Monitorinq istəyirlərsə, Xocalıya gəlsinlər... - Məlahət İbrahimqızı

12:20 31.01.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Demokratiyanı öz maraqları naminə biznesə çevirən beynəlxalq güclərin saxta üsullarla kiçik ölkələri öz təsirində saxlamaq cəhdləri formasını dəyişməklə yenilənib. Uzun illər ədalətinə güvəndiyimiz, lakin hər fürsətdə ölkəmizi hədəfə alan Avropa təsisatları yeni reallığa uyuşmayan fərqli yanaşmaları ortaya qoyur. Bu istiqamətdə “Həftə içi”nə müsahibə verən Milli Məclisin deputatı Məlahət İbrahimqızı bir sıra mühüm faktlara diqqət çəkib.

– AŞPA -nın “insan haqları”, “seçkilərə AŞPA-nın dəvət olunmaması” və s. bəhanələrlə Azərbaycana qarşı məlum ittihamları və iddiaları hansı mətləbləri ortaya qoyur?

– Bu gün Avropa Şurası, Avropa Parlamenti, ATƏT, AŞPA və digər beynəlxalq təsisatlarda insan hüquqları, demokratik dəyərlər, söz, vicdan azadlığı, sərbəst toplaşma, seçki azadlıqları və sair məsələlər müstəmləkəçi idarəçiliyin başqa bir forması kimi istifadə olunur. İkinci Dünya müharibəsindən sonra dünyada kolonolializm dağıldı. Tarixboyu xalqlara zülm etmiş, onların təbii resurslarını, sərvətini talamış Fransa kimi ölkələr köhnə kolonial sistemin dağıldığını görüb xalqlara təsir etmək, xalqları öz maraqları üçün özlərinə tabe etdirmək üçün bu cür beynəlxalq təşkilatlar yaratdılar. Bu qurumlar “demokratik dəyərlər”, "insan haqları", “sərbəst toplaşmaq hüququ” və sair qulağa yaxşı gələn sözlərdən istifadə edərək müstəmləkədə saxladığı ölkələrə təzyiq etməyə başladılar. BMT özü də bu sırada dayanır. Otuz il müddətində BMT Təhlükəsizlik Şurasında qəbul edilən 4 qətnamə toz basmış qovluqlarda masaların künclərində qalmışdı. Bu qurumlar özlərinin qəbul etdikləri qətnamələrin icrası ilə maraqlanmırdılar.

– AŞPA kimi beynəlxalq təsisat Azərbaycana qarşı belə iddialarla çıxış edərkən hansı hədəflərə çatmaq istəyir?

