Mütəllibovun hakimiyyətdə qalması da, getməsi də təhlükəli idi - Etibar Məmmədov

11:11 06.03.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Belə hakimiyyət çevrilişi və dəyişikliklərindən həmişə xalq da, dövlət də heç nə qazanmır, əksinə, uduzur...

29 il öncə bu günlər, yəni 1992-ci il martın 5-6-da  o zaman Azərbaycanın ilk Prezidenti olan Ayaz Mütəllibov Xocalı soyqırımından sonra ölkədə yaranmış vəziyyət səbəbindən hakimiyyətdən istefa vermək məcburiyyətində qaldı. Olayın üzərindən 3 onillik ötsə də, bu haqda hələ də təhlillər aparılır, qaranlıq məqamlar araşdırılır.

Bəhs edilən hadisələrin fəal iştirakçılarından olmuş AMİP lideri Etibar Məmmədov “Həftə içi” əməkdaşının suallarına cavabında bir sıra diqqətəlayiq fakt və mülahizələri dilə gətirib.

- Etibar bəy, necə hesab edirsiniz, 1992-ci il martın 5-6-da Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibovun istefasına nail olmaqla Azərbaycan Xalq Cəbhəsi özü nə qazandı və xalqa nə qazandırdı? 

- Ümumiyyətlə, istefalar, mütəmadi hakimiyyət dəyişiklikləri istənilən ölkə üçün heç də yaxşı hal deyil... Sadəcə, ovaxtkı  Prezident Ayaz Mütəllibov öz üzərinə düşən vəzifələri yerinə yetirə bilmirdi. O, xaraktercə zəif adam idi, ölkəni idarə etməyi  bacamırdı. Onun üzərinə düşən ən böyük vəzifə Azərbaycan xalqının təhlükəsizliyini təmin etmək idi. Mütəllibov isə bunu edə  bilmirdi. Ölkənin idarəçiliyi prosesində hələ də SSRİ-nin bərpa olunmasından ehtiyatlanırdı. Odur ki, Moskvadan əmrlər gözləyir və istənilən hərəkəti üçün razılıq almağa çalışırdı. Ona görə də bir dövlət başçısı kimi Mütəllibovdan həm öz komandası daxilində, həm də ölkə daxilində  ümumi narazılıq vardı. Bu amillər də nəticə olaraq onun istefasına gətirib çıxardı...

Nəsə qazanılmasına gəldikdə, belə hakimiyyət çevrilişi və dəyişikliklərindən həmişə xalq da, dövlət də heç nə qazanmır, əksinə, uduzur...

- Ayaz Mütəllibov özü deyir ki, müxalifət liderlərini daim, Xocalı faciəsindən öncə də dialoqa çağırırdım və deyirdim ki, siz əksəriyyətiniz hələ cavansınız, mənə ikicə ay möhlət verin, Qarabağ məsələsini həll edək, ondan sonra seçki keçirək və  xalq kimi seçərsə, o da hakimiyyətə gəlsin. Eks-prezidentin sözlərinə görə, AXC liderləri bununla razılaşmayıb...

- Bilmirəm, Mütəllibov kiminlə nə danışıb, kimə nə təklif edib. Özüm onunla görüşlərdə fikirlərimi bildirmişdim. Demişdim ki, onun bu cür fəaliyyətsizliyi və dişsizliyi ölkə üçün  ağır nəticələrə gətirib çıxara bilər. Təəssüf ki, o, belə  tənqidləri dinləmədi və nəticədə həm özü, həm də ölkə üçün pis oldu...

- Sabiq dövlət başçısının sözlərinə görə, müxalifət Ali Sovetdəki təzyiqləri ilə ona 1992-ci il fevralın 15-də Kiyevdəki sammitdə MDB-nin ümumi ordu birləşməsinə Azərbaycanın da qoşulması üçün imza atmasına imkan verməyib. Guya belə olsaydı, Xocalı faciəsi baş verməyəcəkdi. Yəni Rusiyanın Xankəndindəki 366-cı alayı ermənilərə kömək etməyəcəkdi...

