15:15 24.10.2008
Yazını böyüt
Yazını kiçilt
Yasamal rayonunda yerləşən keçmiş Musabəyov parkının yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulub. 2 hektara yaxın ərazini əhatə edən parkda son tamamlama işləri görülür. Yasamal rayon İcra Hakimiyyətindən verilən məlumata görə, parkın Bakıda analoqu yoxdur. Belə fikir yürütməyə əsas verən bir sıra amillər var. Parkda inşa edilən quru hovuz Bakının heç bir parkında yoxdur. Bu hovuzda bir sıra yeniliklər var. Yeniliklərdən biri quraşdırılmış böyük videomonitordur. Monitor isə hovuzun və şəlalənin işləməsinə köməklik edəcək. Hovuz Şərq üslubunda inşa edilib və onun ərsəyə gəlməsində türk mütəxəssislərinin böyük rolu olub. Yaşıllıq zolağının yaradılması üçünsə İrandan güllər və kollar gətirilib. Parkın qranit döşəməsi Hindistan və Çin istehsalıdır. Parkın əsas xüsusiyyətlərindən biri də çilçırağın çoxluq təşkil etməsidir. Yerli istehsal olan oturacaqlar və zibil qutuları da yeni modeldir. Parkın rayonun daxili imkanları hesabına başa gəldiyi deyilsə də, xərclənən vəsait barədə konkret rəqəm bildirilməyib.
Xatırladaq ki, park ötən ilin dekabrında təmirə dayanıb. 1978-ci ildə Musabəyovun heykəlinin ucaldılması ilə “Musabəyov parkı“ adını alan bu park ötən ilin dekabrına kimi paytaxt sakinlərini keçmiş kommunist, 1929 - 1931-ci illərdə o dövrün parlament sədri olan Qəzənfər Musabəyovun abidəsi ilə qarşılayardı. Məhz dekabrda Musabəyovun heykəli dağıldı və parkda elə o vaxtdan təmirə başlandı. Qeyd edək ki, bu istirahət məkanı təmirə qədər uzun müddət idi baxımsız qalmışdı. Məhz bu arqumentləri əsas gətirərək Yasamal rayon İcra Hakimiyyəti parkın yenidən qurulması layihəsini hazırladı. Layihədə Musabəyovun heykəlinin yeri boş qalmışdı. İstənilən halda abidənin yerində heykəl olacaqdı. Amma hələliksə heykəlin yerində Azərbaycan bayrağı dalğalanır.
Naibə