Musa Qasımlı: “Mitinqə çağıranlar millətimiz üçün qarşıdurma yolunu seçiblər”

14:21 19.04.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“İnsanları küçələrə çağıran şəxsin və təşkilatın ilk növbədə buna mənəvi haqq olmalıdır. 30 ildən çox müddətdə millətimizin arzusu olan torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan müqəddəs Vətən müharibəsinə, Xankəndidə bayrağımızın ucaldılmasına laqeyd qalanların, düşmənin qovulmasına görə Azərbaycan millətini və rəhbərini təbrik etməyənlərin mitinq çağırmağa mənəvi haqqı yoxdur.”

Bunu hafta.az-a Milli Məclisin deputatı Musa Qasımlı bildirib.

Deputat bildirib ki, ölkədə bütün səylərin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsinə yönəldiyi bir vaxtda insanların diqqətini yayındırmağa cəhd göstərmək səyləri Azərbaycanın düşmənlərinin, ilk növbədə Ermənistan və Fransanın maraqlarına xidmət edir.

“İnsanları mitinqə səsləyənlərin düşüncə, fikir mübarizəsində uduzacaqlarını əvvəlcədən bilərək bunu əzələlərin toqquşmasına yönəltmək niyyətləri var. Tarixən yalnız intellektual, düşüncə, fikir mübarizəsində məğlub olacaqlarını bilənlər zorakılığa, qarışıqlıq yaratmağa çalışıblar. İndiki mitinq çağırışları da bunu göstərir”.

M.Qasımlı qeyd edib ki, mitinqə çağıranlar millətimiz üçün qarşıdurma yolunu seçiblər.

“Bu yolu millətimiz çoxdan tarixin zibilliyinə atıb. Millətimiz mitinqə çağıranların ardınca getməyəcək. Çünki millət onun xəyallarını gerçəkləşdirən, üstündəki ləkəni silən, yüzilliklərin problemini kökündən kəsib atan Rəhbərinin ardınca gedir”.

Oxunma sayı 33