Nazir olsam da, o döyüşdə sıravi bir döyüşçü kimi iştirak etdim - Əlisaab Orucov

10:37 09.02.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Müstəqil Azərbaycan Respublikasının ilk ədliyyə naziri olmuş Əlisaab Orucov “Həftə içi”nə müsahibəsində 1991-1992-ci illərdə yenicə müstəqillik qazanmaqda olan Azərbaycan Respublikasının bir çox polis, ədliyyə, prokurorluq əməkdaşlarının ölkəmizin ərazi bütövlüyünün müdafiəsi naminə gördüyü işlərdən danışıb. Sabiq nazir, həmçinin özünün bilavasitə əlində silah sıravi döyüşçü kimi iştirakçısı olduğu, 31 il öncə məhz bu fevral günlərinə təsadüf edən hərbi əməliyyatların birindən də bəhs edib.

- Əlisaab müəllim, sizin “Mübarizəmiz Qarabağdadır” kitabını oxuyarkən düz, 31 il öncə - 1992-ci il fevarlın 9-da Qarabağ cəbhəsində iştirakçısı olduğunuz bir hərbi əməliyyat haqda epizoda da rast gəldik.  Söhbət hazırda Xocavənd rayonu ərazisinə daxil olan və 2020-ci ilin 44 günlük savaşı zamanı əksər hissəsi şəhid və qazilərimizin canı-qanı bahasına düşmən tapdağından azad edilmiş o vaxtkı Hadrut rayonunun Sur kəndi (hazırda rəsmən Sor adlanır) uğrundakı əməliyyatdan gedir. Bilirik ki, ondan öncə 1991-ci ilin sonlarında eyni rayonun 12 kəndi də erməni quldurlarından təmizlənmişdi. Zəhmət olmasa, bu mövzularda şahidi və iştirakçısı olduğunuz olaylar haqda biz az ətraflı danışardınız...

- 1991-ci ilin yazında hazırda rəsmən Xocavənd rayonu ərazinə daxil olan və 2020-ci ilin 44 günlük savaşı zamanı əksər hissəsi düşmən tapdağından azad edilmiş ovaxtkı Hadrutun 12 kəndi Cəbrayıl Rayon Polis Şöbəsinin rəisi Rəşid Məmmədovun hünəri və bacarığı sayəsində erməni yaraqlılarından təmizləndi. Rəşid Məmmədovla həmin uğurlu əməliyyatları sonra da davam etdirməyə çalışdıq. 1991-ci il ərzində Cəbrayıl rayonuna külli miqdarda silah-sursatla yardım etdik. Oradakı müdafiə qüvvələrimizə bir ədəd ağır zirehli hərbi texnika olan “BRDM”(Zirehli kəşfiyyat desant maşını) də alıb vermişdik...

- Bəs maraqlıdır, hələ ordumuzun yenicə formalaşdığı bir vaxtda belə bir əhəmiyyətli hərbi texnikanı necə əldə etmişdiniz?

- Bilirsiniz, o dövrdə əksər silah-sursat və texnikaları ayrı-ayrı insanların topladığı ianələr hesabına həmin vaxt Azərbaycan ərazisində olan sovet-rus ordusundan almağa məcbur idik.  Bəhs etdiyimiz zirehli maşın da o vaxt Bakı şəhər məhkəməsinə sədrlik edən İkram Kərimovun rəhbərlik etdiyi kollektivin hesabına alınmışdı...

 Ümumiyyətlə, yeri gəlmişkən, qeyd edim ki, ədliyyə, prokurorluq, polis əməkdaşlarının I Qarabağ savaşında xüsusi xidmətləri olub... Azərbaycanın hüquq-mühafizə orqanları əməkdaşlarının I Qarabağ savaşındakı müsbət fəaliyyəti barədə oxucuları daha dolğun məlumatlandırmaq üçün o dövrdə Kürdəmir rayon prokuroru vəzifəsində çalışmış Ramiz Cəfərovun “Mübarizəmiz Qarabağdadır” kitabında dərc edilmiş xatirəsini də nəzərinizə çatdırıram: “1991-ci ilin dekabrının son günlərində Cəbrayıl bölgəsində ağır döyüşlər gedirdi. Vəziyyətlə əlaqədar silah-sursat əldə edib o vaxtkı ədliyyə naziri Əlisaab Orucovla Cəbrayıla yollandıq.  Həmin vaxt respublikanın baş prokuroru olan Murad Babayev də oraya silah-sursat gətirmişdi. Əlisaab müəllim M.Babayevə müraciət edib dedi ki, gətirdiymiz silah-sursatı döyüşçülərə özümüz paylayaq - bu da hüquq işçiləri arasında bir ənənəyə çevrilsin...

