Neft hasilatımız azalır - İlham Şaban

17:15 13.01.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Dünyada geosiyasi vəziyyət gərgin olaraq qalmaqdadır. Belə hal dünya iqtisadiyyatına, eləcə də enerji bazarına təsirsiz ötüşmür. Təbii ki, Azərbaycanın əsas gəlirləri neft vəsaitləri hesabına formalaşdığından, beynəlxalq enerji bazarında sabitliyin olması iqtisadiyyatımız üçün ciddi əhəmiyyət daşıyır. “Həftə içi” qəzeti olaraq neftin qiyməti, neft-qaz sektorumuzun mövcud durumu və gələcək perspektivlərini Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanla müzakirə etmişik.

– Dünyadakı geosiyasi vəziyyəti nəzərə alsaq, sizcə, 2024-cü ildə neftin qiyməti hansı həddə olacaq?

– Təxminən, ayyarımdır ki, neftin dünya bazarında qiyməti 75-80 dollar dəhlizində ticarət edilir. Gözlənilirdi ki, ötən ilin dekabr ayında qiymətlər 80 dollardan yuxarı olacaq, amma bu baş vermədi. Bunun da əsas səbəbi OPEC-in qərarları oldu. OPEC ölkələri cari il üçün səylərini ona yönəldirlər ki, neftin qiyməti 80 dollar ətrafında olsun, aşağı düşməsin. Eyni zamanda, neftin qiymətinin atmasına mane olan bir neçə amil də var. Baxmayaraq ki, ötən ilin sonunda husilərin gözlənilməz peyda olmaları və Qırmızı dənizdə törətdikləri silahlı hücumlar nəticəsində gəmilərin 60 faizi Afrikanın cənubundan keçdi. Yüklər Süveyş kanalını bir günə keçirdisə, indi 9 gün əlavə yol gəlir ki, Afrikanı dolansın. Bu da xərcləri artırır. Bununla belə biz gördük ki, yeni il başladı və nə neftin, nə də qazın qiyməti artdı. Əslində, enerji bazarındakı indiki qiymətləri normal hesab etmək olar. Neftin qiymətlərini yüksəlməyə qoymayan həm də dünya iqtisadiyyatının daha aşağı templə inkişaf etdiyinə dair məlumatlardır. Çox maraqlıdır ki, Rusiyadan tutmuş Çində, Avropanın şimalında soyuq havalar hökm sürür. Son 5 ildə əgər orta temperaturu götürsək, ondan da kifayət qədər aşağıdır. Bununla belə qiymətlər artmır, istehlak artır, ehtiyac kifayət qədərdir, amma qiymət dəyişmir. Anbarlarda ehtiyat kifayət qədərdir. İkinci bir tərəfdən həmin ehtiyatı qısa müddətdə anbarlardan istifadə etmək məsələsi ilə bağlı da təlaş var. Nəyə görə? Havaların soyuq olması, bir tərəfdən də kifayət qədər aşağı külək sürəti Avropanın əksər yerində külək turbinlərindən alınan enerji üçün yetərli bir hava axını yaradıb. Yəni, çovğun insanlar üçün soyuq gətirib, lakin bununla belə, bütün turbinləri kifayət qədər komfortla hərəkət etdirir ki, nəticədə alternativ mənbələr hesabına elektrik enerjisi istehsalı artır. Məsələn, elə gün olur, ümumi elektrik enerjisi balansında enerjinin 39-46 faizi ancaq küləkdən alınır. Ümumilikdə isə məsələn, 2023-cü ildə Avropada küləkdən alınan enerjinin payı 15 faiz olub. Bu göstərici ilbəil artır. Bu artım Çində də müşahidə olunur. Bütün bu proseslər alternativ enerjiyə kapital qoyuluşunu da artırır. Bu günlərdə oxudum ki, ötən il dünyada alternativ enerji mənbələrinə edilən kapital qoyuluşu 500 milyard dollardan çox olub. Bu, ənənəvi enerjiyə, yəni neft, qaz yataqlarının istismarına çəkilən kapital xərclərini üstələyib.

