Müəllimlərə məktəbdə ÇAY VƏ KOFE İÇMƏK QADAĞAN OLUNDU

09:15 31.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Karabük vilayətinin Safranbolu rayonunda müəllimlər və məktəb rəhbələri rayon Milli Təhsil Müdirliyinin son məktubu ilə böyük sürpriz yaşadı. Yazıda qeyd olunub ki, qənaət tədbirləri çərçivəsində artıq məktəblərdə su qızdırıcıları və elektrik çayniklərdən istifadə qadağan edilib.

Hafta.az-ın yazdığına görə, dövlət qənaət tədbirlərinə əsaslanan bu qərara əsasən, müəllimlər otağında elektrik qazan, çay və qəhvə aparatları kimi məişət cihazlarından istifadə qadağan edilib. Bu cür cihazlar artıq müəllimlər otağında saxlanılmayacaq. Bu qərarın məktəblərin işıqpulunu azaltmaq üçün qəbul edildiyi açıqlanıb.

Təhsil-İş Karabük Vilayət başçısı Zəki Çelik yerli rəhbərliklərin qənaət addımlarına sərt reaksiya verib. Çelik müəllimlərin və təhsil işçilərinin onlara qoyulan məhdudiyyətləri anlaya bilmədiklərini bildirib. “Müəllimlər hər dərsin sonunda nəfəs almaq üçün çay və ya kofe içməli olduğu halda, bu sadə ehtiyacların belə məhdudlaşdırılması qəbuledilməzdir. Biz artıq öz çayımızı, şəkərimizi, qəhvəmizi evdən gətiririk. Ancaq indi onların istehlakını məhdudlaşdıraraq qənaət ediləcəyi deyilir. Əsl qənaət lüksdən - məmur nəqliyyat vasitələri və ya yay-qış saraylarından başlamalı deyilmi?” deyib.

Çelik qənaət sirkulyasiyasının ədalətsiz olaraq təhsil işçilərini hədəf aldığını və bu vəziyyətin ən qısa zamanda düzəldilməsi lazım olduğunu vurğulayıb. "Təhsil işçilərinin üzərinə qoyulan bu əlavə maliyyə yükü ədalətsizdir. Real və ədalətli qənaət tədbirləri görülməlidir",  -o bildirib.