– Azərbaycan 1991-ci ilə qədər SSRİ-nin tərkibində idi, ona görə də ölkəmizə birbaşa təsir etmək imkanları sıfır idi. Azərbaycan müstəqilliyə qovuşandan sonra, həmin təşkilatlarla əməkdaşlığımiz o qurumların ikili standartlı mövqeyini bir daha üzə çıxardı. Azərbaycan müstəqilliyini qazandıqdan sonra bütün dünyaya bəyan etdi ki, demokratik inkişaf yolunu seçib. 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə qəbul olunan konstitusiyamızda da bütün demokratik prinsiplər, insan hüquq və azadlıqları, sərbəst toplaşma, vicdan azadlığı məsələləri öz əksini tapdı. Beynəlxalq əməkdaşlıq Ulu Öndərin hakimiyyətə gəlişindən sonra daha uğurlu şəkildə quruldu. Azərbaycan 2001-ci ildə AŞPA-ya qəbul olundu. Müstəqilliyi qazanmaq Azərbaycan üçün çox da asan olmadı. Torpaqlarımızın 20 faizi erməni qəsbkarları tərəfindən işğal edildi, azərbaycanlılar öz yurdunda qaçqın, məcburi köçkün halına salındı. Azərbaycana qarşı Xocalı soyqırımı kimi cinayətlər törədildi. Biz o zaman da xalq, dövlət olaraq beynəlxalq təşkilatlarla əməkdaşlığa çox böyük əhəmiyyət verirdik. Fikirləşirdik ki, Azərbaycanın haqq işi, Qarabağ problemi ədalətli həllini tapacaq, erməni işğalına son qoymaq üçün həmin təşkilatlardan dəstək ala biləcəyik. Çox təəssüf ki, elə ilk günlərdən digər beynəlxalq təşkilatlar kimi, AŞPA-da da Azərbaycan xalqını narahat edən problemlərdən yayınmaq məqsədilə "insan haqları”, “demokratik dəyərlər", “söz azadlığı” mövzusunu ortaya atmaqla, müxtəlif bəhanələrlə üzərimizə hücuma keçməyə başladılar. Hansı ki, bu məsələlər 1995-ci ildə qəbul olunan Azərbaycan Konstitusiyasında yer almışdı və bunu müstəqillik qazandıqdan sonra dünyaya da bəyan etmişik. Azərbaycan bu təşkilata üzv olduqdan bu ilə qədər AŞPA-da Ermənistana qarşı hər hansı təzyiq, təsir vasitəsindən istifadə edilmədi, işğalçıya qarşı “işğalçı” sözü belə işlədilmədi, ona “dur” deyilmədi. Əksinə, işğalçı ilə işğala məruz qalanı bərabərləşdirdilər. Bir dəfə də olsun, Azərbaycan torpaqlarının işğalı, milyonlarla insanın haqqının pozulması, maddi-mədəni irsinin dağıdılması məsələsi AŞPA-da gündəliyə salınıb qətnamələrin yerinə yetirilməsi ilə bağlı tələb qoyulmadı. Bir dəfə də olsun, Xocalı soyqırımı ilə bağlı dinləmə olmadı, gündəliyə salınmadı. Xocalı soyqırımı 20-yə yaxın ölkə tərəfindən insanlığa qarşı cinayət kimi qəbul olunmuşdu. AŞPA isə Qarabağın işğalı ilə bağlı Azərbaycanı Ermənistanla bərabərləşdirir, az qala, bizi öz torpaqlarımızı azad etmək istədiyimzə görə qınayırdılar. Bu məsələ nümayəndələrimiz tərəfindən AŞPA-da qaldırılanda, deyirdilər ki, bunun üçün ATƏT, Minsk Qrupu, həmsədr dövlətlər, BMT TŞ-nın qətnamələri var. ATƏT-in həmsədrləri isə bir turizm agentliyinin nümayəndələri kimi bölgəyə gəlir, yeyib-içib gedirdilər. Bir dəfə də olsun demədilər ki, Azərbaycanın işğal olunmuş ərazilərində, Ermənistanda olan milli irsimiz darmadağın olunub. Qarabağa, işğal altında olan torpaqlara faktaraşdırıcı missiya göndərilsin. Möhtərəm Prezidentimiz 44 günlük müharibədə və sonra bunun cavabını və ATƏT-in Minsk Qrupunun qiymətini çox yüksək səviyyədə, gözəl şəkildə verdi.

– Azərbaycan torpaqları işğaldan azad olunandan sonra Avropa, Qərbin beynəlxalq hüquq carçıları hansı mövqe sərgiləyir?

– 44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarını işğaldan azad edərək beynəlxalq hüququ, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa edən ölkəmizə qarşı AŞPA-dan və ermənipərəst ölkələrdən gələn aqressiya daha da çoxaldı. Bu qərəzin son zirvəsi AŞPA-da Azərbaycana qarşı qərəzli münasibət oldu. Hər dəfə də insan hüquq və azadlıqları məsələsini bəhanə gətirib Azərbaycana basqı etmək istəyirlər. Bu gün həmin ittihamlarla Avropa özü boğulur. Paris, Belçika, Almaniyada kənd təsərrüfatı işçiləri biabırçı, rüsvayçı mitinqlər keçirirlər. Bu, Avropa dövlətlərinin öz xalqına olan münasibətinin göstəricisidir. Uzun illərdir Fransada mitinqlərdə polis döyülür, döyür, insanlara qarşı təzyiqlər, şiddət göstərilir. Mitinqlərdə onlarca insan xəsarət alaraq xəstaxanalara yerləşdirilir. Fransa milli azlıqlarla, dini dəyərlərlə bağlı konvensiyanı ratifikasiya etməyib. İrqi ayrı-seçkiliyin həddi-hüdudu, İslama qarşı tolerantlıq yoxdur. Eləcə də Almaniyada, Niderlandda İslam dininə qarşı cinayətlər var. Bu da insan haqlarının pozulmasıdır. Kimsə buna etiraz edəndə üzərindən "söz azadlığı" deyib keçirlər. Əgər söz azadlığı, insan haqqı sizin üçün mühümdürsə, o zaman bunu İslam dinindən olan insanlara niyə şamil etmirsiniz? Xristian dinindən olan insanlara qarşı belə hallar olanda isə “cinayətdir” deyib, şəxsləri məsuliyyətə cəlb edirsiniz. Avropada müsəlman əhalinin sayı getdikcə xristian əhalinin səviyyəsinə gəlib çatıb. Necə olur ki, siz xristian dinində olan insanların hüquqlarının müdafiəsi ilə bağlı qanuna maddə salırsınız, amma İslam dini ilə bağlı yox. Belə demokratik dəyər olmaz. Belə ölkələrin insan haqları, demokratik dəyərlərdən danışmağa haqqı yoxdur.

