Mişelin ulduzlu aşpaz təqdim edir: dadlı-təamlı İtaliya mətbəxi Bakıda

17:20 03.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın Azərbaycandakı Səfirliyi, İCE-İtaliya Ticarət Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin birgə əməkdaşlığı ilə dünyada İtalyan Mətbəxi Həftəsinin VI buraxılışı münasibətilə Bakıda qida davamlılığı mövzusuna həsr olunmuş aşpazlıq şousu təşkil olunub.

Hafta.az-ın yazdığına görə, açılış mərasimində çıxış edən Mişelin ulduzlu aşpaz Heinz Beck ilk dəfədir ki, Azərbaycana gəldiyini və bu səfərdən çox şad olduğunu diqqətə çatdırıb. “Bu ölkəni və xüsusilə də Bakı şəhərini çox bəyəndim. Dünən Azərbaycanın ilk kulinariya mərkəzi olan CASA mərkəzində masterklass keçirdim və bu mənim üçün çox xoş oldu. Bu gün də başqa bir yerdə masterklasda çıxış edəcəyəm” deyən H.Beck qeyd edib ki, medianın da iştirak etdiyi bu görüşdə çox gözəl və müasir desert hazırlayacaq.

“Desert şokolad kremi berqamot çayı ilə hazırlanır, üzərində isə nar kürəsi ilə dekor edəcəyəm. Çünki hazırda İtaliyada nar mövsümüdür. Onu da qeyd edim ki, İtaliyada nar “uğur gətirən meyvə” hesab olunur və hansı ki, uğur hamıya lazımdır. Buna görə də, nardan gözəl bir şirniyyat hazırlayacağıq”, - italiyalı aşpaz deyib.

Bu arada, çox maraqlıdır, niyə dünyanın bütün ölkələrində İtaliya mətbəxinə böyük diqqət var? Cənab H.Beck deyir ki, çünki İtaliyada yeməklər gözəl, dadlı və xüsusi şövqlə bişirilir, sağlamlıq üçün uyğun məhsullar və ölçülərlə tarazlanır, asan həzm olunur. Bu səbəbdən də hər kəs İtaliya mətbəxini və yeməklərini bəyənir. Aralıq dənizi üsulu ilə qidalanma insanları gənc və güclü edir və sair.

Onun sözlərinə görə, əslində şirniyyatlar əladır, dadlıdır, ancaq orqanizm və həzm prosesi üçün çox da münasib deyil.

Heç kimə sir deyil ki, Azərbaycan da öz gözəl və nəfis şirniyyatları ilə məşhurdur - şəkərburası, paxlavası dünyada tanınır. Görəsən Azərbaycan və İtaliya şirniyyatlarında hər hansı oxşarlıqlar varmı? Cənab Beck təəssüflə başını yarğalayır. Deyir ki, hələlik, Azərbaycan şirniyyatlarından dadmaq imkanı olmayıb, ancaq bu gün mütləq bunu edəcək. O, Azərbaycanda şəkərbura, paxlava olduğu kimi, İtalyan mətbəxində də dadlı “tiramisu”, fərqli dadlarda hazırlanan “Panna cotta”, “baba”, “kannoli siciliano” və digər fərqli və dadlı şirniyyatlar mövcuddur. 

İtalyan aşpaz hazırlayacağı şirniyyat barədə də qısaca məlumat verib. Bildirib ki, bu gün şokolad kremi, berqamut və üzərində şokolad ovuntusu, eləcə də nar kürəsi olan şirniyyat bişirəcək. Əlavə olaraq qeyd etdi bu şirniyyatın menyüsünü son üç gün ərzində hazırlayıblar çox dadlıdır və innovativ yolla ərsəyə gəlir. Bildirdi ki, bu şirniyyatı hazırlamaq üçün bir qabda un, şəkər və kakao qarışdırılır. Eyni zamanda, qazanda südü 81 dərəcə qızdırır, içinə berqamut çayı, daha sonra isə yumurta əlavə edərək yaxşıca qarışdırır, sonra onu xırda gözlü süzgəcdən süzərək başqa bir qaba qoyulmuş şokoladın üstünə tökürlər və islanmış kütlə mikserlə çalınaraq tam qarışdırılır. Təqdimatında isə, həmin şokoladlı kremdən boşqaba tökülür, üzərinə ilk başda hazırlanmış kakao tozu tökülür və onun da üzərinə nar kürəsi qoyulur.    

