Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə “Media və intihar olaylarının işıqlandırılması” mövzusunda toplantı keçirilib. Şuranın ofisində düzənlənmiş tədbirdə ölkənin aparıcı media vasitələrinin təmsilçiləri iştirak ediblər.
Şuradan hafta.az-a bildirilib ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, bir neçə gün sonra 147 yaşı tamam olacaq Azərbaycan mətbuatı ötən müddətdəki fəaliyyəti ilə cəmiyyətin maraqlarının təmin olunmasında etibarlı ictimai institut kimi özünü təsdiqləməyi bacarıb. Dövlətin və cəmiyyətin, ayrı-ayrı vətəndaşların mənafelərinin uzlaşdırılması medianın başlıca missiyası kimi diqqət çəkib. Lakin elə hadisə və proseslər olur ki, onlara nəzərən bu missiyanın kifayət qədər faydalı nəticələrini görmürük. Mətbuat Şurası fəaliyyətində belə məsələlərin müzakirəsini təşkil təşkil edib, problem və çətinliklərin aradan qaldırılmasına çalışıb. “Bu gün də vacib bir məsələ ətrafında müzakirə aparmaq məqsədilə toplaşmışıq. Mövzumuz media və intiharların işıqlandırılması ilə bağlıdır. Oxşar səpkili tədbirlərimizi əvvəllər də keçirmişik. Biz nəyə çalışırıq, nə istəyirik? İstəyirik ki, mediamız intihar olaylarından şou düzəltməsin, bu hadisələrin gerçək ictimai motivlərinə toxunsun, elə davranmasın ki, sanki intiharları təbliğ edir. Əlbəttə, bir çox məqamlar jurnalist peşəkarlığına bağlıdır. Prinsipial yanaşsaq, neqativ ovqat yaradan, insanları bədbinliyə kökləyən, onları həyatdan qoparan, mübarizə əzmini sarsıdan media materialları bir qayda olaraq qeyri-peşəkar yanaşmanın məhsulu kimi meydana çıxır. Ancaq belə məhsulların sayının çoxluğu düşünməyə vadar edir. Bu gün də biz düşünüb problemlərdən çıxış yolu müəyyənləşdirmək üçün buradayıq”, - deyə Ə.Amaşov vurğulayıb.
MŞ-nin icraçı katibi, tanınmış hüquqşünas Şəmsəddin Əliyev çıxışında intihar olaylarına hüquqi məsuliyyət prizması baxımından izahat verib. O, eyni zamanda dünyada və ölkəmizdə intihar faktları ilə bağlı statistikanı diqqətə çatdıraraq bildirib ki, intiharların sayına görə liderlik Skandinaviya ölkələrindədir. Postsovet məkanında bu baxımdan Litva və Latviya, həmçinin Rusiya diqqət çəkir. Azərbaycanda hər 100 min nəfərə 1-1,2 intihar faktı qeydə alınır ki, bu da kifayət qədər kiçik rəqəmdir. Lakin düşünməyə vadar etməyə bilməz.
Çıxış edənlərdən MŞ-nin sədr müavini Umud Rəhimoğlu, Şuranın İdarə Heyətinin üzvləri – Milli Məclisin deputatı Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Bayraqdar.info” saytının baş redaktoru Azər Həsrət, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, habelə “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili və başqaları müzakirəyə çıxarılmış mövzunun əhəmiyyətini vurğulayaraq bildiriblər ki, ciddi media orqanları intihar hallarının işıqlandırılmasına ümumən həssas yanaşmaları ilə seçilirlər. Natiqlər əlaqədar qurumlar tərəfindən intihar faktlarının öyrənilməsinin, təsnifatlandırılmasının və bu istiqamətdə medianın düşünülmüş materiallarla təminatının zəruruliyini önə çəkiblər. Çünki bir çox hallarda konkret mahiyyət barədə bilgi olmadığından yayılmış digər zərərli bilgilər dəyər qazanmağa başlayır. Bu isə zərərli tendensiyadır.