Neft bir dollar bahalaşanda... – AZƏRBAYCAN BU QƏDƏR QAZANIR

16:58 14.11.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son günlər dünya birjalarında "Azeri Light" (CIF) markalı neftin qiyməti gah bahalaşır, gah da ucuzlaşır. Belə ki, son məlumatlara görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,11 ABŞ dolları və ya 0,11 faiz azalaraq 95,96 dollar təşkil edib. Əslində bu tendensiya neft bazarı üçün xarakterik haldır. Məsələn, “Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.

Qeyd edək ki, bu ilin on ayında operativ məlumatlara görə, Azərbaycanda hasil edilmiş 27,2 milyon ton neftin 21,9 milyon tonu ixraca nəql edilib. Bunu energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabında yazıb. O bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artımla hasil edilmiş 38,4 milyard kubmetr qazın 18,2 milyard kubmetr ixrac olunub.

Xatırladaq ki,  Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 faizdir.

Maraqlıdır, görəsən, neftin gündəlik dəyişən qiymətlərindən Azərbaycan nə qədər qazanır, nə qədər itirir? Tutaq ki, neft 1 dollar bahalaşanda Azərbaycanın qazandığı məbləğ, 1 dollar ucuzlaşanda Azərbaycanın itirdiyi məbləğ təxminən nə qədər olur? 

Məsələni hafta.az-a şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Azərbaycan il ərzində təxminən 25 milyon tona yaxın neft ixrac edir: “Başqa sözlə, ildə təxminən 185 milyon barell neft ixrac olunur. Bu isə o deməkdir ki, gündə təqribən ortalama 507 min barell neft ixrac edilir. Əgər neftin qiyməti ötən günlə müqayisədə1 dollar qalxırsa, təbii ki, əlavə 500 min dollar qazanc əldə edilir. Qiymət 1 dollar aşağı enəndə isə 500 min dollar itirilir. Ancaq şirkətlər mühasibatlıq işlərini gündəlik satışla aparmırlar. Onlar hesabatı aylıq, rüblük və illik göstəricilər əsasında hazırlayırlar. Tutaq ki, bir gün ərzində təqribən 500 min barell neft ixrac edilir. Ay ərzində isə bu göstərici təxminən 15 milyon barell təşkil edir. Fərz edək ki, 15 milyon barell neft sentyabr ayında 92 dollara satılıb. Bu satışdan əldə edilən məbləğ 1,38 milyard dollardır. Oktyabrda isə nəzərdə tutulan həmin həcm 95 dollardan satılıb. Bu satışdan əldə edilən məbləğ 1,42 milyard  dollardır. Görürsünüzmü, əvvəlki aya nisbətən gəlir 400 milyon dollar artıb.Amma biz yaddan çıxarmamalıyıq ki, birjalarda nəinki gündəlik, hətta hər dəqiqədə bir dəyişiklik baş verir. Bazara daxil olan hər məhsulun öz qiyməti olur. Təbii ki, bazara böyük həcmdə məhsul çıxaranda endirim də olub. Bu marketinqin qaydasıdır. İstər göyərti sat, istər qaz sat, istərsə də neft sat marketinq qaydası eynidir”.