Mərakeş Əlcəzair səfirliyinin əmlakını müsadirə edir

09:05 19.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mərakeş hökuməti Rabatdakı Əlcəzair səfirliyinə məxsus daşınmaz əmlakı ələ keçirməyə çalışır. Bununla bağlı qarşı tərəfdən rəsmi Rabatın diplomatik normalara sığmayan bu addımı qınanıb.

Hafta.az-ın Şarkul Avsat-a istinadən yazdığına görə, Əlcəzairin Xarici İşlər Nazirliyi dünənki açıqlamada, Mərakeşin sözügedən layihəsinin beynəlxalq qanunların, xüsusilə də şəraitdən asılı olmayaraq diplomatik nümayəndəliklərin qorunmasını tələb edən Vyana Konvensiyasının pozulması olduğunu bildirib.

Nazirliyin açıqlamasında, "Əlcəzair bildirir ki, bu layihə həm beynəlxalq hüquqda, həm də ənənədə öhdəlik götürən ölkələrin diplomatik nümayəndəliklərini qorumaq vəzifəsini açıq şəkildə pozur".

Bəyanatda həmçinin deyilir: “Əlcəzair bu əhatəli soyğunçuluq əməliyyatını (Rabatdakı mülklərinin ələ keçirilməsini) qəti şəkildə pisləyir. Əlcəzair hökuməti bu təxribatlara uyğun hesab etdiyi hər vasitə ilə cavab verəcək və bütün mövcud hüquqi vasitələrə əl atacaq”.

Bildirək ki, paytaxt Rabatda Mərakeş Xarici İşlər Nazirliyinin inzibati binalarının genişləndirilməsi qərara alınıb. Mərakeşin rəsmi qəzetində dərc olunan fərmanda “İctimai maraq bu məqsədlə zəruri olan daşınmaz əmlakın müsadirəsini tələb edir” yazılır.

Müsadirə qərarına daxil edilən binalar arasında Əlcəzairə aid 3 daşınmaz əmlak da vardı.