Naxçıvan Qarnizonu Qoşunlarında buraxılış mərasimi keçirilib

17:35 24.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Qarnizonu Qoşunlarında təşkil olunan növbəti kursların başa çatması münasibətilə buraxılış mərasimi keçirilib. Qadın hərbi qulluqçuların da cəlb edildiyi kursları uğurla bitirənlər müxtəlif hərbi vəzifələrə təyin olunublar.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, mərasimdə şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Polkovnik Mübariz Rzayev kurslar zamanı hər bir kursantın müasir hərb elminə aid yeni biliklərə yiyələndiyini və praktiki vərdişlərinin təkmilləşdirildiyini qeyd edib.

Məzunlar adından çıxış edən Şəhruz Məmmədov kursların əhəmiyyətindən danışıb, keçirilən məşğələlərdə qazandıqları bilik və bacarıqları xidmət yerlərində uğurla tətbiq edəcəklərini bildirib.

Polkovnik Mehman Gülməmmədov Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıraraq bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsi nəticəsində ordumuz inkişaf və tərəqqisinin yeni mərhələsinə qədəm qoyaraq regionda ən güclü orduya və xalqın güvənc yerinə çevrilib. Son dövrlərdə qazandığımız uğurlar və 44 gün davam edən Vətən müharibəsində müzəffər ordumuzun qələbəsi, torpaqlarımızın işğaldan azad edilməsi bu fikri bir daha təsdiqləyir. Bu uğurların əldə olunmasında keçirilən ixtisas hazırlığı kurslarının da mühüm əhəmiyyəti var. Kurslarda iştirak edən hərbi qulluqçular torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə tapşırıqları peşəkarcasına yerinə yetiriblər.

Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib.

Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və tribuna önündən təntənəli keçid olub. Sonda xatirə şəkli çəkdirilib.

Oxunma sayı 536