Bu söhbətdən, təxminən, bir ay sonra, yəni 1992-ci il  yanvarın sonlarında Respublika Prokurorluğunda ilin yekunlarının müzakirəsi ilə  əlaqədar geniş kollegiya iclası keçirildi. Həmin iclasda respublika ədliyyə naziri kimi Əlisaab Orucov da iştirak edirdi. Tədbirdə çıxış edən baş prokuror M.Babayev respublikanın bütün prokurorluq işçilərinə bildirdi ki, onların fəaliyyəti Qarabağ cəbhəsinə silah-sursatla etdikləri köməyə görə qiymətləndiriləcəkdir. Onun bu çıxışı respublikanın bütün hüquq-mühafizə orqanlarının əməkdaşlarına öz müsbət təsirini göstərdi. Məsələn, Əli-Bayramlı(indiki Şirvan) şəhər prokuroru müharibə gedən bölgələrdə, əsasən də Xocalı rayonunun Kosalar kəndində dəfələrlə olub müdafiəçilərimizi silah-sursatla təmin edirdi. Respublika prokurorluğunun şöbə prokuroru Ağabala Quliyev Qarabağın qaynar bölgələrinə səfər edərək bir sıravi əsgər kimi gedən döyüşlərdə  içtirak edirdi.  Füzuli rayon prokuroru Eldar Məcidov bir sıra döyüş əməliyyatlarına qatılaraq döyüşçülərimizə hər cür yadım edirdi. İsmayıllı  rayon məhkəməsinin o vaxtkı sədri, hazırda Milli Məclisin deputatı olan  Tahir Kərimli  cəbhə bölgəsinə külli moqdarda silah-sursat göndərməklə yanaşı, bir neçə ədəd buluddağıdan topu lapetli traktorlara yükləyərək Əlisaab müəllimlə birlikdə gecə ilə  müharibə bölgəsinə aparıb hərbçilərimizə təhvil vermişdilər ki, onlar həmin toplardan düşmənə qarşı əməliyyatlarda iştifadə etsinlər. O vaxtlar Gəncə dəmiryolu nəqliyyat prokuroru işləyən, sonradan respublikanın baş prokuroru olmuş Əli Ömərovun təqdim etdiyi “tyaqaç” adlanan hərbi piyada maşını cəbhənin Ağdam bölgəsində fəaliyyət göstərən hərbi birləşmələrimizin döyüşçülərinin istifadəsinə verilmişdi. Vaxtilə Kürdəmirdə yerləşən hərbi hissəni sovet ordusu tərk etdikdə orada  32 ədəd hava hücumundan müdafiəni təmin edən və 30 km-dək radiusda uçan obyektləri vura bilən tam yararlı “yer-hava” raket qurğuları və onları oradan daşıyan avtomobillər mühafizəsiz qalmışdı. Onları  oradan götürmək haqda o vaxtkı müdafiə nazirinin müavini Baba Nəzərliyə  məlumat verdim. Lakin raketlərin götürülməsi 15 gün ləngidildiyinə görə 1992-ci ilin martında o haqda Əlisaab müəllimə məlumat verdim. O da dərhal  Müdafiə Nazirliyi vasitəsilə bəhs edilən texnikaların oradan götürülməsini təşkil etdi. Bu növ misalları çox çəkmək olar...”

Bütün bunlarla həm də onu demək istəyirik ki, 44 günlük savaşda olduğu kimi, I Qarabağ savaşı illərində də vəzifəli-vəzifəsiz, varlı-kasıb olmasına rəğmən xalqımızın əksər hissəsi arasında Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü naminə bir mənəvi birliyi formalaşmışdı... Təəssüf ki, sonradan müəyyən xarici və daxili siyasi oyunlar həmin birliyi pozdu...

- Qayıdaq öncə bəhs etdiyimiz Sur əməliyyatına...

- Yadımdadır ki, Hadrutun 12 kəndi ermənilərdən azad olunandan sonra Cəbrayılda daha çox olurdum. Azad olunan kəndlərin sayını artırmaq üçün yollar axtarırdıq. Əsas vəzifələrdən biri də azad olunan kəndlərin üzərində nəzarətin gücləndirilməsi idi...

Düşmən Sur kəndini orada dağın döşündəki kahalarda yerləşdirdiyi mövqelərindən nəzarətə götürüb kəndi geri almağa çalışırdı. Təhlükəni aradan qaldırmaq məqsədilə Cəbrayılın Böyük Qışlaq kəndi istiqamətində 1992-ci ilin  fevralında səhər saat 6-da əməliyyata başladıq...

- Əməliyyata kim rəhbərlik edirdi?