- Yox, bu, doğru deyil.  Mütəllibov bunu özünə bəraət qazandırmaq üçün deyir. Onun fikri bundan ibarət idi ki, biz özümüz ordu yarada bilmərik, öz ordumuz olmasın, Azərbaycan MDB-nin ümumi ordu birliyinə qoşulsun və ümumiyyətlə, Azərbaycan MDB-yə daxil olsun. Zənnimcə, Mütəllibov perspektivi görə bilmirdi. O,  dövlətin qarşısında duran vəzifələri özü üçün müəyyənləşdirə bilmirdi, qarşısına proqram məqsədlər qoymağı bacarmırdı. Həmin proqram məqsədlər ətrafında komanda toplaya bilmirdi. Yəni dövlət başçısı kimi Mütəllibovun bu cür zəif xarakteri vardı. Ona görə də MDB-yə, yaxud onun ümumi ordu birliyinə qoşulmaq yalnız məsuliyyəti öz üzərindən atıb onların, Moskvanın ixtiyarına vermək məqsədi daşıyırdı. Bu isə Azərbaycanın mənafelərinə zidd idi. Bunun da nəticə etibarilə nəyə gətirib-çıxarmasını hamı gördü. Xocalı soyqırımının baş verməsi və oradakı insanların vaxtında müdafiə olunmaması da yenə Prezidentin  məsuliyyətidir. O, ölkəyə nəzarət etməyi bacarmalıydı və  xəbəri olmalıydı ki, Xocalını hansı təhlükə gözləyir və bunun qarşısını almaq üçün hansı işlər görülməlidir. Onun yerinə başqaları bu işlərlə məşğul olurdu. Təbii ki, başqaları da dövlət səviyyəsində böyük işlər görə bilməzdi. Hərə öz bacardığı səviyyədə nəsə etməyə çalışırdı. Ona görə də nə vahid komandanlıq, nə vahid idarəçilik vardı və nəticə olaraq gözlənilən faciənin qarşısını almaq mümkün olmadı...

Konkret bir misal deyə bilərəm ki, Xocalı faciəsindən bir müddət əvvəl Bakıya Fələstin Azadlıq Təşkilatının 3 nümayəndəsi gəlmişdi. Mən onlarla görüşdüm. Onlar bildirdilər ki, bizdə etibarlı mənbələrdən olan məlumata görə, Xocalı istiqamətində Azərbaycana qarşı ciddi bir əməliyyat hazırlanır. Mən dərhal o vaxtkı dövlət müşaviri Vəfa Quluzadəyə telefon açdım və FAT nümayəndələrini birbaşa hava limanından göndərdim Ayaz Mütəllibovun qəbuluna... Yəni onlar əllərində çox ciddi məlumatları olan şəxslər idi və öz xidmətlərini təklif edirdilər.... Təəssüf ki, dövlət səviyyəsində bunun qarşısını almaq üçün lazım olan tədbirlər görülmədi və nəticə də çox acınacaqlı alındı...

- Etibar  bəy, Mütəllibovun istefasından sonra Şuşa və Laçın işğal olundu. Ardınca isə hakimiyyətə sizin də qəbul etmədiyiniz və müxalifətdə olduğunuz bir hakimiyyət gəldi. Bu səbəbdən ölkənin birinci Prezidentinin istefaya getməyinə dəstək verməyinizə görə peşman deyilsiniz ki?

- Bilirsiniz, o günlər elə bir vəziyyət yaranmışdı ki, Mütəllibovun hakimiyyətdə qalması da təhlükə idi, istefa verməsi də təhlükəli idi. Yəni idarəolunmaz bir vəziyyət yaranmışdı və o zaman da hakimiyyətdə olan 2-ci, 3-cü ranqlı adamlara şəxsən mən də təklif etdim ki, idarəçiliyi möhkəm şəkildə ələ götürüb ölkəni idarə etsinlər.  Yəni dövlət idarəsiz qalmasın. Təəssüf ki, onlar tamam başqa işlərlə məşğul oldular. Ona görə də ölkədə həmin qarışıq, xaotik vəziyyət yarandı. Yəni ölkə bir neçə ay ərzində idarəolunmaz vəziyyətə düşdü. Əlbəttə ki, belə bir situasiyada hamı peşman olmalıdır. Onu da nəzərə almaq gərəkdir ki, bizim o zaman böyük bir təcrübəmiz və imkanlarımız yox idi. Bu baxımdan hər şeyə özümüz də nəzarət edə bilmədik. Yalnız əlində dövlət “rıçaqları” olan vəzifəli şəxslər bu xaosun qarşısını almağa qadir idilər. Dediyim kimi, təəssüf ki, onların da böyük təcrübələri, imkanları olsa da, bunlardan başqa məqsədlər üçün istifadə edirdilər. Həm komanda daxilindəki intriqalar, həm də ölkədəki idarəolunmaz vəziyyət də sonda ağır nəticələrə gətirib çıxardı...