Aşpaz Beck bildirib ki, kimsə ondan ən məşhur italyan yeməyini soruşsa, cavab verə bilməz. Çünki, İtaliya ərazisi coğrafi baxımdan şimaldan cənuba xeyli məsafədə uzanır, şimal bölgələrindən cənub torpaqlarına qədər keçilən ərazilərdə çox fərqli yeməkləri görmək mümkündür. “Məsələn, şimal və mərkəzi bölgələrinin mətbəxlərində daha çox ət məhsullarından istifadə olunur, cənub dənizsahili rayonlarda isə dəniz məhsulları daha çox yeyilir. Buna görə də, İtaliyan yeməklərinin müxtəlifliyi daha çox önə çıxır və yalnız hansısa bir məşhur yeməyi vurğulamaq olmaz. Özü də İtaliya mətbəxi yalnız makaron və pizzadan ibarət deyil. İtaliyanın qədim mətbəx ənənəsi var və zəngin qida məhsullarına malikdir. Bu səbəbdən də onlardan fərqli və gözəl yeməklər hazırlanır. Məsələn sobada turşənglə dadlı balıq, yaxud gözəl quzu əti hazırlaya və ya “çingiali” edə bilərsiniz. Bunlar həqiqətən çox gözəl yeməklərdir. Həm də ölkəmiz tərəvəzlərlə zəngindir, müxtəlif meyvə növləri var və bu məhsullardan həm müasir, həm də ənənəvi yollarla yeməklər hazırlaya bilərik. O cümlədən, İtaliya mətbəxində fərqli şorba növləri var: bunlardan minestra, bulyonda balıq, pasta outsilla, balıq bulyonunda bişmiş makaronu misal göstərmək olar. İtaliyada “pasta tenerumi” adlanan yemək növü var, balqabağın yalnız uzununa doğranmış yaşıl hissəsindən və pomidordan istifadə edərək bulyonda gözəl şorba hazırlanır”, - deyib cənab Beck. 

Bütün bunlara baxmayaraq, italiyalı aşpaz deyib ki, onun ən çox sevdiyi yemək, yəqin həyat yoldaşı Palermodan olduğu üçün, Siciliya yeməkləridir. O, Siciliya üsulunda hazırlanmış kus-kus yeməyini çox sevdiyini etiraf edib.

Çıxışının sonunda hər kəsə təşəkkür edən aşpaz Beck, onu Azərbaycana dəvət etdiyi üçün İtaliyanın ölkəmizdəki səfiri Klaudio Taffuriyə, eləcə də İCE - İnstituto Commerco Estro və “Four Seasons Hotel”in rəhbərliyinə minnətdarlığını bildirib.

Çıxışdan sonra mətbəxdə şirniyyatın və bir sıra maraqlı yeməklərin hazırlanması prosesi başlayıb. İtalyan mətbəxindən salat, heyvanın içində dolma, əvvəldən də elan edildiyi kimi, şokoladlı kremin hazırlanması böyük maraq doğurub. Bu arada, otel tərəfi də qonaqlara Azərbaycan plovunu təqdim edib.

Təqdimat zamanı çıxış edən İtaliyanın ölkəmizdəki səfiri Klaudio Taffuri bildirib ki, mətbəx italiyalılar üçün yalnız qida və içkidən ibarət deyil. “Bizim üçün mətbəx mədəniyyətdir, keyfiyyətdir və geniş məfhumda başa düşülür. Heinz Beck gələcək nəsillərə ötürüləcək və idealları olan texnikalardan istifadə edir. Gördüyünüz kimi, bu mətbəx bir qədər yeni və xüsusidir, lakin kökü keçmişə gedir. Ümid edirəm ki, Bakıda növbəti tədbirimiz olacaq və sizlər bizim yüksək səviyyəli mətbəximizi daha yaxından görəcəksiniz. Qeyd etdiyim kimi, mətbəx yalnız hazırlanan yeməklərdən ibarət deyil, mətbəx həyat tərzidir. Hazırda gördüyünüz şirniyyat fərqli üsulla hazırlanıb və əvvəl gördüklərinizdən daha fərqlidir. Amma şirniyyatın üzərini bəzəmək üçün istifadə ediləcək nar Azərbaycan məhsuludur. Ümidvaram ki, bu gündən zövq alır və təşəbbüsümüzü yüksək qiymətləndirirsiniz”, - səfir Taffuri deyib.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü, aşpaz Mirmövsüm Dadaşov bildirdib ki, tədbir çərçivəsində aşpazlar üçün ustad dərsləri təşkil olunub. Təlim zamanı “Qarabağ plovu”, “Heyva dolması” və “Badımcan döymə salatı” hazırlayıb. Azərbaycan mətbəxi 381 çeşid dolmaları ilə bütün dünyada məşhurdur. Qeyd edib ki, bu yaxınlarda “İrəvan xanlığının bölgə mətbəxi” kitabı işıq üzü görüb. Mənfur işğalçı qonşularımız tarix boyu Azərbaycan mətbəxini və yeməklərini də özününküləşdirərək “erməni yeməkləri” kimi təqdim edir. Azərbaycan Milli Kulinariya Mərkəzinin erməni saxtakarlıqlarının ifşa edilməsi, habelə milli mətbəximizin dünyada tanıdılması istiqamətində atdığı addımlar olduqca təqdirəlayiqdir.

Tədbirin sonunda hazırlanmış yeməklər, o cümlədən italyan mətbəxinin incilərindən olan şirniyyat tədbir iştirakçılarına təqdim olunub.

Oxunma sayı 588