Meyitlərə işgəncə videoları ilə bağlı 10 cinayət işinin istintaqı gedir

12:40 10.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son 30 ildə Ermənistan tərəfindən Azərbaycana, onun mülki vətəndaşlarına, Silahlı Qüvvələrinə, infrastrukturuna qarşı çoxsaylı cinayətlər törədilib. Təəssüflər olsun ki, bu gün ölkəmizə qarşı haqqı, ədaləti fərqli, qərəzli şəkildə təqdim etməyə, şərh etməyə, pozmağa yönələn cəhdlər və bu cəhdləri özündə ehtiva edən ikili standartlar möcvuddur.

Hafta.az-ın məlumatına görə, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, son dövrdə sosial şəbəkələrdə əsir götürüldüyü iddia olunan bir neçə erməni hərbi qulluqçunun qətlə yetirilməsi və onların meyitləri üzərində təhqiredici hərəkətlərə yol verilməsi barədə hələ ki, mənbəyi məlum olmayan bir neçə videonun yayılmasını az qala Azərbaycan dövlətinin “soyqırımı siyasəti” kimi qələmə verirlər:

“Baş Prokurorluğun nümayəndəsi kimi bəyan edirəm ki, Azərbaycan hüquqi dövlətdir və yayılmış hər bir video ilə bağlı dərhal reaksiya bildirilir. Həmin faktlarla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə cinayət işi başlanılıb. Hazırda bu faktlarla əlaqədar 10 cinayət işinin ibtidai istintaqı davam etdirilir. Əgər videoda əks olunduğu kimi iddia edilən şəxslərin, hərbi qulluqçuların təqsiri sübut olunarsa, təbii ki, cinayət məsuliyyəti məsələsi həll oluna bilər. İstintaqın gedişinə hər hansı bir dövlətin və beynəlxalq təşkilatın bəyanatı təsir göstərə bilməz”, - deyə o əlavə edib.