Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval X sosial media hesabında ölkəsinin "Arunaçal Pradeş", Çinin isə "Zangnan" adlandırdığı Himalay sərhədindəki bölgə ilə bağlı açıqlama verib.
Hafta.az-ın yazdığına görə, Hindistanın yüksək rütbəli rəsmilərinin digər əyalətlər kimi vaxtaşırı Arunaçal Pradeşə də səfər etdiyini bildirən Caisval Çinin tənqidlərini rədd edib.
"Arunaçal Pradeş ştatı həmişə Hindistanın ayrılmaz hissəsi olub və gələcəkdə də belə qalacaq", - Caisval deyib.
Hindistanın baş naziri Narendra Modi tunel layihəsinin açılışında iştirak etmək üçün martın 9-da Arunaçal-Pradeş ştatına səfər edib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin verdiyi mətbuat şərhində, "Zangnan Çinə aiddir. Çin hökuməti Hindistanın qeyri-qanuni qurduğu "Arunaçal Pradeş"i heç vaxt tanımayıb. Çin Hindistan liderinin dövlətlərarası sərhədin şərq bölgəsinə səfərinə şiddətlə qarşıdır. Bu mövzuda Hindistana ciddi açıqlamalar vermişik" deyib.
Himalay sərhədinin "həlli lazım olan problemləri ehtiva etdiyini" bildirən Vanq, "Hindistanın Çindəki Zangnan bölgəsini təsadüfi şəkildə özününküləşdirməyə haqqı yoxdur. Hindistanın bu cür hərəkətləri yalnız sərhəd problemini çətinləşdirəcək və sərhəd bölgələrində gərgin vəziyyətə səbəb olacaq" deyə xəbərdarlıq edib.
Himalay dağları ilə əhatə olunmuş Çinlə Hindistan arasındakı dəqiqləşdirilməmiş sərhəd xətti iki ölkə arasında suverenlik mübahisələrinə səbəb olur. Çayları, gölləri, buzlaqları və qarlı zirvələri əhatə edən 3500 kilometrlik sərhəd tərəfləri tez-tez üz-üzə gətirir.
Pekin Hindistanın "Cənubi Tibet" adlandırdığı Arunaçal Pradeş əyalətində 90 min kvadratkilometr ərazi iddia edərkən, Dehli hökuməti Aksay-Çin yaylalarını əhatə edən 38 min kvadratkilometr ərazinin Çin tərəfindən işğal edildiyini bildirir.
1962-ci ildə iki ölkə arasında müharibəyə səbəb olan sərhəd mübahisəsini tərəflər uzun illərdir həll edə bilmədiyindən, zaman-zaman sərhəddə gərginlik artır.