Misirdən Moskvaya xəbərdarlıq: “O təyyarələrdən istifadə etməyin”

11:20 17.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın “Aeroflot” və “Rossiya” aviaşirkətləri Misirdə gözlənilməz təhlükə ilə üzləşib.

Hafta.az-ın yazdığına görə, Rusiya aviasiya sənayesinin tənzimləyici orqanı “Rosaviatsia” Misir hava yollarında qeydiyyatdan keçmiş 27 sərnişin təyyarəsinin Misir hava limanlarında ələkeçirilmə təhlükəsi səbəbindən bu ölkəyə uçuşları dayandırmasını istəyib.

Xüsusilə, “Aeroflot”a Misirə uçuşlarda 10 “Airbus A320”, 4 “A321”, 1 “A350” və 9 “Boeing 777-300ER” təyyarələrindən istifadə tövsiyə olunmur.

“Rossiya” aviaşirkətindən bu ölkəyə uçuşlarda 3“Boeing 737-800” təyyarəsindən istifadə etməkdən çəkinməsi xahiş olunub.

Bu xəbərdarlıq Federal Hava Nəqliyyatı Agentliyinin Misirin məxfi mənbələrindən bu təyyarələrin “Misirə uçacağı təqdirdə ələ keçiriləcəyi” barədə məlumat almasından sonra edilib.

Bu iddialarla bağlı Misir dövlətindən hələlik rəsmi açıqlama verilməyib.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Qərb dövlətlərinin tətbiq etdiyi sanksiyalar çərçivəsində Rusiya şirkətlərinə məxsus bir çox sərnişin təyyarəsi xarici hava limanlarında müsadirə olunmağa başlanıb. Bu təyyarələrin Rusiya Dövlət Nəqliyyat Lizinq Şirkətinə (GTLK) məxsus olduğu bildirilir.

Ötən ildən İrlandiya Ali Məhkəməsi Dövlət Nəqliyyat Lizinq Şirkətinə məxsus 37 təyyarənin müsadirəsi ilə bağlı işi davam etdirir. Sözügedən 27 təyyarədən əlavə daha 10 təyyarə Misirə uçmayan S7, “Aurora” və “Yamal” kimi hava yolları tərəfindən idarə olunur. Qərb dövlətləri Rusiya ilə Qərb sığorta şirkətləri arasında davam edən məhkəmə çəkişməsindən üçüncü ölkələrə təzyiq vasitəsi kimi istifadə edirlər.