorxmursansa gəl, mən buradayam…”.
“Serjik bir neçə il bundan öncə Gorusa gəldi və orada erməni gəncləri ilə böyük bir tədbir keçirdi. Oradan Ağrı dağını gənclərə göstərdi və belə bir ifadə işlətdi: “Biz Qarabağı aldıq, biz bu məsələni həll elədik. Sizin də qarşınızda bax, o dağı, o dağın o tərəfindki əraziləri fəth eləmək durur”. O vaxt Serjik Sarkisyan Azərbaycana meydan oxuyurdu. Prezidentliyi dövründə dəfələrlə bəyan eləmişdi ki, “Ehtiyatda olun, bizimlə oynamayın, biz əlavə əraziləri də işğal edəcəyik. Bakıya gəlib çıxacağıq, siz bizim qarşımızda dura bilməzsiniz. Biz döyüşkən, qalib, qorxmaz, qəhrəman xalqıq”. Bu gün də Prezidentimiz onu çağırır ki, əgər sən o dediyin sözlərin arxasında durursansa, qorxmaz, qəhrəman xalqın nümayəndəsisənsə, lidersənsə, Bakıya gəlməklə bizi hədələyirsənsə, indi kişiliyin çatır gəl bura, mən buradayam. Prezident bəyan etdi ki, bu torpaqların əsl sahibləri bizik. Biz də bu gün bu torpaqlardayıq. Gəlmirsənsə, demək, sən qorxaqsan, sən dələduzsan, saxtakarsan, cinayətkarsan, oğrusan…”.