İndi ən çox danışılan mövzu energetik içkilərin ziyanı ilə bağlıdır. Elə ən çox istifadə edilən də bu kimi içkilərdir. Bir sual ortaya çıxır: zərərlidirsə niyə, ölkədə satışı, istehsalı qadağan edilmir? İndi satışı, istehsalı bir yana qalsın. Bu gün energetik içkilərin reklamı az qala yaşadığımız, gəzdiyimiz, istirahət etdiyimiz – hər yerdə vurulur. Bakı şəhərində ən çox istifadə olunan ictimai nəqliyyat vasitəsi metro hesab olunur. Gündə yüzminlərlə insanlar bu metrolardan istifadə edirlər. İstifadə edən sərnişinlər arasında azyaşlılar, məktəblilər də var. Bəs energetik içkilərin metrolarda reklamı nə dərəcədə düzgündür?
Məlumat üçün qeyd edək ki, tib ekspertləri energetik içkilərin ziyanı ilə bağlı vətəndaşlara müraciətlər edirlər.
Professor Adil Qeybulla hafta.az-a dedi ki, energetik içkilərin tərkibində taurin (əzələ toxumalarında yığılan amin turşusu) və bir neçə belə maddələr var ki, orqanizmin stimulyasiyasına kömək edir: “Bu cür içkilərin qəbul edilməsi ürək fəaliyyətinin güclənməsinə gətirib çıxarır ki, bu da ürəyi yora bilər. Məsələn, məlumatlar var ki, ürək çatışmazlığına səbəb olurlar. Bu, birbaşa təsdiqlənməyən məlumatlardır. Uzun müddət "Redbull”dan istifadə kardiomiapatriya (ürəyin torbalaşması- ürəyin əsas motor funksiyası rolunu oynayan sol mədəciyin genişlənməsi) ilə müşayiət olunan xəstəliyə gətirib çıxara bilər. Hər bir halda hesab edirəm ki, bu kimi içkilərin istifadəsi məqsədəuyğun deyil. İmkan daxilində bundan istifadə olunmasın. Əgər istifadə olunarsa belə sui-istifadə olunmasın”.
Azad İstehlakçılar Birliyin Sədri Eyyub Hüseynov isə dedi ki, Vergilər Nazirliyi ilə xeyli işlər apardıq və qiymətlərin qaldırılmasına nail olduq:
“Dünən enerji içkilərinin böyüb yük maşınını gördüm. Hətta, olimpiya çempionlarının birinin də şəkli var idi üstündə. Təəssüf ki, çempionun və içkinin adı yadımda qalmayıb. AİB energetiç içkilərin əlçatanlığının azaldılması sahəsində müəyyən işlər gördü. Biz düşündük ki, əlçatanlıq azalsa satış tendensiyasına təsir göstərəcək. Mənə bu barədə çoxlu zənglər də oldu. Hətta, Avstriyadan nümayəndələr gəldilər. Məni inadırmaq istəyirdilər ki, xeyr, əslində o içkilərin insan orqanizminə ziyanı yoxdur. Biz öz fikrimizdən dönmürük. Bilirik ki, azad bazar mühitində yaşayırıq. Kapitalizm cəmiyyətində isə insan sağlamlığı arxa planda qalan məsələdir. Hamımız dərk etməliyik, insan sağlamlığı ən öndə gedən məsələdir. Əlimdə bir paket var. Dünən aptekdən almışam. Aptek insanların inandığı bir yerdir. Görürəm ki, üstündə energetik içkinin paraşokunun reklamı gedib. Analiz edəndə aydın olur ki, bu paraşok formanın tərkibi, bazarda satılan bankadan daha çoxdur. Biz istəyirik ki, energetik içkilərin reklamları olmasın. Əlçatanlıq azaldılsın. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi onların tərkibi ilə bağlı artıq işlər görülüb, müəyyən sənədlər hazırlanıb. Yəqin ki, gələcəkdə energetik içkilərin tərkibində dəyişikliklər də olacaq. Bu da insanların xeyrinədir. Hesab edirəm ki, 18 yaşına çatmamış insanlara satışı qadağan olunmalıdır”.
Azərbaycan Dövlət Reklam Agentliyi isə açıqlamasında bildirdi ki, qapalı məkanlarda gedən reklamların onlara heç bir aidiyyatı yoxdur. Açıq yerlərdə isə reklamın olmasına heç bir qadağa tətbiq olunmayıb.
Sözügedən məsələ ilə bağlı “Bakı Metropliteni” QSC-nin mətbuat xidməti əlaqə saxladıq. Təəssüf ki, iki gün keçməsinə baxmayaraq sualımıza “Bakı Metropliteni” QSC-dən heç bir cavab ala bilmədik.