Neft qiymətləri – proqnozlar dəqiqləşdirilir – İlham Şaban

15:47 29.04.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bazar nəyi diktə edir, neft də o qiymətə satılır

Ötən illə müqayisədə bu il neftin qiymətində müəyyən canlanma müşahidə olunur. Proqnozlara görə, dünyada pandemiya ilə bağlı davam edən təxminən, birillik gərginlikdən sonra enerjiyə olan tələbatın yenidən artması bazarda müsbət meyillərin davam etməsi ilə nəticələnəcək. Mövzu ətrafında müsahibimiz Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabandır.

- İlham müəllim, ABŞ və Rusiya arasındakı gərginlik fonunda neft bazarında ciddi tərəddüdlərin müşahidə olunacağı proqnozlaşdırılır. Bu barədə sizin proqnozlarınız nədən ibarətdir?

- ABŞ və Rusiya arasında siyasi gərginlik nə dünənin, nə də bu günün problemidir. Bu üzunmüddətli bir prosesdir,  Baydenin hakimiyyətə gəlişindən qaynaqlanan məsələ deyil. Cari ilin əvvəlindən neftin bir barelinin qiymətinin 60 dollardan yuxarı səviyyədə qalması onun göstəricisidir ki, bu sadəcə ABŞ-Rusiya münasibətlərindən doğan məsələ deyil. 1980-ci illərdə ABŞ və SSRİ arasında qarşıdurmanın pik həddində neftin qiymətinin gah 40, gah 20 dollar olması belə bu gərginliyin nəticəsi deyildi. Baxmayaraq ki,indinin özündə belə istər politoloqlar, istər iqtisadçılar, istər jurnalistlər olsun, məhz SSRİ-nin dağılmasını ABŞ-ın istəyi ilə həmin dövrdə neftin 20 dollara qədər ucuzlaşması ilə əlaqələndirirlər. Bu yanaşma ilə onda neftin qiyməti 148 dollardan 30 dollara düşəndə çoxlu sayda dövlət, o cümlədən Rusiya yer üzündən silinməli idi. Yəni deməyim odur ki, neftin qiyməti heç də iki dövlətin arzusunun və bir-birinə siyasi daş atmasının nəticəsi deyil. Dünyada 70 dövlətdə, o cümlədən 40 ölkədə kifayət qədər həcmdə neft çıxır. Neft bazarı qlobal bir bazardır, bu bazarı monopollaşdırmaq arzusu bəlkə də olub. Bu, arzu olaraq da qalıb. Bazar nəyi diktə edir, neft də o qiymətə satılır. Bu baxımdan, ABŞ və Rusiya arasında münasibətlərin bazarın formalaşmasında aparıcı rolu yoxdur. Bəli, bu münasibətlər təsirsiz ötüşmür, amma qiyməti yenə də bazar formalaşdırır. Sadəcə, müəyyən bəyanatlar, çıxışlar olan zaman bu birjalarda qısamüddətli təsirlə müşahidə olunur.

- Son günlər neftin qiymətində artım müşahidə olunur. Bunun səbəbi nədir və 2021-ci ili neft hansı qiymətlə başa vura bilər?

