Metro açılsın, açılmasın? - Tərsmütənasib

13:21 20.02.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Karantin rejiminin mərhələli yumşalma planının tərkib hissəsi olaraq Bakı Metropoliteninin sərnişinlər üçün açılıb-açılmaması günün ən aktual mövzusuna çevrilib. Yoluxma sayı azaldıqca bir çox ictimai-iaşə obyektləri, təhsil müəssisələri ilə yanaşı ən çox sərnişin yükdaşımasını həyata keçirən metrostansiyaların açılması məsələsi önə çəkilir. Belə hesab olunur ki, əgər sərnişinlərin sıxlığına baxmayaraq, avtobusların hərəkətinə məhdudiyyəyt yoxdursa, nəyə görə metrolar açılmamalıdır.

Vüsalə Hüseynli, İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri:

- Ölkədə pandemiya ilə bağlı yoluxma sayının çox olduğu bir vaxtda Metronun bağlanması çox düzgün addım idi. Amma hazırda ictimai nəqliyyatlarda, avtobuslarda baş verən sıxlığa nəzər salsaq, metronun açılması ilə bu sıxlığı aradan qaldırmış olarıq.

Əgər virusdan qorunmanın əsas şərtlərindən biri məsafənin saxlanması və maskalardan düzgün istifadədirsə, metroların açılışı ilə bu sıxlığın qaşısını müəyyən qədər almaq olar. Adətən, metronun bağlı saxlanmasını onunla əsaslandırırlar ki, metrolar rütubətlidir, oksigen azlığı var, viltilyasiyanın zəifliyi yoluxmanı sürətləndirə bilər. Nəzərə alaq ki, avtobuslarda insanlar bir-birinə çox yaxın məsafələrdə dayanır, o zaman metrolardan istifadəni də aktivləşdirmək olar. Bu gün “28 May”, “20 Yanvar” və digər ərazilərdə insanların avtobus sıxlığından əziyyət çəkdiyini, hətta avtobusa minə bilmədiklərini görürük. O zaman heç kəs virisa yoluxa biləcəyi ilə bağlı təhlükə barədə düşünmür. İnsanlar dərk etməlidirlər ki, istər metro, istər avtobus olsun, maskadan istifadə edib, məsafə saxlamalıdırlar. Əgər insanlarımız öz məsuliyyətini dərk etmirsə, metronun bağlı qalmasının da bir nəticəsi olmayacaq. Dövlət öz işini görür, apteklərdə maskalar var, hazırda vaksinasiya prosesi gedir. Amma bununla paralel olaraq ilk növbədə insanlarımız bir qədər diqqətli olmalıdırlar. Metro açıla bilər, lakin insanlarımız qaydalara diqqətlə əməl etməlidirlər.

Yeganə Rəhimova, həkim-terapevt

- Virusun aktivliyinə görə metroların bu soyuq aylarda açılması o dərəcədə əlverişli deyil. Bir sıra iaşə müəssisələrinin, məktəblərin açılması heç də metronun da istifadəyə verilməsi üçün əsas ola bilməz. Avtobusların ictimai nəqliyyat kimi aktivliyinə diqqət çəksək, bir çox insanların “Avtobuslarda sıxlıq varsa, metroda olsa nə olacaq, niyə metro açılmasın?”- sualına fərqli aspektdən yanaşılmalıdır. Vətəndaşlarımız, ictimai nəqliyyatdan istifadə edən insanlarımız bilməlidirlər ki, avtobusda nə qədər sıxlıq olsa da, yerüstü hərəkət, yeraltı metrolardan əlverişlidir. Avtobuslar açıq havada hərəkət edir, metrolar isə nə qədər viltilyasiya sistemi ilə işləsə də, havasızdır. Metrolarda sərnişin sıxlığı virusun aktivləşməsi üçün əlverişli ola bilər. Sıxlıq yoluxma sayının artmasına gətirə bilər. Metrolarda həddən artıq sıxlıq olur və oksigenə təlabat artır. Kütlənin içində oksiken azalıb, karbon çoxalır. Bu da tənnəfüs almada çətinliyə səbəb olur. Pandemiya ilə əlaqədər metrolar hələ bir müddət açılmamalıdır.

Yaza qədər bu çətinliklərə də qatlana bilərik. 1 ildir pandemiya bəlasına dözən əhalimiz bir azacıq müddət də dözsə, nəticədə uğur qazanmış olarıq. Bu, gələcəyimiz üçün lazımdır.