– AŞPA ötən ildən Laçın yoluna, ümumilikdə, Qarabağa monitorinq göndərmək cəhdlərinin alınmaması, “Qarabağ ermənilərinin blokadası və ərazini tərk etməsi”ndən “narahatlıq” ifadə edir...

– Ermənistan, Fransa və digər ermənipərəst qurumlar ötən il ekofəalların mitinqləri zamanı hay-həşir saldılar ki, guya Xankəndidə olan ermənilər blokadada qalıb, acından ölürlər. Bu, təbii ki, əsassız, yalan, iftira idi. Azərbaycan mülki erməniləri blokadada saxlayıb öldürmək istəsəydi, bunu elə 44 günlük müharibədə edərdi. Hərbi əməliyyatlar zamanı Azərbaycan bir mülki insana, bir mülki obyektə belə zərər vermədi. Azərbaycanın Qızıl Aypara Cəmiyyəti “TIR”lara yüklənmiş ərzaqları Xankəndidə qalan mülki ermənilərə göndərdi. O zaman ermənilər və havadarları hikkələrindən nə etdiklərini bilmirdilər. Xristian həmrəliyi, ermənipərəst mövqeyi ilə seçilən Makrondan da “humanitar dəstək” göndərildi. Onlar bu yardımların Ermənistan ərazisindən Laçına, oradan da Xankəndinə keçməsinə şərait yaradılmasını tələb edirdilər. Aprelin 23-də Laçın yolu bağlanmış, sərhəddə buraxılış məntəqəsi qurulmuşdu, Azərbaycan bütün ərazilərinə özü nəzarət edirdi. Azərbaycan hökuməti deyirdi ki, kim erməni vətəndaşlarımıza yardım etmək istəyirsə, buyurub gəlsin Azərbaycana, Ağdam-Xankəndi yolundan istifadə etsin. Bununla razılaşmadılar. Sən əgər Azərbaycanın ərazi bütövlüyünü tanıyırsansa, onun sərhədlərini pozaraq ərazisinə daxil ola bilməzsən. Sərhəd toxunulmazdır. Onlar bunu etmədilər. Azərbaycan da haqlı olaraq özünün sərhəd toxunulmazlığını, haqqını qorudu. Azərbaycan dövləti həyata keçirdiyi bütün işləri beynəlxalq hüquq çərçivəsində etdi. Ona görə də bu gün Laçın dəhlizini, sərhəd məsələsini əllərində bayraq edirlər. Hikkələri var, su içsinlər. Bütün bu yersiz iddialar deməyə əsas verir ki, Avropa dünyaya yeni kolonyaları gətirmək istəyir, bu da mümkünsüzdür. Bu mənada Azərbaycan ictimaiyyəti, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası beynəlxalq təşkilatların bu qərəzli, ermənipərəst münasibətini pisləyir. Əgər iddia etdikləri kimi montorinq keçirmək istəyirlərsə, Qarabağda dağıdılmış qəbiristanlıqların, abidələrin, indiki Ermənistanda olan Qərbi Azərbaycanın mədəni mirasının monitorinqini aparsınlar. Monitorinq istəyirlərsə, Xocalıya ayaq bassınlar…