Misirin ətraf mühit naziri ilə görüş keçirilib

15:48 07.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Misirin Şarm əl-Şeyx şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəfləri Konfransı (COP27) davam edir. Azərbaycan bu konfransda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, səfər çərçivəsində Misirin ətraf mühit naziri xanım Yasmin Fuad ilə görüş olub. Bununla yanaşı, digər görüşlərin də keçirilməsi nəzərdə tutulur.

Noyabrın 18-dək davam edəcək konfransın əsas mövzuları iqlim dəyişmələrinə təsirlərin azaldılması, iqlim risklərinə dayanıqlılıq və uyğunlaşma, müvafiq sahənin maliyyələşdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.

Qeyd edək ki, ölkəmiz 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2016-cı ildə isə Paris Sazişini ratifikasiya edib.