Müharibə əlillərinə indiyədək 7350 avtomobil verilib – Fazil Talıblı

15:01 05.10.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Dövlətimiz hər zaman torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və müharibə əlillərinin sosial şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində çox mühüm işlər görür. Bu işlər sırasında onların ev və avtomobillə təmin olunmasına xüsusi diqqət yetirilir.

Bəs görəsən, aralarında təxmini 30 il qədər fərq olan Birinci və İkinci Qarabağ Müharibəsi şəhid ailələri və qazilərinin ev və maşınla təmin edilməsi hansı ardıcıllıqla aparılır? Proses paralel olaraq həyata keçirilir, ya necə?

Bu və digər suallara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı hafta.az-a müsahibəsində aydınlıq gətirdi. Müsahibəni sizlərə təqdim edirik:

-Fazil bəy, hazırda ev növbəsində olan neçə birinci Qarabağ savaşı əlili və şəhid ailəsi var?

-Bildiyiniz kimi, Azərbaycan Respubikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2021-2025-ci illərdə 11 min imtiyazlı vətəndaşın mərhələli şəkildə mənzil və fərdi evlə təmin edilməsi nəzərdə tutulur. Onlar həm 2014-2019-cu illərdə uçota alınmış şəxslər, həm də 2020-ci ildə hərbi əməliyyatlarda, o cümlədən Vətən müharibəsində şəhid olanların ailələri və bu müharibə ilə əlaqədar əlilliyi olanlardır.

Hazırda 11 min imtiyazlı şəxsdən 3 min nəfərin 2021-ci ildə mənzillə və fərdi evlə təmin olunması işləri aparılır. Onlardan da 1650-nə artıq mənzil verilib.

-Bəs, bu günə qədər neçə ikinci Qarabağ müharibəsi əlili və şəhid ailəsi evlə təmin edilib?

-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə ümumilikdə 11 minə yaxın şəhid ailəsi və müharibə əlilinə mənzil verilib.

-Bu yaxınlarda Milli Məclisdə belə bir məsələ müzakirə edildi ki, Vətən Müharibəsindən sonra birinci Qarabağ Müharibəsi qazisi və şəhid ailələrinə dəstək nisbətən arxa plana keçib. Hazırda birinci və ikinci Qarabağ döyüşlərinin iştirakçılarının evlə, yaxud da maşınla təmin edilmədə hansısa ardıcılııq varmı?

-Bu ilin əvvəlindən mənzillə təminat proqramı Birinci Qarabağ müharibəsində şəhid olanların ailələri və həmin müharibənin əlilləri ilə bərabər, 2020-ci ildə hərbi əməliyyatlarda, o cümlədən Vətən müharibəsində şəhid olanların ailələri və bu müharibə ilə əlaqədar əlilliyi olanları da əhatə edir. Yəni paralel şəkildə bu işlər aparılır. Cari ilin ötən dövründə həmin 1650 mənzil təqdim edilənlər sırasında da həm həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şəhid olanların ailələri və hər iki müharibənin əlilləri var.

Həmçinin avtomobillə təminat proqramı həm Birinci, həm də İkinci Qarabağ müharibəsi əlillərini əhatə edir və bütün bu işlər ardıcıl şəkildə yerinə yetirilir. Bu il də 150-dək müharibə əlillinə avtomobil verilib ki, onların sırasında həm Birinci, həm İkinci Qarabağ müharibəsi əlilləri var. Ümumən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə indiyədək 7350 avtomobil verilib.