Dünyanın koronavirusla mübarizə apardığı bir vaxtda yeni epidemiya ehtimalı iddiası səhiyyə təşkilatlarını hərəkətə keçirib. Bu, həm də əhali üçün gözlənilməz hal olduğundan, indi hər kəs meymunçiçəyi ilə bağlı məlumatlanmağa çalışır. Elə bu səbəbdəndir ki, daha əvvəl koronavirus təzə peyda olduqda qarşılaşdığımız virus söz-söhbətləri və şayiələri yenidən gündəmdədir.
Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, baş infeksionist Təyyar Eyvazov meymunçiçəyi virusu ilə bağlı hafta.az-ın suallarını cavablandırıb. Onun sözlərinə görə, təbii çiçəklə xəstələnmə hadisəsi dünya üzrə son dəfə 1977-ci ilə təsadüf edib. Bunu nəzərə alaraq, 1980-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) infeksiyaya qarşı peyvəndləmənin dayandırıldığını elan edib. Çiçək peyvəndi etdirmiş insanlar meymunçiçəyindən xəstələnsələr belə, infeksiyanı yüngül keçirəcəklər:
“Bundan sonra, yalnız tibb sahəsində, laboratoriyalarda çalışan işçilər peyvənd etdiriblər. Sonuncu dəfə 1980-ci ildə doğulanlar çiçək xəstəliyinə qarşı peyvənd edildiyindən, 40 il sonra onların orqanizmində sözügedən xəstəliyə qarşı immunitetin olub-olmaması ilə bağlı müəyyən mülahizələr var. Bunlar sadəcə ehtimaldır. Qeyd etmək lazımdır ki, təbii çiçəyə qarşı hazırlanmış peyvənd meymunçiçəyindən 85%-ə qədər qoruyur. Çiçək peyvəndi etdirmiş insanlar meymunçiçəyindən xəstələnsələr belə, infeksiyanı yüngül keçirəcəklər”.
Baş infeksionist vurğuladı ki, xəstəlik ilk növbədə uşaqlar və immun sistemi, xroniki çatışmazlığı olan şəxslər arasında ağır keçə bilər:
“O ki qaldı 1980-ci ildən sonra doğulmuş insanlara, onlar təbii çiçəyə qarşı peyvənd olunmayıblar deyə, meymunçiçəyi virusuna qarşı həssasdırlar. 40 yaşına qədər insanlar meymunçiçəyi infeksiyası ilə qarşılaşdıqda yoluxa bilərlər. Xəstəlik, ilk növbədə, uşaqlar və immun sistemi, xroniki çatışmazlığı olan şəxslər arasında ağır keçə bilər”.
Həkim bildirir ki, meymunçiçəyi virusu ilə əlaqədar heç bir əlavə qabaqlayıcı tədbir görməyə ehtiyac yoxdur:
“Baxmayaraq ki, meymunçiçəyi qeyri-endemik ölkələrdə, Avropada, İsraildə, ABŞ-da yayılmışdır, ancaq yayılma arealı və xəstələnmə sayı kiçik olduğundan, buna qarşı xüsusi tədbirlər görməyə ehtiyac yoxdur. Ümumdünya Səhiyyə Təşkilatının mövqeyi bundan ibarətdir ki, ilk növbədə əhali maarifləndirilməlidir. Azərbaycanda bu iş davam etməkdədir. Səhiyyə Nazirliyi tərəfindən məsələ ilə əlaqədar məlumat hazırlanmışdır ki, burada xəstəliyin klinik əlamətləri, ötürülmə yolları və s. haqqında məlumatlar öz əksini tapır. Xəstəlik aşkar edilən şəxs və onun təmasda olduğu insanlar aşkar edilərək izolyasiya edilməlidirlər”.