– Belə çıxır ki, dünyada ənənəvi enerjiyə tələbat azalır. Bu, neft və qaz hasilatı ilə məşğul olan ölkələr üçün hansı riskləri yarada bilər?

–  Yaxın perspektiv üçün proqnozlar belədir ki, əgər cari il üçün neftin qiymətinin 75-80 dollar dəhlizində dəyişəcəyi proqnoz edilirsə, 2025-2026-cı ildə bunun 65-70 dollar dəhlizində ticarət ediləcəyi ilə bağlı proqnozlar var. Qeyd etdiyim kimi, artıq dünya ölkələri alternativ enerjiyə keçid edirlər. Bu isə təbii ki, neft ölkələri üçün risklər yaradır. Bu risklər 2020-ci ildən başlayaraq özünü göstərməkdədir. Pandemiya zamanı bazara nə qədər az ənənəvi enerji çıxarıldısa, bu sahəyə az sərmayə qoyuldusa, alternativ enerji sahəsində tam əksi müşahidə edildi. Bu sahədə həm sərmayə qoyuluşu azaldılmadı, həm də istehsal prosesi dayandırılmadı. Dördüncü ildir ki, alternativ enerji ənənəvi enerjini üstələyir. Qeyd edirlər ki, 2030-cu ildə dünyada neftin pik istehlak dövrü olacaq, 2031-ci ildən isə dünya enerji balansında ənənəvi enerjinin payı üzüaşağı gedəcək.

 2035-ci ildən isə bu hal təbii qazla bağlı müşahidə edilməlidir. Bəzi Avropa ölkələri artıq indidən qarşıdakı 11 illik dövr üçün hazırlaşıblar. 2035-ci ildən sonra onlar nə avtomobil benzini, nə dizel yanacağı, nə də təbii qazdan istifadə etmək niyyətindədirlər.

– Azərbaycan hansı risklərlə qarşı-qarşıya qala bilər? Neft və qazdan gələn gəlirlər nə qədər azala bilər?

– Nəzərə alsaq ki, neft hasilatı 2010-cu ilin III rübündən Azərbaycanda özünün pik həddinə çatıb və sonrakı dövrlərdə azalmağa başlayıb və həmin azalma bu gün də davam etməkdədir. Təbii ki, 2024-cü ilin ilk rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda yeni platformanın istifadəyə verilməsi ilə azalma templəri bir qədər səngiyəcək, amma hasilatın azalması davam edəcək. Ölkəmizdə istismarda olan yataqların böyük əksəriyyəti özlərinin qocalıq dövrünü yaşayırlar, ən iri neft aktivi sayılan “AÇG” blokunun çıxarıla biləcək ehtiyatlarının isə mümkündür ki, artıq 60 faizdən çoxu mənimsənilib və azalan hissənin çıxarılması geoloji şəraitdən asılı olaraq təbii ki, çətinləşir. Bu, o demək deyil ki, sabah, ya da birigün neftimizin bitəcək. Neft hasilatı azala-azala o zamana qədər davam edəcək ki, ehtiyatların quyulardan çıxarılması kommersiya baxımından rentabelli olsun, daha doğrusu, onun satışından gələn qazanc hasilata çəkilən xərcləri istehsalçının mənfəət marjası da daxil üstələsin. Bu proses onilliklərlə davam edə bilər. Hazırda bizim əsas gəlirlərimiz neft vəsaitləri hesabına formalaşır. Hələ uzun illər də neft və qaz sektorunun gəlirlərindən asılı olacağıq. Neft və qeyri-neft sektoru arasında çox böyük disbalans mövcuddur. Məsələn, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın yanvar sayında qeyd olunub ki, ötən il Azərbaycanın ümumi ixracında qeyri-neft sektorunun payı 3,3 milyard ABŞ dolları təşkil edib, amma 3,3 milyard dolların faktiki olaraq milyard dolları məhz qaz məhsuludur. Əgər bizim resursumuz olmasa, karbamid, etanol, elektrik enerjisi ixrac edə bilmərik. Əslində, real olaraq neft-qaz resursuna bağlı olmayan qeyri-neft ixracımız heç 10 faiz də deyil. Bunu birdəfəlik bilmək lazımdır. Ona görə də neft-qaz və neft məhsulları Azərbaycanın ümumi ixracının 92 faizini təşkil edir.  Biz qeyri-neft sektoruna bütün dövrlərdə məşğulluq kimi baxmışıq. Məsələn, aqrar sektorda ölkənin yarısı, təxminən, 5 milyon insan çalışır. Həmin insanlar heç 5 milyon dollarlıq məhsul ixrac etmir. Ona görə bu sahəyə məşğulluq kimi baxılmamalıdır, ciddi yanaşılmalıdır. Biz əlavə dəyər gətirən sahələrə üz tutmalıyıq.

