Dünəndən bəri əksər kütləvi informasiya vasitələrində “Bakı Nəqliyyat Agentliyi ləğv olundu” başlığı ilə xəbərlər dolaşmaqdadır. Buna səbəb isə Prezident İlham Əliyevin “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” imzaladığı yeni fərmandır. Qərar paytaxtda yüksək keyfiyyətli nəqliyyat işinin təşkilini həyata keçirmək məqsədilə verilib və buna əsasən Bakı Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə keçirilib.
Ancaq sözügedən hal BNA-nın ləğv olunması mənasına gəlmir. Hafta.az tətbiq olunacaq yeniliklərin nələri ehtiva etdiyini və gələcək perspektivlərlə bağlı yaranmış sualları ekspertə ünvanladı.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev saytımıza açıqlamasında bildirdi ki, BNA ilə bağlı dəyişikliyə indidən şərh vermək bir qədər tez olsa da, nəticələrin müsbət olacağı istisna deyil:
“Qurum 3 ay sonra prezidentə hesabat verməlidir. Gözləyib görmək lazımdır ki, bu müddət ərzində nələr baş verəcək. Ümumilikdə isə nəqliyyat agentliyinin şəhər meriyasının tabeliyində olması çox müsbət haldır. Qərarların qəbul olunmasında əngəllərin aradan qalxmasında mərkəzdən idarəedilmənin üstünlükləri var. Nəqliyyat deyəndə təkcə avtobus, taksi və parklanmadan söhbət getmir. Həmçinin mobillik, inkluzivlik, dayanıqlı şəhər layihəsi əsas götürülür ki, burada səkilərin vəziyyəti, binaların giriş-çıxışlarında bariyerlərin olması da nəzərə alınır”.
R.Ağamirzəyevin sözlərinə görə, bu günə qədər, nəqliyyatın təşkilində yaranmış maneələrin aradan qaldırılması ilə məşğul olan qurumlar fəqli idisə, artıq belə problem olmayacaq:
“Bəzən cəmiyyətdə, yaxud sosial mediyada vəziyyətə pessimist yanaşma olur. Ancaq mən mövzuya daha optimist yanaşıram. Qabaqcıl dünya ölkələrinə nəzər salanda görürük ki, şəhər nəqliyyatının idarə olunması həmin şəhərin meriyasının tabeliyindədir. Biz nəqliyyat dedikdə avtobuslara köklənməməliyik, bu bir qədər primitiv yanaşma olar. Şəhər nəqliyyatı kompleks anlayışdır. Bura səki, yol, avtobus, taksi yaxud metro daxil edilir. İnkluzivlik dedikdə biz nəyi nəzərdə tuturuq? Şəhərdə görmə və eşitmə əngəli olan insanların rahat hərəkətinə şərait yaradılmalıdır. Məsələn "Bakubus"da əvvəllər dayanacaqlar barədə səsli elan gedirdi. İndi isə artıq bu elanlar yoxdur. Mən müraciət etmişəm hələ ki rəsmi cavab gəlməyib. Əslində bu inkluziv şəhərin bir hissəsidir. Əgər fikir vermisinizsə görərsiniz ki, marşurutlardakı "stop" düymələrinin üzəri dığır-dığır olur. Bu da gözdən əlil şəxslərin hissiyatına əsasən yaradılmış funksiyadır”.
Tıxac məsələsinə gəldikdə isə ekspert deyir ki, burada əsas səbəb kütləvi avtomobilləşmənin getməsi və tələbə uyğun təklifin olmamasıdır. Bu baxımdan da yarana biləcək neqativ halların qarşısını almağa yeni qərar kömək edəcəkdir:
“Deyə bilərəm ki, avtobusların hərəkəti üçün ayrılmış zolağa digər avtomobillərin daxil olmasını görürük. Bəzən zolaq hissədə ağaclar avtobusu zədələməsin deyə sürücü nəqliyyat vasitəsini zolaqdan kənarda sürür. Hansı ki bu amil tıxac yarada bilir. Ağacların avtobuslara maneə törətməsinə Yaşıllaşdırma Təsərrüfatı Birliyi nəzarət edir. Sözügedən qurum da Bakı şəhəri İcra Hakimiyyətinin tabeliyindədir. Avtobus üçün ayrılan hissədən digər avtomobillər də istifadə edir. Baxmayaraq ki, yalnız dönən maşınlara icazə verilib”.