- Həmin hücum əməliyyatına da Cəbrayıl rayonunun ovaxtkı polis rəisi Rəşid Məmmədov rəhbərlik edirdi. Döyüşdən əvvəl hər kəs polis rəisinin göstərişi əsasında öz yerini tutdu. Bizimkilər toplardan Sur dağının döşündə olan kahalardakı düşmən mövqelərini atəşə tutdular. Toplar işini görüb qurtardıqdan sonra R.Məmmədov, mən və bayaq xatirələrini təqdim etdiyimiz Kürdəmir rayonunun o vaxtkı prokuroru Ramiz Cəfərov “QAZ-69” maşına əyləşib oradakı dərənin üstündəki körpünü keçdik. Polis rəisi arxamızca hərəkət edən “BTR”-ə (ZTR-zirehli transportyor-S.L.)  işarə etdi ki, o da körpünü keçib bizdən irəlidə dayansın. Məqsədimiz ondan ibarət idi ki, “BTR” körpünü keçib irəlidə hərəkət etsin, biz piyadalar da onun arxasınca hərəkət edib kəndə yaxınlaşaq və yaxın məsafədən kahalarda olan düşməni zərərsizləşdirək. Sən demə, biz maşınla keçdiyimiz körpünün üzərində ermənilər tərəfindən tank əleyhinə mina qurulubmuş. “BTR” körpünün üstünə çıxan kimi onun enli təkərləri minaya düşdü. Güclü partlayış baş verdi. Həmin an düşmən qüvvələrinin maşınımıza atdıqları güllələr maşının brezent örtüyündən içəri daxil olub sağımızdan-solumuzdan uçurdu. Maşının qapısını açıb özümüzü yerə atdıq. “BTR”in parça-parça olmuş təkərləri göydən üstümüzə tökülürdü. Tez qaçıb “BTR”ə yaxınlaşdıq. İtki olmadığının şahidi olduq.  Zirehli maşına yaxınlaşdığımızı görən düşmən döyüşçüləri yenə də kahalardan bizi atəşə tutdular. Rəşid Məmmədov “BTR”-in lyukunda oturan əsgərə maşının pulemyotundan düşmən qüvvələrinə atəş açmasını əmr etdi. Atəşdən sonra düşmən dərhal susduruldu. “BTR” nasaz vəziyyətdə körpünün üstündə qaldı. Biz oradakı təpənin üstündə olan üzümlüklə sürünə-sürünə Sur kəndinə doğru irəliləyirdik. Bu zaman Hadrut-Sur yolu ilə bizə tərəf təpəni aşan bir ədəd düşmən “BMP”-si (PDM-piyadaların döyüş maşını-S.L.) və hərbi vertolyotu da bizi atəşə tutdu. Ermənilərin oradakı bizim avtobusa atdıqları mərmi onu darmadağın etdi. Onlar bizi yenə atəşə tutdular. Amma sonra Rəşid Məmmədovun “qaubitsa”dan atdığı atəşlərlə “BMP”-nin vurulacağından ehtiyat edib vertolyotla birlikdə geri dönüb gözdən itdilər. Əməliyyat başa çatdırıldıqdan sonra “BTR” dərədəki körpünün üstündən “KAMAZ” maşını ilə çıxarılaraq yedəyə alınıb təmirə göndərildi. Düşmən qüvvələri kahalarda olan mövqelərini tərk etməyə məcbur oldular.  Həmin gün olan ağır döyüşlərdə itki vermədik. Və nəhayət, Sur kəndi bizim döyüşçülərin nəzarətində qaldı...

Sur əməliyyatındakı uğurumuz Cəbrayıl rayonunun sonrakı bir ildən çox müddətdə müdafiəsinin təşkilində böyük rol oynadı. Ancaq öncə dediyim kimi, təəssüf ki, siyasi hakimiyyət oyunları I Qarabağ savaşında çəkdiyimiz zəhmətlərin, əldə etdiyimiz qələbələrin çoxunu heçə endirdi...

- Əlissab müəllim, maraqlıdır, Sur əməliyyatında sizinlə bərabər iştirak edənlərlə son 31 ildə  rastlaşıb görüşmüsünüzmü?

- Təəssüf ki, Cəbrayıl rayonunun keçmiş polis rəisi Rəşid Məmmədov dünyasını dəyişib. Allah rəhmət eləsin!.. Amma Sur kəndi uğrunda gedən döyüşün iştirakçılarından biri olan Elnur Seyidəliyevlə sonradan bir neçə dəfə görüşmüşük o bəhs etdiyimiz kitabımda həmin döyüş və mənim oradakı iştirakım haqda xatirələrini də bölüşüb. Elnur və Sur əməliyyatında iştirak etmiş digər döyüşçülər mənim nazir olduğumu sonradan bilib və təəccüblərini gizlətməyiblər...  Elnurla bir dəfə də Murovdağda görüşdük. 1996-cı ili qarlı-şaxtalı yanvar günlərində  Hacıkənddə məskunlaşmış qaçqın-köçkünlərə və Murovdakı döyüşçülərə baş çəkməyə getmişdik. O gün mən oradakı hərbi hissənin şəxsi heyəti ilə də görüşdüm.  Elnurla da xeyli söhbət edib Sur əməliyyatını da xatırladıq...

Allah 1988-ci ildən bugünədək torpaqlarımız uğrunda şəhid olmuş bütün oğul-qızlarımıza rəhmət etsin, həyatda olan qazilərimizə isə cansağlığı versin!..