– Yaxın gələcəkdə Azərbaycanda neft hasilatı azalacaq. Bu da istər-istəməz neft gəlirlərində azalma ilə nəticələnəcək. Qazdan gələn gəlirlər neft gəlirlərindəki azalmanı nə dərəcədə kompensasiya edəcək?

– Növbəti illərdə Azərbaycanın neft hasilatı, ən azı, iki dəfə azalacaq. Belə olan şəraitdə qaz nefti əvəz edə bilmir. Qaz bir neçə amildən asılıdır. Neftin maya dəyəri12-14 dollar arasındadır, lakin onu 70-80 dollara satırıq. Neftin nəqli isə Səngəçaldan Ceyhana qədər bareli cəmi 4 dollardır. Təsəvvür edin ki, qazı 300 dollara satırıqsa, onun maya dəyəri 100 dollardır, 50 dollar da daşınma xərcidir. Qazın maya dəyəri çoxdur. Ona görə ki, nefti 3 min 200 metrdən, qazı isə “Şahdəniz”dən 6,8, 7 km, “Abşeron”dan isə 7 min 100 və ya 7 min 300 m dərinlikdən çıxarırıq. Hər 100 metr aşağı düşəndə təzyiq artır. Qurğular təzyiqə davamlı olmalıdır. Bunun üçün xərclər çəkilməlidir. Yəni xərclər artır, qiymətlər bahalaşır. Vaxtilə 2011-ci ildə neftdən gələn mənfəət 20 milyard idi. 2022-ci ildə “Azəri-Çıraq-Günəşli”dən 9,98 milyard gəlirimiz oldu. Bu il isə 6,8 milyarda düşdü – 1 ilə 3,1 milyard azaldı. Gəlirimiz 30 faiz aşağı düşdü. Hökumət proqnoz edib ki, gələn il üçün hasilat 1 milyon azalacaq. Əlbəttə, qiymətlər indiki səviyyədə olsa belə, gəlirimiz 6,8 deyil, 5,5 milyard olacaq, çünki real xərclərimizi də bilmirik. Qazdan gələn gəlir neftlə müqayisədə iki dəfə azdır. Digər tərəfdən, “Azneft”in hasil etdiyi neft bizim emal müəssisəsində emal olunur. Bu, ölkəmiz və ixrac üçün yetərlidir. “Azneft”in istehsal etdiyi qaz Azərbaycanın istehlak etdiyi qazın cəmi 43,44 faizinə yetərlidir. Yerdə qalan qazı xarici ölkələrdən və şikətlərdən alırıq. 2023-cü ildə iki ölkədən qaz idxal etmişik və bizə xeyli endirim ediblər. Yenə də təqribən, 2,5 milyard kubmetr qaz idxal etmişik. Bu da əlavə xərcdir. Bu pulu qazın mənfəətindən veririk. “Şahdəniz”dən öz daxili bazarımız üçün ildə 4 milyard kub qaz alırıq. Ümumilikdə isə qaz istehlakımız 13,5- 14 milyard arasında dəyişir.