- Əgər biz 2020-ci ilin noyabrında 2021-ci illə bağlı verilən proqnozlara baxsaq görərik ki, brent markalı neft 2020-ci ili orta qiymət olaraq 42 dollarla başa vurur. Proqnoza görə 2021-ci ildə neftin orta qiyməti 47-48 dollar olmalıdır. O zaman proqnoz bu idi. 2021-ci il yaxşı gəldi və fevral ayında proqnozlara edilən korrektələr bunu göstərirdi ki, proqnozlar yüksəlib və neftin orta qiyməti 52-54 dollar proqnozlaşdırılır. Birinci rüb başa çatarkən, artıq brent markalı neftin orta qiyməti 62 dollar oldu. İndi ilin dördüncü ayını geridə qoyuruq, brent markalı neftin orta qiyməti 65 dollardan yuxarıdır. Bu həftə sonuna qədər artıq biz onu müşahidə edəcəyik ki, ilin birinci rübünün yekunları üzrə həm şirkətlər, həm də dünyanın aparıcı ölkələri iqtisadi göstəriciləri açıqlayacaqlar. Bu göstəricilər açıqlandıqdan sonra cari ilin iqtisadi yekunları ilə bağlı ilk korrektələr ediləcək. Bu, təqribən, may ayının ortasında baş verəcək. May ayının ortasında, demək olar ki, ilin ortası yaxınlaşır. Həmin korrektələrdə qeyd olunacaq ki, postpandemiya dövrünü dünya necə qarşılayır, dünya həqiqətənmi “V” şəkilli inkişafa nail olunacaq və s. Yəni ötənilki çöküş həmin sürətlə artıma doğru hərəkət edə biləcəkmi? Dünya 2020-ci ildə qarşılaşmadığı, proqnoz etmədiyi, sürpriz bir halla üzləşdi. Ümumilikdə, dünya ötən bir ərzində ruhən COVID-ə öyrəşdi. Məsələn, radarla dünyada təyyarələrin, o cümlədən gəmilərin hərəkətinə baxıram və görürəm ki, bir il əvvəllə müqayisədə vəziyyət xeyli dəyişib, hərəkətin intensivliyi təqribən 10 dəfə artıb. Ona görə enerjiyə olan tələbat ötən illə müqayisədə kifayət qədər yüksəlib. OPEK-in ötən ilin aprel ayında olan hesabatına baxsaq görərik ki, həmin vaxt qeyd olunurdu ki, dünyada 20 milyon barel neftə olan tələbat azalıb. İndi qeyd olunur ki, artıq cari ildə 94-95 milyon neftə tələbat olacaq. Bu da pandemiyadan əvvəlki tələbatdan, təxminən, 5 milyon aşağı göstəricidir və yaxşı hal hesab oluna bilər. Deməli, artıq zavod, fabriklər şok mərhələni keçiblər, dünya sərhədlər bağlı şərəitdə hərəkəti və ticarəti davam etdirməyin yollarını tapıb, eyni zamanda, insanlar da pandemiya şəraitində necə, hansı rejimlərdə işləməyə alışıblar. Bu da istər-istəməz enerjiyə olan tələbatı artırır. OPEK də bu vəziyyətdən çıxış edərək may ayının 1-dən gündəlik hasilatı 350 min barel artıracaq. İyulda isə 450 min barel artırılması nəzərdə tutulub. Bazar da bu qərarı yaxşı həzm edə bildi. Biz görürük ki, neftin hazırkı orta qiyməti 65 dollar ətrafındadır. Bu qiymət iyulun ortaları üçündür. İyulun 21-dən sonra növbəti dövr üçün daha dəqiq proqnoz vermək mümkün olacaq.

- ABŞ Rusiyanı “Şimal Axını-2” kəmərinə yeni sanksiyalar tətbiq edəcəyi ilə bağlı yenidən hədələyir. Bu kəmərə tətbiq olunacaq əlavə sanksiyalar Azərbaycanın Avropaya qaz ixracatında hansı təsirləri ola bilər?

- Bunun bizim üçün heç bir əhəmiyyəti yoxdur, çünki bizim qaz İtaliyaya gedir. Şimal axını vasitəsilə Avropaya gedən qaz isə Almaniyaya daxil olur. Almaniya ilə İtaliya, Yunanıstan arasında 1700-2000 km fərq var. Yəni, bu xətlər heç yerdə kəsişmirlər. Ona görə də biz nəzərdə tutulduğu həcmdə qaz ixcracını davam etdirəcəyik.

- Bu gün ən çox müzakirə olunan mövzulardan biri də Neft Fondundan işğaldan azad edilmiş ərazilərin bərpasına əlavə vasaitin yönəldilməsi məsələsidir. Belə təkliflər var ki, sözügedən Fonddan hər il 5-6 milyard dollar vəsait ayrılarsa, ərazilərin sürətli bərpasına nail olmaq mümkündür. Sizcə, Neft Fonduna toplanan vəsaitlərin Qarabağın sürətli bərpasına yönəldilməsi nə dərəcədə effektli ola bilər? 

- Qarabağın bərpası üçün ya beynəlxalq maliyyə qurumlarından kredit götürülə, ya dövlət büdcəsindən ilbəil vəsait ayrıla, ya da Dövlət Neft Fondunun vəsaiti xərclənə bilər. Əslində, dövlət büdcəsinin elə 50 faizi Dövlət Neft Fondundan gələn vəsaitlər hesabına formalaşır. Ümumiyyətlə, sürətli bərpa deyəndə nə nəzərdə tutulur. Məsələn, bir evi 3 aya da, bir ilə də tikmək olar. Üç aya tikilən ev növbəti 6 aydan sonra çat verə bilər. 3 aya tikilən ev sizə lazımdırmı? Digər tərəfdən, 4-5 aya yol çəkmək olar. Bir ildən sonra həmin yol darmadağın olacaq. Əslində, iki ilə yaxşı yol tikmək olar ki, həmin yolda azı 10 il istifadəyə yararlı ola bilər. Yəni, xərclənən hər pulun mənfəətinin rentabelliyinə baxmaq lazımdır. Məsələn, biz demək olar ki, hər rayonda bir aeroport tikmək istəyirik. Gəlin görək, onların hamısı rentabelli olacaqmı? Qarabağın bərpasına 100 miyard dollar da xərcləyə bilərik, 20 milyard dollar da xərcləyə bilərik, amma eyni mənfəəti görəcəyik. Bu baxımdan məsələyə rentabellik nəzərə alınmaqla yanaşmaq lazımdır.